"Bu qiymətlər heç bir sürücünün ürəyincə deyil" - Sürücülərin parkomat dərdi
Hazırda paytaxtda 300-ə yaxın parklanma yeri var. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov cebhe.info-ya açıqlamasında belə deyib. Onun sözlərinə görə, əgər kimsə qiymətlərdən narazılıq edirsə, aidiyyatı quruma yazılı müraciət etməlidir. V.Əsədov bildirib ki, 1 manat parklanma üçün 1 manat pul ödəməyən, qanunu pozan sürücü bunun müqabilində daha çox ödəməli olur: “Dünənə qədər Bakı şəhəri ərazisində avtomobillərin park edilməsi ilə bağlı heç bir şərait yox idisə, hazırda 70-dən artıq küçə və prospektlər üzrə 300-ə yaxın parklanma yeri var. Hazırda şəhərin mərkəzi küçələrində mərtəbəli, 7-dən artıq qapalı avtomobil duracaqları da tikilib istifadəyə verilib. Sürücülərin gileylənməyə mənəvi haqları da yoxdur. Düzdür, onların işinə qarışmıram. Amma hesab etmirəm ki, avtomobillərin park edilmə qiyməti yüksəkdir. İstənilən duracaq 15 dəqiqə ərzində pulsuz fəaliyyət göstərir. Bir saatın qiyməti isə 1 manatdır. Narazı vətəndaşlar qiymətlərin aşağı salınması ilə əlaqədar aidiyyatı quruma şikayət etməlidir. Kimsə qiymətdən narazıdırsa, buna etiraz olaraq avtomobilini istədiyi yerdə park etməməlidir. Əks halda Dövlət Yol Polisi avtomobilin düzgün park edilməməsinə görə 20-40 manat məbləğində cərimə yazacaq. 1 manat bahadır, başa düşdüm, bəs yol polisinin yazdığı cərimə necədir? Hansını ödəmək daha rahatdır?”.
V.Əsədov sürücü kimi parklanma qiymətinin aşağı salınmasının tərəfdarı olduğunu deyib: “Yol polisi olaraq parkolunma qiymətinə münasibət bildirməkdə çətinlik çəkirəm. Sürücü olaraq tərəfdarıyam ki, parkolunma qiyməti aşağı salınsın. Şifahi deyil, sivil formada, yazılı qaydada müraciət etmək olar. Sürücülərin dili ilə desək, 1 manat çox böyük məbləğdir. Çox istəyərdim ki, avtomobillərin park olunmasının 2 saatı 50 qəpik olsun. Qiymətin aşağı salınması həm sürücülərin narazılığını aradan qaldırar, həm də parkolunmadan imtina edildiyi üçün yollarda yaranan tıxacların qarşısı alınar. Amma öncə bilik, bacarığımızı ortaya qoyub düzgün idarəetməni öyrənməliyik, daha sonra qiymətlərin yenidən tənzimlənməsi tələb olunmalıdır”.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da Cebhe.info-ya açıqlamasında deyib ki, qiymətlər reallığı əks etdirmir: “Qiymətlərin tənzimlənməsi normal sürətdə aparılmır. Bu cür parkomatlar dövlət hesablına tikilərək MMC-lərə icarəyə verilir. Hazırki qiymətlər Bakı şəhər meri Hacıbala Abutalıbovun imzası ilə təsdiqlənib. Amma düşünürəm ki, Tarif Şurası bu qiymətlərə nəzər salmalıdır. Bu qiymətlər heç bir sürücünün ürəyincə deyil, bahadır. Və parkamatda təhlükəsizlik nə dərəcədədir, bu da bəlli deyil. Yazılır ki, parkamatda itən əşyalara görə cavabdehlik daşımırlar. Bu qimyətin müqabilində məsuliyyətdən də yan keçirlər”.