Reklam

Bu marşrutun sürücüləri dövlətin qoyduğu qaydaları saymır – "Çinar Trans"

Yazarlar 12 İyul 2017 10:32 Oxunub 4023
Bu marşrutun sürücüləri dövlətin qoyduğu qaydaları saymır – "Çinar Trans"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkətin sürücüləri sərnişinlərdən nağd pul tələb edib kart sistemini bəyənmir

Bakıda sərnişindaşıma fəaliyyəti göstərən "Çinar Trans" şirkətinin avtobuslarından və həmin avtobusların sürücülərinin özbaşınalıqlarından dəfələrlə yazılıb, deyilib. Lakin heç bir dəyişiklik yoxdur. Dəyişən ancaq odur ki, şirkət hərdən yeni avtobuslar alır. Amma o avtobusları sürənlərin və bu şirkəti idarə edənlərin təfəkkürü dəyişmir. Avtosfer.az bildirir ki, "Çinar Trans" şirkətinin sürücüləri yenə də yol hərəkəti qaydalarını pozur, sərnişinləri harada gəldi mindirib-düşürür və buna adi hal kimi baxırlar. Bu azmış kimi, bir ildən çoxdur sərnişindaşımada kart sisteminə keçid prosesi həyata keçirilsə də "Çinar Trans" şirkətinin sürücüləri sərnişinlərdən nağd pul da qəbul edirlər. Bu azmış kimi, şirkətə məxsus 88 saylı avtobusların sürücüləri sərnişinlərdən zorla pul tələb edir, kartdan istifadə edən sərnişinləri isə acılayırlar.

Aqil Əliyev adlı oxucu "Çinar Trans" şirkətinin 88 saylı avtobusu barədə bunları yazıb: "88 saylı avtobus neçə vaxtdır kart sisteminə keçməsinə baxmayaraq camaat hər dəfə şikayət edir ki, sürücülər qəpik alır, hətta tələb edir. Bu gün 10-TH-406 dövlət nömrə nişanlı avtobusun sürücüsü sərnişinlərə deyir ki, "kartı neynirəm e, mənə pul verin". Bu nə deməkdir axı? Bunlara niyə nəzarət yoxdur? 88 kart sisteminə keçəndən bəri bu şikayətlər həmişə olub".

Bütün bunlar o deməkdir ki, "Çinar Trans" şirkəti dövlətin müəyyən etdiyi qaydaları qəbul etmir və ya, özünü qəbul edibmiş kimi göstərib özbaşınalıq edirlər. Onların nağd pul qəbul etməsi və tələb etməsi sərnişinləri də çaş-baş salıb. Sərnişinlər onsuzda hansı avtobusun hansı şirkətə məxsus olduğunu bilmir. O üzdən bir avtobus kartla, digəri nağd pulla işləyəndə çaşqınlıq yaranır. İndi insanlar bilmir ki, karta pul yükləsin, yoxsa nağd ödəniş etsin?

"Çinar Trans" şirkətinin avtobuslarının qayda pozması isə adi hala çevrilib. Artıq vətəndaşlar da narazılıq edir: "Dünən 88 saylı avtobusun sürücüsünün heç bir qanuna və etikaya sığmayan növbəti həyasızlıgının şahidi oldum. Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsinə 100 metr qalmış 1-ci sol yolda dayanaraq hərəkətin çox intensiv olduğu yerdə 4-cu yolda olan dayancaqda düşmək istəyən sərnişinləri yolun ortasındaca qapını açıb düşürdü. Bu zaman 2-ci yolla gələn avtomobil az qala sərnişini əzib keçəcəkdi. Bu barədə 141 xidmətinə öz mobil telefonumla zəng edib məlumat verdim. Dövlət nömrə nişanı 410 idi. 141-ə seriyasını da dedim. Tədbir gorüləcəyini dedilər mənə".

Ümid edirik ki, insanların həyatını təhlükəyə atan, qayda-qanunlara qarşı özbaşınalıq edən, dövlətin müəyyən etdiyi qaydaları saymayan "Çinar Trans" şirkəti ilə bağlı lazımı ölçü götürüləcək.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh