Cəriməni ödəməyən sürücülərin diqqətinə - Qaydalar dəyişdi

Yazarlar 16 Dekabr 2017 01:12 Oxunub 4013
Cəriməni ödəməyən sürücülərin diqqətinə - Qaydalar dəyişdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobili addan-ada və texniki baxışdan keçirərkən surprizlə üzləşə bilərsiz...

Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında bır sıra qanunlara, eləcə də "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırılır. Dəyişiklik layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

Avtosfer.az bildirir ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilən bu layihə uzun illərdir sürücülərlə yol polisi arasında yaranan mübahisəyə son qoyur. Belə ki, indiyədək sürücülər Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahat şöbələrində avtomobili addan-ada keçirərkən, qeydiyyat və təkrar qeydiyyat prosesi zamanı onlardan avtomobilin üzərində olan cərimələrin (qərarlı və ya qərarsız) ödənilməsi tələb edilirdi. Yəni, sürücülər cərimələri ödədikdən sonra “təmizlik haqqında arayış” alaraq maşını addan-ada və texniki baxışdan keçirirdi. Bu isə qanunda mövcud olmayan bir hal idi. Çünki cərimənin olub-olmaması avtomobilin qeydiyyatdan, təkrar qeydiyyatdan və texniki baxışdan keçirilməsindən imtinaya səbəb ola bilməzdi. Amma təcrübədə bu hallar baş verdiyi üçün sürücülərlə yol polisi arasında mübahisələr baş verirdi. Bu gün parlamentin qəbul etdiyi dəyişiklik mübahisələrə son qoyur və məsələni tam konkretləşdirir. Belə ki, "Yol hərəkəti haqqında" qanunun 4-cü maddəsinin birinci hissəsinin 25-ci bəndinə "inzibati" sözündən sonra "xətalar haqqında" sözləri əlavə edilir. Qanunun 27-ci və 30-cu maddələrində nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və texniki baxışı ilə bağlı prosedurlar da dəyişir. Dövlət qeydiyyatı və texniki baxış zamanı nəqliyyat vasitəsinin sahibi nəzərdə tutulan rüsum və vergilərlə yanaşı yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələri də ödəməlidir. Əks halda nəqliyyat vasitəsi qeydiyyata alınmayacaq və texniki baxışdan keçirilməyəcək.

Qanunda deyilir ki, dövlət rüsumu, vergi və cərimələr yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməlidir. Yəni, burada əlbəəl ödəmədən söhbət gedə bilməz.

Qanunun IV-I hissəsinə aşağıdakı məzmunda 5-1-ci bənd əlavə edilib. Əlavədə göstərilir ki, İnzibati Xətalar Məcəllənin 57.1 - 57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması da nəqliyyat vasitəsinin qeydiyyatı, təkrar qeydiyyatı və texniki baxışdan keçirilməsi zamanı həyata keçiriləcək. Yəni, sürücü qərarsız cərimələr barədə bildirişləri həmin vaxt alacaq.

Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verilərkən onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi əleyhinə olan inzibati xəta haqqında iş tətbiq edilən cərimənin ödənildiyi barədə qəbz də təqdim edilməlidir. Yalnız bundan 30 dəqiqə ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və onun daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsi həyata keçirilməlidir.

Qanunun VI-I maddəsinin əvvəlki redaksiyasında deyilir ki, nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Yeni dəyişikliklərdə isə deyilir ki, bütün bunlarla yanaşı hazırda avtomobilin kim tərəfindən idarə edilməsi, yəni, sürücü barədə də məlumat verilməlidir.

Qanunun 30-cu maddəsinin VI-I hissəsinə 4-1-ci bənd də əlavə edilib. Əlavədə qeyd olunur ki, nəqliyyat vasitəsi texniki baxışdan keçirilərkən İnzibati Xətalar Məcəllənin 57.1 - 57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması həyata keçirilə bilər. Yəni, siz texniki baxışa gedərkən o vaxta qədər qeydiyyatda olduğunuz ünvana gəlməyən protokolları çap edib təqdim edəcəklər. Yalnız bundan sonra nəqliyyat vasitəsi müayinə ediləcək və texniki baxış talonu veriləcək.

“Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsində də dəyişikliklər edilib. Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması üzrə dəyişikliklər ondan ibarətdir ki, dövlət rüsumu ilə yanaşı şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmişyol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə də ödənilməlidir. Yəni, sürücülük vəsiqəsini dəyişən zaman adınıza olan cərimələr mütləq ödənilmiş olmalıdır ki, qəbzi təqdim edə biləsiniz. Vəsiqəni dəyişərkən ünvanınıza çatdırılması mümkün olmayan cərimələr barədə bildirişləri də sizə təqdim edəcəklər. Bununla bağlı həmin maddənin IV-I hissəsinə 1-1-ci bəndi əlavə edilib.

Odur ki, çalışın qaydaları pozmayın. Pozduqda isə cəriməni vaxtında ödəyin ki, sonra yeni problem çıxmasın.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh