Dörd təkərli ölüm mələkləri - Sərxoş sürücü kabusu
"Bax əgər o içməsəydi, mənim uşağım indi sağ olardı. Uşağımın ürəyində o qədər arzusu var idi... Hərdən düşünürəm ki, o yolu 5 dəqiqə gec keçsəydi, yəqin indi yaşayardı...” Bu fikirləri sərxoş vəziyyətdə avtomobil idarə edən sürücünün qurbanı olan Reyhan Məmmədovanın anası deyir. Həmin Reyhan ki, ölüm xəbəri yayılanda, hamımız çox pis olmuşduq. Gənc, olduqca istedadlı, idmançı, dağadırmanma üzrə çempion olan bu qız sərxoş, məsuliyyətsiz bir sürücünün səhvi ucbatından həyata əlvida dedi. Əslində o qədər belə Reyhanlar var ki, ümidi, arzusu yarımçıq, ailəsi gözüyaşlı qalır. Nə etsək də, nə qədər çalışsaq da, bəzi insanlara "sərxoş vəziyyətdə maşın sürmək olmaz” fikrini başa sala bilmirik. Və ya onlar özləri anlamamaqda inad edirlər. Sürücülər sərxoş vəziyyətdə sükan arxasına əyləşməklə həm öz, həm də digər insanların həyatlarını riskə atırlar. Hətta "ayıq sürücü” xidməti də yaradıldı, yenə də sərxoş sürücülərin sayı azalmadı. Bu insanlara bundan artıq necə kömək etmək olar?
Qeyd edək ki, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 2017-ci il yanvarın 1-dən noyabrın 11-dək Bakı şəhəri üzrə keçirilən tədbirlər nəticəsində 590 mindən artıq inzibati protokol tərtib edilib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. V.Əsədov bildirib ki, 11 mindən artıq sürücü avtomobili sərxoş idarə etdiyinə görə, 6218 sürücü ötmə, manevr etmə qaydalarının pozulmasına, 127 568 sürücü yolayrıcını keçmə qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilib.
Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, maarifləndirmə işi öz yerində, hər bir insan da cəmiyyətdə davranış qaydalarını bilməlidir: "Yəni insan düşünməlidir ki, sərxoş vəziyyətdə avtomobili idarə etmək təhlükəlidir. Rusiyada yol polisi əməkdaşlarının sərxoş sürücülərə güzəşt etməsi barədə bir sosial çarx hazırlanmışdı. Orada göstərilir ki, rüşvət alaraq sərxoş sürücünü buraxan polisi bir neçə dəqiqə sonra hadisə yerinə çağırırlar. Və o gəlib görür ki, hadisəni törədən şəxs bayaq rüşvət alıb buraxdığı sürücü, vurduğu piyada isə özünün (polisin – red.) həyat yoldaşıdır. Bu cür təsirli video çarxlar qonşu ölkələrdə çəkilir, televiziyalarda yayımlanır. Amma çox təəssüf edirəm ki, bizim televiziyalarda bu tendensiya çox az müşahidə olunur. Bəzən görürsən ki, belə maarifləndirici verilişləri gecə saatlarında nümayiş etdirirlər. Gecə saat 2-də, 3-də o verilişə kim baxacaq? Həmin video roliklər günün pik vaxtlarında verilməlidir. Bu gün bizdəki yol hadisələri ilə bağlı vəziyyət təxminən 10-15 il əvvəl qardaş ölkə Türkiyədə müşahidə olunurdu. Onlarda "trafik canavarı” deyilən bir termin formalaşdırmışdılar. Bununla bağlı onların bütün televiziya kanallarında hər gün sosial çarxlar, animasiya filmləri gedirdi. Həmin çarxlarda ötmə əməliyyatını necə etmək, işıqfora diqqət yetirmək, piyadalara necə yol vermək lazımdı - hamısı izah olunurdu. Ciddi səviyyədə maarifləndirici işlər gedirdi. Bir valideynin övladsız, bir balanın atasız-anasız qalmağını heç nə əvəz edə bilməz. Bu cür maarifləndirmə işini biz də etməliyik. Bir sıra QHT-lər var ki, bu istiqamətdə maarifləndirici layihələr həyata keçirir. "Asan radio”da da yol hərəkəti qaydalarının təbliği ilə bağlı "Avtoarena” verilişi başlayıb. 2 həftədir ki, efirə gedən verilişin aparıcı ekspertiyəm. Bacardığımız qədər, həm ənənəvi, həm də sosial mediadan insanları maarifləndirməyə çalışırıq”.
Ekspert deyir ki, sürücülərin psixologiyasında səhv bir stereotip formalaşıb: "Sürücülər istəyir ki, "avtoşluq” etsələr də, sərxoş vəziyyətdə maşın sürsələr də, yol polisini səhv çıxarsınlar. Günah özlərində olsa da, heç zaman bunu qəbul etmək istəmirlər. Bəzən görürük ki, qaydanı pozan sürücü sonradan maraqlanır ki, mən bu cəriməni necə ləğv etdirə bilərəm. Amma heç demirlər ki, mən necə edə bilərəm, bir də qayda pozuntusuna yol verməyim. Hətta "ayıq sürücü” xidməti də yaradıldı ki, sürücülər spirtli içki qəbul etdikləri halda sükan arxasına əyləşməsinlər”.
Müsahibimiz deyir ki, son dövrlər ictimai qınağın olması bu kimi hadisələrin azalmasına səbəb olub: "Hazırda belə hadisələrə qarşı ictimai qınaq əvvəlki illərə nisbətən çox artıb. Xüsusilə də sosial şəbəkələrdə bu dəyişikliyi görmək olar. Bəzən görürəm ki, hansısa bir izləyici sərxoş sürücünün və ya buna oxşar bir hadisənin şəklini çəkib paylaşıb. Və ora yazılan şərhlərə də baxanda görürəm ki, insanlarda belə məsələlərə ciddi qınaq formalaşıb. Düşünürəm ki, hər bir insanın içində vətəndaşlıq mövqeyi olmalıdır. Yəni hadisəni görən heç kim düşünməsin ki, bu onun başına gəlməyəcək”.
Məsələnin sosial problem olduğunu nəzərə alaraq, sosioloq Cavid İmamoğlunun da fikirlərini öyrəndik. Sosioloq qeyd edir ki, bu məsələ ona görə sosial problemdir ki, sərxoş vəziyyətdə sükan arxasına əyləşən sürücü sadəcə özünə xəsarət yetirmir: "O, həmçinin digər insanlara, ətraf aləmə ziyan vurur. Bu da birbaşa məsələni həm ekoloji, həm də sosial problem kimi qiymətləndirməyə şərait yaradır. Baş vermiş hadisə fərdilikdən çıxır və sosial kontekstdə araşdırılmalıdır. Bu, sosial problem olduğu üçün sosial məsuliyyət hissinin aşılanması məqsədilə ilk növbədə sürücülər arasında maarifləndirmə işi görülməlidir. Xüsusi təsiredici videoçarxlar göstərilməli, təbliğat işi aparılmalıdır. Yəni sərxoş vəziyyətdə maşın sürərsə, hansı hadisələrin olacağını, bunun nə ilə nəticələnəcəyini sürücüyə əyani göstərmək lazımdır. Bu vasitələrə beynəlxalq təcrübədə daha çox rast gəlinir”.
"Kaspi"