Cinayətkar avtobus sürücülərini necə durdurmalı...

Yazarlar 9 Yanvar 2018 11:45 Oxunub 1376
Cinayətkar avtobus sürücülərini necə durdurmalı...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekspertlər qanunverici bazanı yetərli sayır, yetər ki, ona ciddi əməl edilsin...

Yanvarın 6-da Xətai rayonu ərazisində Zığ şossesində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı,  “99 XM 581" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu idarəetməni itirərək yoldan kənara çıxıb və dərəyə aşıb. Qəza nəticəsində 20 sərnişin xəsarət alıb. Soyğunçuluq maddəsi ilə məhkum olunmuş, sürücülük vəsiqəsi olmadan avtobus idarə edərək qəza törədən Kamran Ağayev tutularaq istintaqa cəlb olunub. Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, daha sonra bəzi başqa qaranlıq məqamlar da üzə çıxıb. Bəlli olub ki, Kamran Ağayevə sərnişinlərin həyatını etibar edən marşurutun sahibi Laçın Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Babək Aslanovdur.  B.Aslanov movqe.az-ın əməkdaşı ilə söhbətində 175 saylı xəttin ona məxsus olduğunu təsdiqləyib. Amma qəza baş verən avtobusun onun adına olmadığını bildirib. O deyib ki, xətdə sərnişindaşımanı başqa şəxslərə həvalə edib.

Aslanov dövlət qulluqçusu olduğu halda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın mümkünsüzlüyü ilə bağlı suala isə belə cavab verib: “Mən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın Rayon Şöbəsinin İdarə Heyətinin sədriyəm. 175 saylı marşrutu da dörd aydır ki, almışam”.

175 saylı xəttin rəisi Eldəniz Qasımov isə sürücünün əl dəyişdiyini bildirib: “Mən xəttə səhər çıxışı 05:45 radələrində şəxsən özüm vermişəm. Yol vərəqi də Ağayev Tərlan Hüseynağa oğlunun adına verilib. Yəni mən avtobusu Tərlanın qəza törədən qardaşına deyil, onun öz adına vermişəm. Yolda sərnişin daşıyarkən o, avtobusu qardaşına verib. Bundan nə mənim, nə də dispetçerlərin xəbəri olub. Tərlan Ağayevin isə sürücülük vəsiqəsi də var, avtobusu idarə etmək üçün lazımi kateqoriyası da”.

Nəqliyyat eksperti Ərşad Hüseynov ictimai nəqliyyat sürücüləri ilə bağlı problemlərin illərlə yığılıb qaldığını dedi: “Nəqliyyatla bağlı qanunvericilikdə xüsusi olaraq bir boşluq yoxdur. Sadəcə, qanunvericiliyə riayət etsələr, hər şey normal olar. Hər şey buradan başlayır. Demək olar ki, sovet dövründə də Bakıda düz-əməlli nəqliyyat olmayıb. Amma müstəqillikdən sonra bu sahə əməlli-başlı kriminallaşdı. İctimai nəqliyyat kriminal elementlərin əlinə keçəndə təbii ki, o, istədiyini edəcək. Qanunlara tabe olunması üçün məsul qurumlar da öz işlərini görməlidir. Həmin o daşıyıcılar kiməsə, nəyəsə arxalanırlar. Elə bilirlər ki, məsuliyyətdən kənarda qalmaq olar və ya kimsə nəsə etsə, bunun qarşısını almaq olar. Bu cür mühit ləğv olunmalı, hər kəs öz işi ilə məşğul olmalıdır. Qanunvericiliyə görə, sürücüləri işə qəbul edən şirkət götürür. Bizdə nəqliyyat sferasına nəzarət edən Bakı Nəqliyyat Agentliyi, Nəqliyyat Nazirliyi var. Onlar da nəzarət etməlidirlər ki, bir sürücü bir şirkətdən başqa bir şirkətə gedəndə həmin şirkətlər bilsinlər ki, bu, necə sürücüdür. Yaxud biri sürücülük hüququnu itirəndə digərləri də bunu bilsin ki, bu adam artıq sürücü olmamalıdır”.

Deputat Zahid Oruc isə bildirdi ki, sürücülərin qiymətləndirilməsi aparılmalı və cəmiyyətə real hesabat verilməlidir: “İctimai nəqliyyatın problemləri hər zaman parlamentdə, digər dövlət orqanlarında müzakirə olunur. Doğrudan da ötən illər ərzində bu sahədə insanların həyatına, təhlükəsizliyinə, sağlamlığına zərbə vurma halları qat-qat böyük olub. Təsadüfi deyil ki, Qarabağda olan itkilərimiz yol qəzasında baş verən itkilərimizlə müqayisə edilir. İctimai nəqliyyatın idarə edilməsi ilə bağlı müxtəlif ideyalar olub. Dövlət rəhbərliyi onları hər zaman maliyyələşdirir, investisiya qoyur. Düzdür, bir sıra proqramlar arzuolunan səviyyəyə gəlib çatmayıb. Nə qədər texniki parkın yenilənməsinə, bu sahədə idarəetmənin təkmilləşməsinə baxmayaraq sözügedən məsələlər hələ də gündəmdə qalmaqdadır. Sonuncu hadisə diqqəti bura təkrar cəmləşdirir. Sürücü peşəsinə uyğun olmayan, yaxud da dəfələrlə cinayətlərdə, o cümlədən yol hərəkəti cinayətlərində ifşa edilən, cəzalandırılan adamlar təkrarən yüzlərlə, minlərlə adamın həyatına cavabdehlik vəziyyətində sükan arxasına keçirlər”.

 

Deputat bu kimi halların qarşısını almaq üçün cəmiyyətin də dəstəyinin vacib olduğunu dedi: “Açıq demək lazımdır ki, cəmiyyətin bu məsələdə müvafiq qurumlara, yol polisinə, həmçinin nəqliyyat fəaliyyəti ilə bağlı idarəçilik qurumlarına dəstəyi yoxdur. Bir nəqliyyat vasitəsinə cəza tədbiri həyata keçirilən kimi buradakı insanlar özləri çox pis mövqelərini ortaya qoyurlar. Nəticədə yol polisi elə bir duruma düşür ki, sanki o, bu sürücünü öz marağı üçün saxlayıb. Ancaq məlum olub ki, saxlanılan sürücülərin böyük hissəsi həqiqətən də yararsız insanlardır. Onlara nəinki sərnişinləri, heç öz ailəsini belə etibar etmək olmaz. Bu məsələlərin tənzimlənməsi üçün qanun bazası mövcuddur. Onun həyata keçirilməsi üçün bu sahədə daimi sərtləşdirmə tədbirlərini gücləndirmək lazımdır. Kateqoriyasından asılı olmayaraq bütün sürücülər üçün təkrarən qiymətləndirmə aparılmalıdır. Müəyyən bir müddətdən sonra bu, lisenziyalaşdırılmalıdır. Sürücü fəaliyyəti insanların həyatına həkim, müəllim fəaliyyətindən az təsir etmir. Belə hesab edirəm ki, yaradılmış müvafiq qurumlar sürücülərin qiymətləndirilməsini apararaq Azərbaycan cəmiyyətinə real hesabat verməlidirlər ki, bizim ölkədə ictimai nəqliyyata cavabdehlik daşıyan nə qədər sürücü var. Onlar hansı qiymətləndirmədən keçiblər ki, bu cür vəsiqəsiz və üzərində bir neçə ağır cinayət olan şəxs bu fəaliyyətdədir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh