Kim hansı yanacaqdoldurma məntəqəsindən benzin alır? - Maraqlı CAVABLAR
Bakıdakı yanacaqdoldurma məntəqələrinin fəaliyyətinə birmənalı münasibət yoxdur. Onlara inamsızlığa səbəb satdıqları benzinin keyfiyyətinin aşağı olmasından, avtomobil sahiblərinin satışda aldadılmasındam və digər səbəblərdən irəli gəlir. Maraqlıdır avtomobil sahibləri hansı yanacaqdoldurma məntəqlərinə üstünlük verirlər? Həmin məntəqələrdəki benzinin keyfiyyəti onları qane edirmi? Modern.az saytı müxtəlif sahələrdən olan maşın sahiblərinin fikirlərini öyrənib: Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (Cascfen) rəhbəri Azər Həsrət deyir ki, təxminən 15 gün öncə maşınında problem yaranıb, bunun səbəb isə benzinin keyfiyyətilə bağlıymış: “Poblem xeyli vaxt idi ki, hiss olunurdu, amma çox da bənd olmurdum. Səhər mühərriki işə salanda "güllə atırdı". Partapart aləmi başına götürürdü. Sonra sürəndə də pedala ha basırdım, sürət yığa bilmirdi. Düşündüm ki, nəsə ciddi problemi yaranıb. Ona görə də daimi ustam olan Rüstəmin yanına getdim. Diaqnostikadan keçirdi, dedi ki, maşında heç bir problem yoxdur. Elə isə problem nədir? Maşın ən azı 89 tələb etdiyi halda 92 oktan benzindən istifadə edirəm. Normaldır yəni. Rüstəm usta hardan, necə benzin aldığımı soruşdu. Dedim. Cavabı bu oldu ki, get, “Azpetrol”dan hələlik 95 oktanlı benzin al, bir az sür, problem keçib gedəcək. Elə də etdim. Doğrudan da problem həllini tapdı. Bir neçə gün öncə düşündüm ki, 92-nin durumunu yoxlayım. Ona görə də “Azpetrol”a yanaşdım. İşçidən 92-nin durumunun necə olduğunu soruşdum. Təəccüblə üzümə baxdı: axı şikayət edən yoxdur... Anladım ki, məsələ başqadır. 20 manatlıq 92 alıb yoluma davam etdim. Heç bir problem yaranmadı.
İndi soruşacaqsınız ki, problem nədə idi? Problem onda idi ki, bir nəfərin tərifinə aldanıb benzini “LukOil”dan alırdım. Problem, sadəcə “LukOil”un benzinində imiş. Forsaj belə, işləmirdi o benzinlə. İndi isə yenidən “Azpetrolda”yam və forsaj da necə lazımdır işləyir…”.
Vətəndaşların Əmək Hüquqlarını müdafiə Liqasının sədri Sahib Məmmədov: “Benzinin keyfiyyət problem zamanla yanacaqdoldurma məntəqələrinin hamısında olur. Mən SOCAR, “Azpetrol”, elə həmin “Lukoil”dən aldığım benzinlərə görə xeyli xərc çəkməli olmuşam. Filtir dəyişməlidir, benzini çəkib yenisini vurmaq lazımdır və s. Sadəcə, bəzən bunlar qatqılarda ağını çıxarırlar. Mən heç bir yanacaqdoldurma məntəqəsindən razı deyiləm. Səbəbi isə onunla bağlıdır ki, benzinin həm keyfiyyəti çox aşağıdır, həm də maşının çəninə vuranda aldadırlar, az vurular. Beləliklə həm adamın cibinə, həm də avtomobilin hissələrinə ciddi xələl gəlir. Bir sözlə, yanacaqdan da narazıyam, məntəqələrdən də”.
Futbol veteranı, keçmiş məşqçi Ağasəlim Mircavadov deyir ki, onun üçün bütün yanacaqdoldurma məntəqələrindı keyfiyyət eyni dərəcədədir. “Mənim üçün hardan rahatdırsa, oradan da maşınıma yanacaq doldururam. Amma daha çox “Azpetrol” və “SOCAR”dan istifadə edirəm”.
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, heç bir yanacaqdoldurma məntəqəsindəki keyfiyyət onu qane etmir. “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səhlənkarlığı ucbatından son vaxtlar yanacaqdoldurma məntəqələri özbaşınalıqlara yol verirlər. Kimlərsə qazanc qazanır. Amma bizlər həmin keyfiyyətsiz yanacağa görə əlavə xərclər çəkirik. Əvvəllər “SOCAR”ın yanacaqdoldurma məntəqələri yaxşı idi. Son vaxtlar isə həmin məntəqədəki keyfiyyətdən heç bir əsər- əlamət qalmayıb. Mən indi “Lukoil”dən istifadə edirəm. Ona görə ki, orada yanacağın keyfiyyəti başqalarına nisbətən çox yaxşıdır”.
Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun fikrincə, bütün yanacaqdoldurma məntəqələri onu qane edir. “Orada insanlara çox yaxşı xidmət göstərilir. “Lukoil”də isə benzinin keyfiyyəti digərlərinə nisbətən daha yaxşıdır. Ona görə də daha çox oradan istifadə edirəm”.
Mügənni Nadir Bayramlının sözlərinə görə “Lukoil”də daha keyfiyyətli benzin var. “Ustalar mənə “Lukoil”i tövsiyə etdiyinə görə, oradan istifadə edirəm. Çünki həmin yanacaqdoldurma məntəqəsi maşınıma daha az ziyan vurur. Amma ara-sıra digərlərindən də istifadə edirəm”.
Xalq artisti, mügənni Gülyaz Məmmədova deyir ki, o, daha çox “Azpetrol”dan istifadə edir. “Çünki evimizin yanındadır və mənə daha rahatdır. Məni də oranın benzinin keyfiyyəti qane edir”.
Media eksperti Ələsgər Məmmədli bildirib ki, “İsoil” və “Azpetrol”dan daha çox istifadə edir. “Çünki yolumun üstündədir. Şəhərdən kənara çıxdıqda isə “SOCAR”dan istifadə edirəm. Mən seçim qarşısında qalsam, “SOCAR”ı seçərəm. Çünki oranın benzini mənə daha çox yol qət etmək imkanı verir. Bəzi yanacaqdoldurma məntəqələrində yanacağı kəsirlər, sürücüləri aldadıb çənə az vururlar. Biz də bunu sübut edə bilmirik. Amma ümumiyyətcə, keyfiyyətə gələndə heç biri arasında o qədər də fərq yoxdur”.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlının sözlərinə görə, “SOCAR” yanacaqdoldurma məntəqələri təzə açılanda oradan istifadə edirmiş: “ Onlarda əvvəllər benzinin keyfiyyəti yaxsi idi. Sonra isə yanacaq havaya sovruldu. Basqa yerdən eyni həcmdə vurduğum benzinlə nisbətdə az olurdu. Ona görə demək olar ki, 1 ildir “SOCAR”dan benzin almıram. “Lukoil” yaxsi idi. Onun da zayı cıxdı. Oradan benzin alırsan, baxırsan ki, benzin çəni yarıyacan dolub. Maşını gətirib saxlayırsan həyətdə, səhər durub görürsən ki, yanacaq xeyli azalıb. Bilmirsən maşını gecə kim sürüb... Deməli benzinə nə qatırlarsa, buxarlanıb uçur. “ABUpetrol”da da kəsirlər. “Azpetrol”da da eyni mənzərədi. Bayılda “Azpetrol”la üzbəüz BNQ adlı yanacaqdoldurma məntəqəsi var. “Azpetrol”dan 20 manatlıq benzin alıram, yarım çən dolmur. Amma keçib o birindən alıram çən yarıyacan dolur. Bir də təzə yaranan “Tosoil” yanacaqdoldurma məntəqələri var. Onların benzini başqalarına nisbətən daha keyfiyyətlidir. Yəqin ki, yeni olduğu üçün kəsmirlər.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, onun üçün yanacaqdoldurma məntəqələri arasında fərq yoxdur. “Çünki bütün yanacaqdoldurma məntəqələrində keyfiyyət eynidir.Yolum hardan keçirsə, qarşıma çıxan yanacaqdoldurma məntəqələrindən də istifadə edirəm”.