Reklam

Əvvəl sürücülər qəpik davası edirdi, indi də şirkətlər yarışa girib

Yazarlar 10 Yanvar 2018 16:21 Oxunub 1438
Əvvəl sürücülər qəpik davası edirdi, indi də şirkətlər yarışa girib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda bir-birini təkrarlayan avtobusların dayanacağa tez çatma yarışı davam edir

Şəhər nəqliyyatı son illər ən çox islahatlar aparılan sahədir, amma problem o qədər çoxdur ki, bitib-tükənmək bilmir. Kart sisteminin tətbiqi ilə bir çox problemlər aradan qalxacağı bildirilirdi, həqiqətən də bunu görürük. Amma həllini gözlədiyimiz bir məsələ vardı ki, o, bir az formasını dəyişsə də, mahiyyət eynidir. Söhbət bir-birini təkrarlayan marşrut xətlərindəki avtobus sürücülərinin dayanacağa tez çatmaq "yarışı”ndan gedir.

Eyni hərəkət istiqamətində fərqli daşıyıcı şirkətlərə məxsus marşrut avtobusları əvvəl də olub, indi də. Əvvəllər bütün avtobuslarda ödəniş birbaşa sürücülərə edildiyi üçün burada sürücülərin daha çox sərnişin aparıb, əlavə qazanc əldə etməsi məsələsi vardı ki, indi də kartsız sərnişin daşıyan marşrutların yarışı var. Amma bəllidir ki, artıq elə avtobuslar da var ki, onlarda gediş üçün ödəniş ancaq kartladır və sürücülərin burda hər hansı maddi marağı yoxdur. Amma yenə də sürət həddini artırıb, dayanacağa tez çatmaq üçün yarışa çıxan avtobus sürücülərini görür, sərnişinlərin "kartof yox, adam aparırsan” tipli iradlarını eşidirik... Məsələn, 5 saylı marşrut avtobusu ilə 88 nömrəli marşrut xəttinin hərəkət istiqamətinin böyük bir hissəsi eynidir və 88 nömrəli avtobusun sürücüsünün dəfələrlə dayanacağa tez çatmaq üçün sürət həddini artırmasını müşahidə etmişik.

Sürət həddinin aşılması isə insan həyatı ilə oynamaq deməkdir. Sonuncu bu tipli hadisənin "istisi” hələ soyumayıb. Söhbət Bakının Zığ şosesində baş verən ağır qəzadan gedir. 175 nömrəli marşrut avtobusu yoldan çıxaraq aşmışdı. 20-dən çox insan xəsarət almışdı. Bu tipli avtobus yarışlarının tez-tez şahidi oluruq. Bəs bu problemdən çıxış yolu nədir? Ümumiyyətlə, bu istiqamətdə iş görülürmü? Kartsız avtobuslarda sürücülər rəqabət aparırdılarsa, belə çıxır ki, indi daşıyıcı şirkətlər dayanacağa tez çatmaq məsələsində maraqlıdırlar?

 

 

 

Sürücüləri həvəsləndirəcək bonus

 

Hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, burada şirkətlərin də rəqabəti ola bilər, sürücülərin də: "Nəzəri olaraq belədir ki, hər sürücünün idarə etdiyi avtobusda ödəniş aparatı olur ki, onun vasitəsilə hər gün hər sürücünün gündəlik nə qədər sərnişin daşıdığını müəyyənləşdirmək olur. Ola bilsin ki, şirkət sürücüləri daha çox sərnişin daşımağa həvəsləndirmək üçün bonus müəyyənləşdirsin. Bonus olduğu üçün sürücülər gündəlik daha çox sərnişin daşımaq üçün bu cür yarışlara gedə bilərlər. Bonus verilməsi rəqabət, stimullaşdırma cəhətdən effektiv üsul ola bilər. Amma qanunun pozulmasına gətirib çıxarırsa, insanların həyatını təhlükəyə atacaq bir mənzərə yaranırsa, artıq bu zaman bonusa gedilməməlidir. Rəqabət yaxşı şeydir, amma qanuni olmalıdır. Qanunun tələbinə görə, Bakıda bütün marşrut avtobuslarına Bakı Nəqliyyat Agentliyinin (BNA) təsdiq etdiyi marşrut sxemi və hərəkət qrafiki verilir. Orda həm avtobusların hərəkət istiqaməti göstərilir, həm də dəqiqələrinə qədər vaxt cədvəli. Filan dəqiqədə filan dayanacaqda olmalısan. Sürücü onların hər ikisinə və üstəgəl də yol hərəkəti qaydalarına ideal surətdə riayət etməlidir. Qrafiki, yol hərəkəti qaydasını pozan, marşrutdan kənara çıxan və pozan sürücü məsuliyyətə cəlb olunmalıdır”.

 

"Çıxış yolu çoxtərəfli nəzarət sisteminin olmasıdır”

 

Ə.Hüseynov deyir ki, avtobusların bu cür yarışını görən hər kəs BNA-ya məlumat versin: "Kart sisteminin problemi həll etmədiyi ilə bağlı bədbin olmayaq. Çox problemi həll edən addımdır. Bu cür tək-tək hallar varsa, səbəbi araşdırmalıdır. Çıxış yolu çoxtərəfli nəzarət sisteminin olmasıdır. Nəzarət sözündən bizdə qorxurlar. Amma burda nəzarət sadəcə olaraq qaydalara riayət edilməsini diqqətdə saxlamaq, qayda pozuntularına yol verənləri məsuliyyətə cəlb etməkdən ibarətdir. DYP öz işini görməli, qayda pozuntularına yol verən marşrut avtobuslarının sürücülərini məsuliyyətə cəlb etməlidir. Ən əsası isə sahibkarlar özləri sürücülərinə nəzarət etməlidir. Sərnişinlər də bu cür hallarla qarşılaşanda Nəqliyyat Agentliyinə məlumat verməlidirlər ki, onlar da daşıyıcı şirkətlərə iradları bildirsinlər”. 

 

 

 

"Sürücüyə görə sahibkarın fəaliyyəti zərbə görür”

 

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, bu kimi problemlər Bakının nəqliyyat sferasının vahid strukturdan idarə olunması məsələsini ortaya çıxarır: "Vahid sistem qurulmalıdır ki, rəqabət aparıb, yarışa çıxacaq başqa bir şirkət olmasın. Bir tərəfdən bunu məcburən deyirik. Digər tərəfdən, fikirləşirik ki, sahibkarlar bu fəaliyyətlə məşğul olurlar, onlar da inkişaf etməli, fəaliyyətlərini genişləndirməlidirlər. Nağd ödəniş götürülən avtobusların sürücülərinin dələduzluğuna görə, əziyyətlə qurulmuş bir şirkət bağlana bilər. Sürücüyə görə sahibkarın fəaliyyəti zərbə görür. Zaman gələcək ki, o cür intizamsız sürücülərə görə hansısa şirkətlər bağalanacaq. Kartla olan avtobusların dayanacağa tez çatmaq yarışına gəlincə, artıq burda daşıyıcı şirkətlər özləri məsuliyyətli olmalı, sürücülərindən də bu cür fəaliyyət tələb etməlidirlər. 5 və 88 saylı marşrut avtobuslarına gəlincə... 88 nömrəli marşrutun məxsus olduğu "Çinar M-Trans" bəlkə də, Bakıda ən intizamsız, ən çox qayda pozuntusu məsələlərində sürücülərinin adı çəkilən şirkətdir. Bu gün Bakıda kart sisteminin tətbiqi genişləndirilir, 88 nömrəli marşrutla hərəkət edən avtobuslar da kartla ödənişə keçib. Amma o marşrutun sürücüləri sərnişinləri ödənişi nağd etməyə məcbur edir, deyir "kart lazım deyil, qəpiyini ver”. Hətta bəzi sürücüləri düşüb dayanacaqlarda karta pul yükləmək üçün aparatları sıradan çıxarırlar ki, camaat pul yükləyə bilməyib nağd ödəniş etsin”.

 

 

 

"Bununla bağlı dəfərlə şikayətlər gəlib”

 

BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyir ki, bir-birini təkrarlayan marşrut xətlərinin bir çoxunda dayanacağa tez çatma yarışına rast gəlinir və BNA-nın başladığı və hazırda da davam etməkdə olan optimallaşdırma işləri də bu kimi problemlərin həllinə yönəlib: "Optimallaşdırma işləri çərçivəsində ən son 155 nömrəli marşrut xətti ləğv edilərək 108 nömrəli xətlə birləşdirildi. Daha əvvəl 7 nömrə ləğv edildi və 18 xətti bir qədər uzadıldı. Yəni, bu işlər davam edir. Bu gün Ziya Bünyadov prospekti boyunca bəzi marşrut xətləri var ki, hərəkət sxemləri 70-80 faiz bir-birini təkrarlayır. Bununla bağlı dəfələrlə sərnişinlərimizdən eləcə də, digər hərəkət iştirakçılarından şikayətlər gəlib. Hazırda onların optimallaşdırılması məsələsinə baxılır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh