“Gelandewagen” qəzası deputatı mandatsız qoya bilər
Bakıda ötən həftə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi tərəfindən “Mercedes Gelandewagen” markalı avtomobillə törədilmiş dəhşətli qəza Milli Məclisin deputatını mandatsız qoya bilər. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, bu, əvvəllər də öz yersiz danışıqları ilə qalmaqala səbəb olmuş Astan Şahverdiyevdir.
Belə ki, həmin qəza ilə bağlı ictimai müzakirələrin qızışdığı, növbəti dəfə məmurların ailə üzlərinin qudurğanlığı ilə bağlı məsələnin gündəmdə olduğu bir vaxtda deputat Şahverdiyev qəzanı törətmiş gənci müdafiə etməyə çalışıb. KİV-lərdən birinə müsahibə verən deputat deyib ki, Nail Allahverdiyevin həmin qəzaya heç bir aidiyyatı yoxdur. Çünki qəza vaxtı o, evdə, “ailəsinin yanında” idi və bunu təsdiqləyən şahidlər var.
Üstəlik deputat bildirib ki, mətbuat 23 yaşlı gəncin ümumi dəyəri milyonlarla dollarla ölçülən avtomobil kolleksiyasına malik olmasında heç bir qəbahət yoxdur. Çünki Nail Allahverdiyevin atası “kifayət qədər imkanlı” şəxsdir. Və Şahverdiyev Nail Allahverdiyevi Bill Qeytslə də müqayisə edib, onun belə gənc yaşda milyonçuya çevrilməsinin ancaq öz fərasəti hesabına baş verdiyini bildirib.
Lakin deputatın bu məsələdə bəxti heç gətirməyib. Onun müsahibəsinin saytlarda dərc olunması ilə demək olar ki, eyni dəqiqlərdə Daxili İşlər Nazirliyi virtualaz.org saytının sorğusuna cavab olaraq bildirib ki, qəza zamanı sükan arxasında Nail Allahverdiyevin olduğu Heydər Əliyev prospektində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə sübuta yetirilib və o, məsuliyyətə cəlb olunacaq.
Beləliklə, deputat yaxın münasibətlərdə olduğu məmuru və nəvəsini müdafiə etməyə çalışarkən özü zibilə düşüb. Sosial şəbəkələr, mətbuat və ictimaiyyət nümayəndələri bu dəfə Şahverdiyevi qınaq obyektinə çevirib, onun bundan əvvəl Rusiyadakı azərbaycanlılar barədə işlətdiyi və böyük qalmaqal yaradan “otxod” ifadəsini də yada salaraq deputatı sərt ifadələrə “qonaq ediblər”. Onu ağır cinayəti bilə-bilə ört-basdır etmək cəhdində günahlandırıblar.
Nəhayət bu gün Nail Allahverdiyev həbs olunub və deputat Şahverdiyev sözlərinin yalan çıxmasından peşimançılıq ifadə etməyib, əksinə bildirib ki, daha bu haqda danışmaq istəmir və ona veriləcək cəzadan da qorxmur.
Şahverdiyevi isə deyəsən bu dəfə bərk cəzalandıracaqlar. Belə ki, Milli Məclisin İntizam komissiyası Astan Şahverdiyevə görə toplanacaq. Bunu yerli KİV-lərə açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev deyib.
Deputat bildirib ki, Astan Şahverdiyev səsləndirdiyi fikirlərlə bir neçə dəfə qalmaqal yaradıb: “Ötən dəfə Astan Şahverdiyev fikirlərinə görə xalqdan üzr də istəmişdi. İndi yenidən qalmaqal yaradıb”.
A.Abıyevin sözlərinə görə, deputatlar tətildən qayıdan kimi intizam komissiyası bu məsələ ilə bağlı toplanacaq: “Hazırda deputatlar tətildədir. Bizim komissiyanın 7 üzvü var. Sentyabrda komissiya üzvləri bir araya gələcək və bu məsələyə baxılacaq. Nə lazımdırsa, o da olacaq”.
Şahverdiyevin bəxti həm də onda gətirməyib ki, prezident İlham Əliyev elə bu gün Milli Məclisin deputatlarının etik davranışı haqqında qanun layihəsini təsdiqləyib. Hansı ki, həmin qanun Şahverdiyev kimi qalmaqallı sözlər danışan deputatın mandatını almağa tam imkan verir.
Ağacan Əbiyev deyib ki, həmin qanuna əsasən intizam komissiyası Şahverdiyevi mandatdan məhrum edə bilər. “Komissiya bu məsələyə baxdıqdan sonra görsə ki, Astan Şahverdiyevin bu çıxışı heç bir çərçivəyə sığmır, sözsüz ki, Şahverdiyev deputat mandatını itirəcək”, - Ağacan Əbiyev deyib.
İntizam komissiyasının sədri xatırladıb ki, ötən dəfə Astan Şahverdiyev fikirlərinə görə xalqdan üzr də istəmişdi. İndi yenidən qalmaqal yaradıb.
“Adama deyərlər, sən öz işindən danış da! Sən bu işin içində deyilsənsə, niyə yalan danışırsan? Axı kim səndən danışmağı xahiş edir? Anlaya bilmirəm ki, Astan Şahverdiyev, niyə hər yerə başını soxursan? Bu cür hadisələr çox olur. Görmədiyin şeylərə görə niyə əminliklə danışırsan? Deputat yalan danışmaz”, - Ağacan Əbiyev deyib.
Beləliklə, deputat Şahverdiyevin "Gelandewagen" qəzasının növbəti "qurbanına" çevrilmək şansı var. O, mandatını təhlükəyə ataraq ərküyün nəvənin böyük sürətlə sürdüyü avtomobilin qarşısında sinəsini sipər etməyə çalışıb...