Cərimələrdə yenə problem yarandı – Sürücülər çaşqınlıq içində! - FOTO

Yazarlar 1 İyun 2016 17:01 Oxunub 8947
Cərimələrdə yenə problem yarandı – Sürücülər çaşqınlıq içində! - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Qərarlı” cərimələr “qərarsız” oldu, cərimə məbləğləri dəyişdi, sürücülər çaş-baş qaldı

Daxili İşlər Nazirliyinin bir müddət əvvəl istifadəyə verdiyi e-xidmet.mia.gov.az sistemində yenidən problem yaranıb. Avtosfer.az xəbər verir ki, oxucuların çoxsaylı müraciətlərindən sonra cərimə protokollarının əks olunduğu xidmət saytın əməkdaşları tərəfindən yoxlanılıb. Problem ondan ibarətdir ki, haqqında qərar qəbul edilən, dəbbə pulu əlavə edilən, həmçinin 10 iş gününün keçmədiyi 10% güzəştli cərimələrin hamısı “Qərarsız” olaraq sistemdə görünür. Lakin DİN-in http://mia.gov.az/?/az/driverlicense/ bölməsindən yoxlanıldıqda, cərimələr doğru şəkildə göstərilir. Həmçinin Hökumət Ödəniş Portalında (gpp.az) da qərarlı cərimələrlə bağlı informasiya düzgün şəkildədir.

Yazıya əlavə edilmiş nümunədəki şəkillərə də baxa bilərsiniz. Sürücünün iştirakı ilə protokol tərtib edilib, ona may ayının 22-də 60 manat və 3 bal cərimə tətbiq edilib. Mayın 31-dək e-xidmet.mia.gov.az-da 54 manat (10% güzəştlə) qərarlı protokol kimi əks olunsa da, dünəndən qərarsız və 60 manatlıq cərimə kimi görünüb. Lakin paralel adıçəkilən digər vasitələrlə yoxlanıldıqda (mia.gov.az/?/az/driverlicense/ və gpp.az) cərimə məbləği 54 manat kimi göstərilir. Belə halda sürücülər arasında çaşqınlıq yaranır. Məsələn, qanun deyir ki, sürücü yalnız qərarlı cərimələrlə bağlı inzibati qaydada tənbeh edilə bilər. Bu halda sürücü e-xidmet.mia.gov.az-ı əsas gətirərsə, o hələ ki, cəriməsini ödəmə öhdəliyində deyil.

Məlumat üçün deyək ki, e-xidmet.mia.gov.az aprel ayında istifadəyə verilib. Lakin xidmətdə tez-tez bu tip texniki problemlər yaranır. Məsələn, 23 may və 25 may tarixlərində sürücülərin heç bir protokolu sistemdə əks olunmayıb. Cəriməsi, protokolu olan sürücülər tələb olunan bölmələri dolduraraq, axtarış etsə də “Cərimə tapılmadı. Şəxsi məlumatınızı yoxlayın” – mesajı ilə rastlaşıblar.

Digər bir uyğunsuzluq: şəkildəki nümunədə də gördüyünüz kimi, 60 manat cərimə tətbiq edilən sürücüyə http://mia.gov.az/?/az/driverlicense/ 3 cərimə balı göstərir, lakin https://e-xidmet.mia.gov.az saytında həmin qayda pozuntusuna görə cərimə balı – 0 kimi qeyd edilir.

Avtosfer.az kollektivi ümid edir ki, protokolların yoxlanılması üçün istifadəyə verilmiş “e-xidmet.mia.gov.az” texniki kollektivi işə daha diqqətli və həssas yanaşacaq, dəyişiklikləri test etdikdən sonra istifadəyə verəcək. Ən azı ona görə ki, bu, həvəskar sayt deyil, dövlət hesabına formalaşdırılan ciddi informasiya mənbəyidir.

 

Nurlan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh