“Köhnə maşınların texniki baxışı daha sərt olsun!” - DEPUTATDAN TƏKLİF
Milli Məclisin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə olunarkən məsələyə deputat Elmira Axundova da münasibət bildirib. Avtosfer.az-ın məlumatına görə, E.Axundova “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliyi müsbət qiymətləndirib: “Ən azı ona görə ki, mexaniki nəqliyyat vasitələri və onların qoşqularının texniki baxışı qaydaları təkmilləşdirilir. Hesab edirəm ki, mexaniki, xüsusən köhnəlmiş modellərin texniki baxışı daha sərt və ciddi olmalıdır. Çünki hal-hazırda yollarımızda külli miqdarda köhnə rus modelləri mövcuddur, mən əsasən 01, 02 və 05 model “Jiquli”, 60-70-ci illərdə istehsal olunan köhnə “Moskviç”, “Volqa” modellərini nəzərdə tuturam. Mən hərdən hər tərəfi çürük, işıqları yanmayan, arxa əyləc işıqları olmayan, qara tüstü buraxan maşını görəndə düzü başa düşə bilmirəm ki, belə maşın texniki baxışdan necə keçə bilib və ya ümumiyyətlə keçibmi? Əgər keçməyibsə, onların bizim yollarda nə işi var? Nə üçün həyatımıza təhlükə yaradır? Onlar bir tərəfdən ekologiyamıza ciddi ziyan vururlar, ikinci tərəfdən yollarda daima qəza vəziyyəti yaradırlar.
Onları nahaq yerə əhali “ölüm maşını” adlandırmayıb. Az qala hər gün yollarda baş verən ölüm xəbərlərini eşidirik. Elə bu günlərdə Zığ yolunda dəhşətli qəza nəticəsində 3 nəfər cavan oğlan “Jiquli”də yanaraq külə döndülər. Mən rayondan seçilən deputat kimi tam əminliklə deyə bilərəm ki, ölümlə nəticələnən qəzaların əksəriyyəti məhz bu markalı köhnə maşınlarda törədilir. Bunların da sahibləri və sərnişinləri böyük qisimdə qəzadan sağ çıxmırlar. Əbəs deyil ki, bir neçə gün əvvəl Bakı Baş Polis İdarəsinin rəisi Mir Qafar Seyidov demişdi ki, 2017-ci ilin I rübünün nəticələrinə görə paytaxt ərazisində baş vermiş 140 (147) yol-nəqliyyat hadisəsində 44 nəfər ölüb, 134 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yəni həlak olanların sayı əhəmiyyətli dərəcədə artıb. Mən bir neçə il əvvəl təklif etmişdim ki, biz də Rusiya və başqa dövlətlərin təcrübəsindən bəhrələnək, bütün köhnəlmiş rus modelindən olan nəqliyyat vasitələrini küçələrdən yığışdıraq və dövlət orqanları vətəndaşlara bunun müqabilində müəyyən məbləğdə vəsait ödəsin, ya da xüsusi çek versin. Bu çeklərlə onlar ilkin ödəniş etməklə güzəştli şərtlərlə başqa maşın ala bilsinlər. Məsələn, Gəncə və ya Naxçıvan Avtomobil Zavodlarının istehsalı. Hər halda hələ ki, bu təcrübə tətbiq olunmayıb, xahiş edirəm Dövlət Yol Polisinə səlahiyyət verilsin ki, belə maşınların hətta mühərriki, sürət qutusu və s. sağlam olanda belə onların xarici görünüşünün tam sıradan çıxmasına və onlar sərnişin və piyadalara ciddi təhlükə törətdiyinə görə texniki baxışdan keçirilməsinlər. Köhnəlmiş modellərlə bağlı problem həll olunmadığı müddətdə bizim yollarımızda əsl qətliam baş verməkdə davam edəcək”.
Elməddin