Evakuator biabırçılığı – Yolu açmağa yox, plan doldurmağa işləyirlər - FOTOLAR

Yazarlar 18 Aprel 2016 15:00 Oxunub 3813
Evakuator biabırçılığı – Yolu açmağa yox, plan doldurmağa işləyirlər - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakının Qutqaşınlı küçəsində evakuatorlar ayrı-seçkilik nümayiş etdirir

Evakuatorların özbaşınalığından nə qədər yazırıq, deyirik, dnyəsən, heç bir xeyri yoxdur. Cümə günü saat 17:10 radələrində uşağı dərsdən götürməyə getmişdim – İsmayıl Qutqaşınlı kücəsinin o başındadır məktəb – «Xalq Bank»ın yanında. Bunlar da bilir ki, bura valideynlər uşağı dərsdən götürməyə və ya dərsə qoymağa gəlib maşını uzağı 2-3 dəqiqəlik saxlayırlar. Getdim uşağı dərsdən götürəm, tini dönən kimi DYP evakuatoru ilə qarşılaşdım, axşambazarı idi, gedirdi. Mən sürəti azaldan kimi bu da yavaşıdı, gördüm hacıleylək kimi boylanırlar ki, mən maşını saxlayım, gəlib aparsınlar. Maşını saxladım, gördüm baxırlar, biraz uzaqlaşdım, gördüm dal-dala verib gəlir, qayıtdım maşına tərəf, bu da sürüb getdi guya. Amma tini dönsə də xəbəri yox idi ki, dalı qalıb çöldə. Mən yenə uzaqlaşdım, bu yenə dal-dala verdi. Mindim maşını yolun solunda saxladım, yer boşalmışdı, bu da dilxor halda cixib getdi…

Normal xidmət aparıb həqiqətən də Qutqaşinli kücəsini təmizləmək istədiklərini bilsəm, Avtosfer.az saytı olaraq gedib onlara dəstək verərəm. Amma o kücədə «Grantmart» var, «Turanbank» var, Alman klinikası var, coxlu sayda başqa obyektlər var, onların qarşısında 2-3 cərgə maşın saxlayır, əksəriyyəti də başalı maşınlar. Amma yol polisinin evakuatoru ora yaxın getmir. Hansı ki, bir ay əvvəl həmin küçədən geniş bir yazı hazırladım və fotolar da təqdim etdim, ancaq nəticəsi olmadı. Niyə? Çünki həmin ərazilərdə dəhşətli vəziyyət yaranır və nəinki evakuator, heç balaca minik maşını da normal hərəkət edə bilmir. Yol polisinin evakuatorları da dərinə getmir və küçənən bir başından girib yaxınlıqdakı maşınları götürüb qaçırlar. Özü də 1-2 dəqiqəyə yoxa çıxırlar. Məktəbin qarşısından hər gün onlarla maşını aparırlar. Valideyn uşağın əlindən tutub məktəbdən çıxır, maşına yaxınlaşır və görür ki, maşın yoxdur. Bu, iş deyil cənablar. Bu sadəcə plan doldurmaqdır. Əgər həqiqətən də Qutqaşınlı küçəsində hərəkətin normal və təhlükəsiz təmin edilməsini istəyirsinizsə, gəlin birlikdə gedək o küçəyə. Baxın görün necə biabırçı vəziyyət var. Yoxsa, mənim kimi sürücülər uşağı dərsdən götürməyə gələndə tində gizlənib maşın oğurlamaqla iş bitməz. Siz gəlin o küçədə vəziyyəti qaydaya salın, sonra baxın görün kim qayda pozursa, cərimə yazın.

Məntiqlə düşünsək Qutqaşınlı küçəsində işləyən DYP evakuatorları ayrıseçkilik edirlər. Çünki kimsə maşını saxlayıb sükan arxasında oturusa heç kim sürücüyə bir söz demir. Kimsə maşını saxlayıb məktəbə daxil olursa, onun maşınını aparırlar. İndi gəlin bu suala cavab verin; maşında oturan qayda pozmur, maşından düşən qayda pozur? Əgər dayanma-durma qadağandır nişanının təsir zonasında maşınlar dayanıbsa, deməli, qayda pozulub. Amma siz baxıb görürsüz ki, kimin maşınında sürücü yoxdur onu aparırsız. Mənim uşağım balacadır, özüm düşüb sinifdən götürürəm və ya dərsə aparanda məlum səbəblərdən aparıb sinifdə müəlliməyə təhvil verirəm. İndi sizin məntiqinizlə, mənim uşağım böyüyənə qədər siz maşınımı aparmalısınız? Uşaq böyüyəndən sonra mən də digər valideynlər kimi maşında oturub uşağı gözləyəcəm və siz maşınımı aparmayacaqsız? Bu, çox gülməli yanaşmadır. Əgər məktəbin qarşısında sürücülər qayda pozursa, hamını cərimələmək lazımdır. Əgər Qutqaşınlı küçədə qayda pozulursa./ yenə də hamını cərimələmək lazımdır. Amma niyə məhz küçənin bir başından girib yaxınlıqdakı maşını götürüb qaçırsız? Fikir vermişəm, 30 metr irəlidə dayanan maşınlara yaxın getmirsiz. Çünki orada 2-3 cərgə maşınlar dayanır və sizin evakuatorunuz orada tıxaca düşür, hərəkət edə bilmir və maşını da götürüb apara bilmir. Özünüz də bilirsiniz ki, oradan maşın götürsəniz, ya vurub əzəcəksiz, ya da 15 dəqiqə hərəkət dayanmalıdır. Çünki təkrar edirəm, irəlidə 2-3 cərcədə maşınlar dayanır və kiminsə maşınını sürtə bilərsiz. Elə isə nə üçün gedib o 2-3 cərcədə olan maşınları yox, məktəbin qarşısındakı maşınları götürüb qaçırsız? Nə üçün Qutqaşınlı küçəsinin Mikayıl Müşfiq küçəsi ilə kəsişməsindəki hissəsindəki biabırçı vəziyyətə göz yumursuz? O küçəyə həmin nöqtədən daxil olmaq üçün sürücülər svetoforda qarşı yola çıxmaq məcburiyyətində qalırlar. Həmin nöqtədəki «Grantmart»ın, bir az irəlidə Alman Klinikasının qarşısında iki maşın yan-yana gedə bilmir axı. Bunlar sizə maraqlı deyilmi şörmətli yol polisi və onun problemli evakuatorları? Axı bu qədər qeyri-sağlam xidmət və biabırçı yanaşma olmaz. Əgər bir küçədə hərəkətin təhlükəsizliyini və yolda sıxlığın olmamasını təmin etmək istəyirsinizsə küçənin bir başından düşüb axıra kimi getməlisiz. Amma DYP-nin evakuatorları Qutqaşınlı küçəsinin bir başından girirlər və axşama kimi də orada fırlanırlar. Bu axı xidmət deyil. Bu, öz rahatlığını təmin etmək və planı doldurmaq üçün daha çox maşını tez bir zamanlı cərimə meydançasına aparmaq siyasətidir. Amma sizin bu yanaşmanız cəmiyyətdə, sürücülər arasında ikrah doğurur. Elə atasının, anasının maşını aparılan uşaqlarda da sizə qarşı pis münasibət yaranır.

Keçən həftə bir qadının maşını aparılmışdı. Uşaq anasından soruşurdu ki, ana, maşınımız hanı? Anası da cavab verdi ki, yol polisləri aparıb, düz saxlamamışıq. 3-cü sinif uşağı dedi ki, ana, axı bizdən qabaqdakı maşınlar lap pis saxlayıb, onları niyə aparmırlır? Qadın cavab vermədi. Bu anda yol polisinin evakuatoru küçənin tinində göründü və yaxınlıqdakı daha bir avtomobili götürüb qaçdı…

P.S. Fotolara diqqətlə baxın, bəlkə lazım olar. Bura Qutqaşınlı küçəsidir...

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh