Banner

Deputatdan evakuasiya xidməti ilə bağlı iradlar

Yazarlar 8 May 2016 14:57 Oxunub 6736
Deputatdan evakuasiya xidməti ilə bağlı iradlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rafael Cəbrayılov: «Qadağan olunmuş yerdə park edilən hər bir avtomobilin cərimə meydançasına aparılması zəruri deyil»

Məlum məsələdir ki, nəqliyyat vasitəsi qadağan olunmuş yerdə park edildiyi zaman əksər hallarda evakuasiya olunur. Bu da sürücülər arasında müəyyən narazılıqlar yaradır. Evakuasiya prosesi ilə bağlı irad və təkliflərini Avtosfer.az-a açıqlayan Milli Məclisin deputatı Rafael Cəbrayılov bildirib ki, evakuasiya xidmətinin işi onu qane etmir:

- Təbii ki, nəqliyyat vasitəsinin qanunla icazə verilməyən yerlərdə park edilməsi həmin nəqliyyat vasitəsinin sürücüsünün inzibati qaydada cərimə edilməsi zərurətini yaradır. Ancaq hər bir qanunsuz parketmə həmin nəqliyyat vasitəsinin evakuasiya xidməti tərəfindən cərimə meydançasına aparılmasını zəruri etmir. Çünki nəqliyyat vasitələri əsasən ona görə evakuasiya olunur ki, yol hərəkəti iştirakçılarının, yəni nəqliyyat vasitələrinin, habelə piyadaların təhlükəsiz və maneəsiz hərəkəti təmin olunsun. Təbii ki, bu cür hallar olduğu zaman nəqliyyat vasitəsinin evakuasiya olunması zəruridir. Lakin qanunsuz parketmələrin cüzi bir hissəsi yol hərəkəti iştirakçılarının maneəsiz hərəkətinə, kütləvi tədbirlərin keçirilməsinə və s. əngəl törətdiyi üçün evakuasiya olunur. Qanunla icazə verilməyən yerdə park edilmiş avtomobilin evakuasiya edilməsi zərurəti yoxdursa, həmin avtomobilin sürücüsü inzibati qaydada cərimələnməklə kifayətlənilməlidir. Lakin təəsüf hissi ilə qeyd etmək istəyirəm ki, evakuasiya xidmətinin əməkdaşları tərəfindən qanunsuz park edilmiş avtomobillərdən bir neçəsi “seçmə üsulu” ilə götürülərək cərimə meydançasına aparılır ki, bu da sürücülərin haqlı narazılığına səbəb olur. Evakuasiya xidmətinin bu cür “sərbəst seçim hüququ”na malik olması digər neqativ hallara da gətirib çıxarır. Düşünürəm ki, evakuasiya xidmətinin “sərbəst seçim hüququ”na xitam verilməklə bu xidmətdən zəruri hallarda istifadə edilməlidir. Qanunsuz park edilən nəqliyyat vasitələrinin sürücüləri isə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq cərimələnməlidir. Bu hal qanun qarşısında hamının bərabərliyi prinsipini tətbiq etməklə yanaşı, inzibati xəta törətmiş heç kəsin də inzibati məsuliyyətdən kənarda qalmamasına səbəb olacaq. Yəni, qanunsuz park edilmiş nəqliyyat vasitəsi digər yol hərəkəti iştirakçılarına mane olmursa, həmin nəqliyyat vasitəsini cərimə meydançasına aparmadan da nəqliyyat vasitəsinin sürücünə qarşı inzibati cəza tədbiri görmək mümkündür».

Bəzi vaxtlar evakuasiya xidməti avtomabili sürüyərək və yaxud səkidən ehtiyatsız və kobud şəkildə endirərək aparır. Bununla bağlı bir neçə dəfə “Avtosfer” saytında da material verilib. Belə olan halda avtomabilə dəymiş ziyan məsələsi necə həll olunmalıdır?

Rafael Cəbrayılov bildirib ki, nəqliyyat vasitələrinin qanunla qadağan olunmuş ərazidə park edilməsi zamanı həmin nəqliyyat vasitəsini cərimə meydançasına apararkən texniki-təhlükəsiszlik qaydalarına əməl olunması mütləqdir. Bunun üçün də evakuasiya xidmətini yerinə yetirən şəxs nəqliyyat vasitəsilə maksimum dərəcədə ehtiyatla davranmalıdır. Lakin, əfsuslar olsunki, evakuasiya xidməti zamanı bir çox hallarda texniki-təhlükəsizlik qaydalarına əməl olunmur. Belə olduğu halda nəqliyyat vasitəsinə hər hansı maddi ziyan dəyərsə, mülki qanunvericiliyimizə görə həmin ziyanı evakuasiya xidməti ödəməyə borcludur. Düşünürəm ki, evakuasiya xidməti ilə bağlı qanynvericilikdə bir sıra dəyişikliklərin aparılması zəruridir».

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh