Caspian NavTel şirkəti Cocuq Mərcanlını naviqasiya sisteminə saldı
Yol hərəkətinin təşkili ilə bağlı problemlərin həllinə təkcə dövlət qurumları çalışmır. Caspian NavTel şirkəti də bu sahəyə öz tövhəsini verməkdədir. Ölkəmizin ən qabaqcıl naviqasiya şirkəti olan Caspian NavTel şirkətinin baş direktoru Rizvan Cəfərovla söhbətimiz bu sahədə görülən işlər və gözlənilən yeniliklərlə bağlıdır.
- Respublika üzrə yol nişanları ilə bağlı CaspianNavTel şirkəti müəyyən işlər görüb. Ötən müsahibədə bu məsələyə toxunmuşduq. Hazırda bu işlər nə yerdədir, nə qədər iş görülüb və əsas işlər nədən ibarətdir?
- Ümumiyyətlə, hər bir işimizi planlı şəkildə görürük. Yol nişanları ilə əlaqədar əsas planın dörd mərhələləri bunlardır: Bakı və Abşeron üzrə yol nişanlarının bazasını yığmaq; respublika əhəmiyyətli maqistral yollarında olan yol nişanlarının bazasını yığmaq; yığılmış bazanı xüsusi elektron xəritəsi olan proqrama inteqrasiya etmək; hazır məhsulu yoxlamaq və istifadəçiyə təhvil vermək.
Hal-hazırda əməkdaşlarımız Bakı və Bakıətrafı əraziləri yekunlaşdırıblar və Abşeron rayonu ərazisində olan küçələrdəki yol nişanlarının geydiyyatına başlayacaqlar. Bu isə Abşeron yarımadasının 80% işinin tamamlanması deməkdir.
Pilot olaraq Respublika əhəmiyyətli yollardan ikisini işləmişik. Ümumilikdə isə öhdəmizə düşən işləniləcək ərazilərdən 50%-nin işlənməsi yekunlaşıb.
Baza üçün yol nişanlarının məlumatlarını yığarkən nişanın coğrafi mövgeyini (koordinatlarını), onun qanunvericilikdə olan markirovkasını və texniki vəziyyətini qeydiyyata alırıq.
Praktikamızda elə faktlar da olub ki, ziddiyət təşkil edən nişanlar kombinasiyası aşkar etmişik və yaxud sürücünü çaşqınlığa salacaq yenilənmiş, lakin köhnəsi hələ də yerindən götürülməmiş nişanlar qeydə almışıq. Əlbəttə ki, bu barədə dərhal aidiyyatı quruma xəbər vermişik.
- Taksi şirkətləri Azərbaycanda çoxalır. Demək olar ki, hər ay bir taksi şirkəti yaranır. Hər halda, bunlara naviqasiya sistemi lazımdır. Sürücülərin şirkət tərəfindən izlənilməsi, məlumatların toplanması, elektron xəritə və s. Yəni bunlar taksi sürücüləri üçün lazımdır. Bu xəritələri siz hazırlayırsınız. Şirkətlərin əksəriyyəti sizinlə işləyir və bu xəritələrdə tanınmış obyektləri tam əks etdirə bilirsinizmi? Sürücülər sizin bu xidmətlərdən istifadə edərkən narazılıq etmirlərmi?
- Bildiyiniz kimi, CaspianNavTel şirkəti elektron xəritəçəkmə və naviqasiya sahəsində fəaliyyət göstərir. Hazırladığımız electron xəritəni müxtəlif sistemlərə inteqrasiya edə bilirik. Bəli, qeyd etdiyiniz kimi, son zamanlar taksi, kuryer, müxtəlif qida və yük çatdırılmaları ilə məşqul olan şirkətlər artmaqdadır. Bütün bunların əsas gəlir konsepsiyası müştərini və ya onun yükünü bir ünvandan o biri ünvana düzgün çatdırmaq və məsafəyə müvafiq ödənişi hasablamaqla olur. Bu məlumatlar isə dəqiq və aktual xəritə əsasında öz reallığını tapır. Bizə bu fəaliyyət növləri ilə müraciət edən şirkətlərin dispetçer proqramlarına müxtəlif inteqrasiya həll yolları təklif edirik. Xəritəmizin aktuallığı isə gündəlik dəyişikliyi belə qeydə almağımızdır. İstifadəçilərimiz tərəfindən ünvanımıza hər hansı nöqsan və çatışmazlıq barədə məlumat daxil olan kimi məlumat operatorlarımız dərhal onu araşdırıb müvafiq qərarlar qəbul edirlər. Dispetçer proqramları ilə çalışan şirkətlərə nəinki xəritə üzərində tanınmış obyektlər və ünvanlar lazımdır, eləcə də məntiqli şəkildə ərazilərin bölüşdürülməsi də çox vacibdir. Bu işdə də biz onlara yardımçı oluruq.
- Beynəlxalq səviyyədə, yəni təkcə Azərbaycanda yox, kənarda nə kimi işlər qurmusunuz? Hansı şirkətlərlərlə əməkdaşlıq edirsiniz?
- Naviqasiya sahəsində bizim şirkət 9 ildir Rusiyanın Sankt-Peterburq şəhərinin “MİT Geomatics” MMC şirkəti ilə əməkdaşlıq edir. “MİT Geomatics” şirkəti “CityGuide” və onun törəmə naviqasiya proqramlarının istehsalçısıdır. Bu proqram ələxsus Rusiya və postsovet ölkələrində çox geniş istifadədədir.
Monitorinq izləmə sahəsində Belorusiyanın “Gurtam” şirkəti ilə əməkdaşlıq edirik. 2010 ildən etibarən “Gurtam” şirkətinin “Wialon” proqramı ilə nəqliyyat vasitələrinin monitorinqini həyata keçiririk.
Bu ildən də mərkəzi ofisi Moskva şəhərində yerləşən “İnfinity Trade LTD” şirkəti ilə əməkdaşlıq imzaladıq. Adıçəkilən şirkətin taksi fəaliyyəti üçün peşəkar proqramı olan “İnfinity Taksi” proqramını təklif edirik.
Təəssüflər olsun ki, sadaladığımız xidmətləri xarici şirkətlərlə əməkdaşlıq edərək həyata keçiririk. Lakin biz durmadan eyni keyfiyyəti verə biləcək yerli şirkətlər, yerli peşakarlar axtarışındayıq və artıq bəzi nəticələrimiz də var.
- Son vaxtlar Azərbaycana turist axını çoxalıb. Turistlərin də çoxu turizm şirkətlərinin xətti ilə gəlir. Turizm şirkətləri sizin qoyduğunuz yol xəritələrinə və naviqasiya sisteminəmaraq göstərirmi?
- Turizm şirkətlərinin bizimlə əməkdaşlıq edəni hələ ki, yoxdur. Azərbaycanda fəaliyyət göstərən bir çox səfirliklər və konsulluqlar bizim təqdim etdiyimiz naviqasiya proqramından faydalanirlar. Respublikamıza qonaq kimi gələn turistlər də fərdi olaraq naviqasiya proqramının əldə olunması üçün bizim ofisə müraciət edirlər. Əcnəbilər bizimlə Facebook , Instagram və digər sosial şəbəkələrdən maraqlanırlar, bəzilərinə isə öz dostları bizi məsləhət görürlər. Ümümiyyətlə, bizim xəritələr üç dildə istehsal olunur: Azərbaycan, rus və ingilis. Proqramın interfeys və səsləndirilməsi isə tam 17 dili dəstəkləyir. Qarşıdan İslam Həmrəyliyi Oyunları gəldiyindən ərəb ölkələrindən olan turustlərdə ölkəmizi ziyarət etməkdədirlər və sayları günü-gündən artır. Bu səbəbdən onlar üçün də proqramın rahat istifadəsi üçün bəzi planlarımız var.
- Yəni ki, xaricdən ilk dəfə Azərbaycana gələn sürücü sizin bu sistemlə ölkəni rahat gəzə bilər?
- Bəli, tamamilə doğrudur. Bu həm də turizmin inkişafı üçün faydalıdır.
- Azərbaycanda sizə rəqib ola biləcək belə bir şirkət və sistem varmı?
- Biz sağlam rəqabət aparırıq. Bəli, rəqib şirkətlər var, onlarla dost münasibətindəyik. Müdriyyət səviyyəsində hamımız bir-birimizi tanıyırıq. Biz bir-birimizə pis münasibət bəsləmirik. Bəzən öz aramızda məlumatlandırma və başqa məsələlərdə fikir mübadiləsi aparırıq. Bizdən başqa 3 şirkət də var ki, onlar da bu cür fəaliyyətlə məşğuldurlar.
- Bu yaxınlarda Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. Cənab Prezidentin göstərişi ilə orada təmir-tikinti işləri gedir. Siz onu da sistemə daxil etmisinizmi?
- Mütləq. Bizim bu yaxınlarda yeni xəritəmiz dərcə hazırlanır. Bir neçə gündən sonra dərc olunacaq. Orada Cocuq Mərcanlı kəndi və ora gedən nəqliyyat yolu da öz əksini tapıb.
Elməddin