Reklam

Çevrilmiş maşın və qəzadan sonrakı həyatdan yazdı - Şanslı adamsan

Yazarlar 20 İyun 2017 02:34 Oxunub 5102
Çevrilmiş maşın və qəzadan sonrakı həyatdan yazdı  - Şanslı adamsan
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qızım ağlayırdı, adamlara "onu xilas edin" deyə, bağırdım

Əgər ölməmisənsə, deməli, sənə heç nə olmayıb - çevrilmiş avtomobilin içərisində düşündüyüm ilk fikir bu oldu. Sonra qızımı səslədim, "sağam" dedi, sonra yoldaşım da "ölməmişəm" cavabı verdi.

Kəməri aça bilməyib arasından sivişib pəncərədən çölə çıxdım. Qızım ağlayırdı, adamlara "onu xilas edin" deyə, bağırdım. Minnətdarlıq etməyə söz yoxdur, onlar mələklərə döndülər. Qızım xilas oldu. Yoldaşımsa, ona halaldı, toxtaq idi. Deyirdi: "Qorxma, sağam. Bircə bu dar yuvadan çıxa bilim". Onu da çıxartdıq. 

Ölüm-itim çox görmüşəm. Hadisədən zərrə də şoka düşmədim. "Cerato" KİA, "RİO" KİA-ya dəydi, RİO əvvəl böyrü üstə, sonra arxası üstə çevrildi. Olduq kəllə-mayallaq. Tanış mənzərə idi. 1995-ci il, Qazaxın Bala Cəfərli kəndində  traktorla "pozitsiya"ya qalxırıq. Əsgərlər qaça-qaça gəlib ərazidə mina olduğunu dedilər. Sürücü özünü çaşdırb, traktoru sağa sürdü, ora da dərə. Aşdıq. O, öldü. Mən çətinliklə qurtuldum? sanki bu gün üçün məşq edirdim.

***

Eynisini Naxçıvani küçəsi ilə Ağasadıq Gəraybəylinin kəsişməsində yaşadım. Yolumun dibində "yol ver" nişanı varmış. Ağacların qanadları uzanıb və işarə görünməz olub. Görünməzliyin qaranlığına düşən təkcə mən deyilmişəm, haraya gəlmiş axsayan qadın, üzündə çapığı olan oğlan bu yerdə eyni aqibəti yaşadığını dedilər. 

Baş yoldan gələn sürücü də dostumdur. Gəldi, vurdu. 3 gün öncə ona çoxdandı görüşmədiyimizi yazmışdım. Avtomobildən düşüb, məni gördü və dedi: "Buyur, görüşdük". 

Mənim avtomobilim ələ gələn deyil, onun avtomobilinin də qabağı yoxdur. İnsanlığımızsa sap-sağlam yerindədir. Hadisə baş verəndə ölmədiyimiz üçün qucaqlaşdıq, ayrılanda hələ də sağ qaldığımız üçün. Ölməmisənsə, sənə heç nə olmayıb. 

***

Qohumlarıma, dostlarıma, həmkarlarıma, millət vəkillərimə, iş yoldaşlarıma, Facebbok dostlarıma  o qədər minnətdaram ki... Onların diqqətinə, məhəbbətinə, qayğısına adekavat cavab verim deyə, Allah məni mütləq ikinci dəfə yaratmalıydı. Bir ömür bəs etməz dostlarımın diqqət, qayğı və yaxşılıqlarının qarşısına çıxmağa.

Azərbaycanda  - Sizin aranızda yaşamaq çox gözəldir. Dostumla toqquşdum, dostlar ölümdən qurtardı, dostların dəstəyi ilə psixoloji baryeri aşdıq. Vətən dostlarmış. Söz verirəm, heç vaxt ölməyəcəm. Sizi də göz bəbəyim kimi qoruyacam. Beləcə şad və xürrəm yaşayacağıq bir yerdə. 

***

Mən aşan avtomobilin içərisində anladım ki, yeganə səadət sevdiklərinlə bir yerdə yaşamaqdır. Elə orada - çevrilmiş avtomobilin içərisində ailənlə birgəsənsə və dostların da hərəsi öz evində, öz aşmamış avtomobillərində sağdırlarsa, hər şeyin var demək. Şanslı adamsan, xoşbəxt adamsan. Yaşa, çevrilmiş avtomobili özünün ən geniş dünyan bilib, onun içərisində yaşa!

 

Ceyhun MUSAOĞLU 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh