“Fövqəlqüvvə” Bakıda yolun ortasını aldı, ağacları kəsdi, sakinləri hədələdi… - FOTO + VİDEO

Yazarlar 8 Dekabr 2017 15:11 Oxunub 3651
“Fövqəlqüvvə” Bakıda yolun ortasını aldı, ağacları kəsdi, sakinləri hədələdi… - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Obyekti tikən Bəxtiyar Məlikov adlı sahibkardır

Metronun “Əhmədli” stansiyasının yaxınlığında - Xətai rayonu, Sarayevo küçəsində iki yolun ortasındakı ayırıcı zolaqda üçmərtəbəli kommersiya obyekti tikilir. Bu ərazidə ağaclar hələ iki il əvvəl kəsilmişdi.  Bir həftə əvvəl isə ərazi hasara alınıb, özülqazma işləri başlayıb.

Avtosfer.az Virtualaz.org-a istinadən xəbər verir ki, yaxınlıqdakı binaların sakinləri yaşıllıq zonasında, iki yolun ortasında tikinti aparılmasına etiraz olaraq Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti,  Xətai Rayon İcra Hakimiyyəti və Xətai Rayon Polis İdarəsinə müraciət ediblər. Sakinlərdən biri sosial şəbəkələrdə tikintinin görüntüsünü yayıb. Bundan sonra sakinlərlə şirkət arasında qarşıdurma yaranıb.

 

Həmin ünvanda olduq və tikintini kimin apardığı, ərazini hansı səlahiyyətli şəxsin ona satdığını araşdırmağa çalışdıq. Sakinlərin sözlərinə görə, onların etirazlarına baxmayaraq tikinti dayandırılmayıb, əksinə etirazçılara şikayətlərini geri götürmələri üçün xəbərdarlıq edilib. Deyilənə görə obyekti tikən Bəxtiyar Məlikov adlı sahibkardır. Onun adamları ağacların kəsilərək yerində obyekt tikildiyini göstərən kadrların sosial şəbəkələrdə yayılmasından sonra yaxınlıqda yaşayan sakinlərə xəbərdarlıq ediblər ki, pisliyə pisliklə cavab verəcəklər. Nəticədə narazılar qorxublar və indi səslərini çıxarmaqdan ehtiyat ediblər. Bu səbəbdən sakinlərdən tikinti ilə bağlı danışmaq istəyən tapmaq çox çətin oldu. Danışanlar isə adlarının çəkilməməsini israrla xahiş etdilər.

“Deyirlər bu kimdirsə çox fövqəladə gücə, imkana malik adamdır. Əli hər yerə çatır. Bizi hədələdilər ki, şikayətləri dayandırmasaq hər cür pislik edəcəklər. Ona görə də qorxuruq”-adının açıqlanmamasını xahiş edən sakin deyir.

“Sakinlərdən biri pəncərədən tikintini çəkmişdi, görüntülər yayılandan sonra həmin sakini tapdılar. Binanın qarşısında mübahisə yarandı, dedilər ki, etiraz edənin cavabını verəcəyik”, -narazılardan biri söhbətə qoşulur.

Həsən adlı sakin isə deyir ki, 12 nəfərin imzası ilə ölkə rəhbərliyinə, Nazirlər Kabinetinə, Bakı meri Hacıbala Abutalıbova şikayət ünvanlanıb. Yolun ortasında tikinti aparan şəxsin, eləcə də bu tikintiyə icazə verən məmurun cəzalandırılmasını tələb edirlər.

Metronun “Əhmədli” stansiyasının ətrafında hazırda  boş ərazi qalmayıb. “Bakı kinoteatrı”na və əks istiqamətdə gedən yolların kənarı boyu kommersiya obyektləri düzülüb.  Hazırda tikinti gedən ərazinin isə eni cəmi 7 mertdir.  37 il əvvəl burda Eldar şamı, xan çinar, yolka ağacları əkilib. İndi isə həmin ağaclar yoxdur.

Sakinlərin sözlərinə görə, təxminən 2 il əvvəl 30 ağac kəsilib: “Burda 10 metr hündürlüyündə, diametri 35-40 sm olan ağaclar vardı. Gecə vaxtı ağacları kəsdilər. Biz də etiraz aksiyası keçirdik, televiziyalar işıqlandırdılar. Bundan sonra Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri gəldilər,  qazıntı apardı, dedilər ki, yenidən ağac əkiləcək”.

Sakinlər icra hakimiyyətinin vədindən sonra sakitləşiblər. Həsən deyir ki, sonradan ağacların kəsilməsinin, qazıntının aparılmasının məqsədli şəkildə edildiyini anlayıblar. Başa düşüblər ki, Xətai rayon İcra Hakimiyyətinin məmurları onları aldadıb. Əslində məmurlar sakinlərin sakitləşməsini, məsələnin unudulmasını gözləyib.

Digər sakin isə əmindir ki,  yolun ortasında obyekt tikintisinə Xətai Rayon İcra Hakimiyyəti deyil, “daha yuxarı” qurumlar icazə verib. Çünki rayon İcra Hakimiyyəti  metronun bir addımlığında bu cür qanunsuzluğa imza atmağa cəsarət etməz. “Yolun ortasında obyekt tikintisinə icazə verən məmur şəhərsalma qaydalarının üstündən xətt çəkib. Hansı ki, bu qaydaların pozulması cinayətə bərabərdir. Görünür, bu adamın əli uzundur, hər yerə çatır”, -sakin əlavə edir.

Sakinlər  ölkəyə gələn turistləri Əhmədliyə dəvət edirlər. Deyirlər ki, dünyanın heç bir ölkəsində yol kənarlarında əcaib, yöndəmsiz obyektlərə rast gəlmək mümkün deyil, baxıb örnək götürsünlər…

ŞƏRH YAZ
Ad

E-mail

Şərh