Gənc qadını öldürən uşağın cəzası bu olacaq - Cəmi 180 manat cərimə
Dünən Bakıxanov qəsəbəsində "Porsche Cayenne Magnum" markalı avtomobillə gənc qızın həyatına son qoyan qəza mövcud hüquq sistemində boşluqları yenidən aktual etdi. Qəzanı törətməkdə şübhəli bilinən Ağaəli Fərəcovun yaşının 14 olması onu cinayət məsuliyyətindən xilas edir. Şübhəli bilinən şəxsin atası Fizuli Fərəcov mətbuata açıqlamasında kinayə ilə oğlunun məsuliyyətə cəlb olunmayacağını bildirib. Mövzu ilə bağlı şərh verən vəkil Asif Abdullayev maraqlı məqamlara toxunub: qeyd edib ki, 14 yaşlı şəxsin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması Cinayət məcəlləsinin 20.2.-ci maddəsində əks olunub. Həmçinin o, bu bəndin məntiqsiz məzmununda ifadə olunduğunu da bildirib. “Həmin maddədə 14 yaşına çatmış şəxsin hansı cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilə bildiyi göstərilib. Maddənin məntiqsizliyi ondan ibarətdir ki, avtomobili zədələdiyinə, kiminsə avtomobilini qanunsuz ələ keçirdiyinə və yaxud avtomobil yolunu yararsız hala saldığına görə 14 yaşlı şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər, amma avtomobillə adam vurub öldürmüş 14 yaşlı şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.”
Cinayət məcəlləsinin 20.2.-ci maddəsinin tam məzmunu aşağıdakı kimidir:
"20.2. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir."
Təbii ki, qanunverici tərəfindən nəqliyyat vasitəsi ilə qəza törətməni ehtiyatsızlıqdan törədilən cinayət olduğu üçün həmin maddəyə daxil edilmədiyini hesab etmək olar. Amma hər bir halda, cinayət məcəlləsinin 20.2.-ci maddəsində əks olunan bəzi cinayətlərlə müqayisədə, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin ictimai təhlükəlilik dərəcəsi çox yüksəkdir. Bunlar nəzərə alınmalıdır.
Ekspert Ərşad Hüseynov açıqlamasında məsələnin digər tərəfinə aydınlıq gətirib. Şəxsin ölümü ilə nəticələnmiş qəzada avtomobilin sahibinı hansı cəza gözləyir? Ekspert qanuna istinad edərkən qeyd edir ki, burada sürücünün avtomobilini bilərəkdən verdiyi sübut olunsa, sadəcə olaraq cərimə oluna bilər. “Bu cərimənin də miqdarı cəmi 180 manatdır. Bir də mülki qaydada dəymiş ziyanın ödənilməsi tələb oluna bilər. Burada tərəfin cinayət məsuliyyətə cəlb edilməsindən söz gedə bilməz”, deyə ekspert bildirib: "14 yaşlı uşağın avtomobil sürüb qəza törətməsi və adam öldürməsi hadisəsi rezonans doğurmalıydı... Soruşurlar ki, onun və ona avtomobil verənin məsuliyyəti necə olacaq? Qısaca deyək ki, hər ikisinin cinayət məsuliyyəti istisna olunur. Amma bizim qanunvericilik həmin uşağın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsini nəzərdə tutur. Bu mümkündür. Amma açığı, mən bilmirəm ki, bizdə belə müəssisə var, ya yox? Varsa, kağızdadır, ya realdır? Maşını ona verənin təqsiri, özü də qəsdi, yəni avtomobili bilərəkdən verdiyi sübut edilsə, cəmi 180 manat inzibati cəriməsi var (İXM-in 335.3-cü maddəsi). Amma həmin adam bu əmələ görə mülki məsuliyyətdən (zərərin əvəzini və kompensasiya ödəmək) qaça bilməyəcək".
Femida.az