Jurnalistin atasını vuran sürücü AZAL-da işləyir
Jurnalist İmdad Əlizadənin avtoqəzada ağır xəsarət almış atası Əli Əliyev aylardır komadadır. Avtosfer.az xəbər verir ki, bu barədə modern.az saytının araşdırmaları zamanı məlum olub ki, hadisəni törədən sürücü Qarayev Seymur Vidadi oğlu Azərbaycan Hava Yollarının ( AZAL) əməkdaşıdır.
Barəsində cinayət işi açılmasına baxmayaraq, o, normal olaraq iş fəaliyyətinə davam edir. Nərimanov Rayon Polis İdarəsində (RPİ) S.Qarayevə qarşı Cinayət Məcəlləsinin 263.1-1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə cinayət işi açılıb, hazırda istintaq gedir. İlkin mərhələdə Nərimanov RPİ-də onun barəsində 48 saatlıq həbs qərarı çıxarılıb. Daha sonra həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilib. Lakin avtomobillə vurulan şəxsin ölmədiyi əsas gətirilərək, S.Qarayev barəsində başqa yerə getməmək haqqında intizam seçilib.
Qeyd edək ki, baş verən hadisə Azərbaycanda ilk belə avtoqəza deyil. Amma bu kimi hallarda imkanı olan sürücü xəstənin müalicəsinə müəyyən məbləğdə vəsait sərf edir. Ən azı imkanı çatmasa belə, mütəmadi olaraq xəstəxanaya baş çəkib, mənəvi dəstək olur, üzərində hadisənin məsuliyyətini dərk edir.
Atasının səhhəti barədə modern.az-a danışan İ.Əlizadə heç bir dəyişikliyin olmadığını deyib. Jurnalistin sözlərinə görə, atasını komaya salan Seymur Qarayevdən nə maddi, nə də mənəvi dəstək görüblər: “Atamın vəziyyəti əvvəlki kimi ağır olaraq qalır, heç bir dəyişiklik yoxdur. İlk günlərdə olduğu kimi komadadır. Həkimlər sadəcə gözləməyi məsləhət görür, amma bu çarəsizlikdən olan gözləntidir. Çünki indiki halda əlavə müdaxilə etmək mümkün deyil. Seymur Qarayev isə avtomobili ilə vuraraq komaya saldığı və 5 aya yaxındır ölkənin ən bahalı xəstəxanasında müalicə alan xəstəyə nə maddi, nə də mənəvi dəstək olur”.
İ.Əlizadə bildirib ki, sürücü hüquq-mühafizə orqanları qarşısında işləyib xəstəyə yardım edəcəyi vədi ilə azadlığa buraxılmasını istəyib: “O, bu gün də öz işində-gücündədir, normal həyatına davam edir. Biz isə xəstə atamı sağaltmaq üçün mücadilə aparırıq. Seymur Qarayev barəsində cinayət işi açılmasına baxmayaraq, işindən azad olunmayıb”.
70 yaşlı müəllim, yazıçı-publisist Ə.Əliyev bu il fevralın 14-də metronun “Koroğlu” stansiyası yaxınlığında yolu keçərkən S.Qarayevin idarə etdiyi avtomobillə vurulub. Ağır kəllə-beyin travması alan Ə.Əliyev əvvəlcə Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasının (“Semaşko”) reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstə fevralın 22-də Mərkəzi Klinik Xəstəxanaya köçürülüb.
Qeyd edək ki, Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biridir. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.
Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.
Əli Əliyev altı övlad atasıdır.