Gecə yollarımızda təkərli kabuslar dolaşır – Özünüzü qoruyun – VİDEO
“Gecə saat 03:00. 110 km/saat sürət həddi təyin olunmuş Quba-Bakı yolu ilə 102 km/saatla gəlirsən və birdən... Sol zolaqda, heç bir arxa işığı olmayan və 30 km/saat sürətlə gedən traktor peyda olur”. Bu fikirləri sosial şəbəkələrdə Qorxmaz Mustafayev adlı sürücü yazıb və Avtosfer.az-ın təqdim etdiyi video da elə həmin sürücüyə məxsusdur. O, haqlı olaraq təhlükə barədə insanları xəbərdar edir və qanundan misal gətirir:
“Yol hərəkəti haqqında qanunun 43-cü maddəsində deyilir;
Avtomagistrallarda hərəkət.
II. Avtomagistrallarda:
1) piyadaların,mal-qaranın,at-araba nəqliyyatının, yük motorollerlərinin, atlıların,əl arabalarının,velosipedlərin, mopedlərin,traktorların,kənd təsərrüfatı maşınlarının və özügedən maşınların,texniki xarakteristikasına və ya vəziyyətinə görə,sürəti saatda 50 kilometrdən az olan digər nəqliyyat vasitələrinin,avtomagistralda xidmət işlərinin görülməsi halları istisna olmaqla,yol maşınlarının hərəkəti qadağandır.
Lakin magistral yolların keçdiyi kəndlərdə bəziləri bu qaydalara əməl etmir və nəticədə videoda izlədiyiniz mənzərə yaranır. Gecənin qaranlığında qəflətən yolun hərəkət hissəsində işıqları yanmayan traktorla rastlaşan çox az sürücü bu cür qəza şəraitindən canını qurtara bilir. Bəziləri toqquşur, bəziləri isə maşını qaçırıb yoldan çıxır, dərəyə və ya uçuruma düşür. Traktor sürücüsü isə yellənə-yellənə çıxıb evinə gedir...
Bəzən xəbərlərdə eşidirik ki, hansısa yolda traktorla avtomobil toqquşub. Bax, həmin qəzaların əsas səbəbi videodakı mənzərədir. Yol polisi kəndə təsərrüfatı texnikası sürənlərə qarşı biganə deyil. Traktor və digər texnikalar zaman-zaman cərimə meydançasına salınır, sürücülər cərimə olunur. Amma bəzən elə məsələlər ortaya çıxır ki, çıxılmaz vəziyyət yaranır. Bu cür texnikası olanlar gah “intihar edəcəm” deyib yol polisini geri çəkilməyə məcbur edir, gah yuxarı instansiyalara şikayət edib “ailəmi bu traktorla dolandırıram, onu da yol polisi əlimdən alıb” kimi ittihamlar yağdırır, gah da “bir daha yola çıxmayacam” deyib söz versələr də, sözlərini tutmurlar.
DYP də çıxış yolu kimi əhalinin maarifləndirilməsinə başladı. Artıq bir neçə aydır ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun göstərişi ilə Yol-Patrul Xidməti Alayının tağım komandirləri magistral yolların keçdiyi ərazilərdəki kənd və qəsəbələrin sakinləri ilə görüşlər keçirirlər. Bu görüşlərdə xüsusi olaraq mal-qaranı yoldan keçirənlərin, kənd təsərrüfatı texnikası idarə edənlərin əməl etməli olduğu qaydalar təbliğ edilir. Lakin görünür, bəziləri bundan nəticə çıxarmır və “gecə qara, cücə qara” prinsipi ilə öz işini davam etdirir. Deyəsən, qanunları sərtləşdirib belə insanlara qarşı daha sərt addımlar atılmalıdır. Axı nə üçün adam gündüz görə biləcəyi işi gecəyə saxlayır? Gecə də işləyib 5 manat artıq pul qazanmaq həvəsiylə yola çıxıb digərlərinin həyatını təhlükəyə atmağın adı nədir?
Magistral yollardan həm də başqa ölkələrin sürücüləri keçir. Xüsusən də, Bakı-Quba yolu Azərbaycanın şimal şirişidir. Belə biabırçı mənzərə yaratmaq ayıb deyilmi?
Başa düşdük və son zərurət kimi qəbul etdik ki, traktorçu pul qazanmaq istəyir. Elədirsə, qazandığı puldan 15-20 manat verib traktoru və onun qoşqusunu normal işıq sistemi ilə təmin etmək, faraları işə salmaq olmazmı? Axı bu qədər ucuz yolla başqalarını təhlükəyə atmaq olmaz. Bir şeyin ki, çarəsi var, nədən bunu etməsinlər? Axı hər traktorçuya bir yol polisini nəzarətçi kimi təhkim etmək də olmur. Bu insanların vətəndaş kimi məsuliyyət hissi yoxdurmu?
Elməddin Muradlı