Marşrut avtobuslarında istidən “yanan” sərnişinlər od püskürdülər

Yazarlar 14 İyul 2017 10:33 Oxunub 2118
Marşrut avtobuslarında istidən “yanan” sərnişinlər od püskürdülər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bir ayağımız çöldə gedirik...”

Bakıda yay fəslinin ən böyük problemlərindən biri də sərnişin avtobuslarında sərinləndirmə sisteminin olmamasıdır. Yay aylarında nəfəskəsici istidə marşrut avtobuslarında sözün həqiqi mənasında qovrulan sərnişinlər illədir ki, bu dözülməz zülmdən qurtula bilmirlər. Hər yay gələndə kondisionersiz avtobuslar mövzusu mətbuatın gündəmindən düşmür.

Onu da bildirək ki, paytaxt ərazisində bir neçə istiqamətdə yeni avtobuslar xəttə buraxılsa da, vəziyyətə ümumi nəzər yetirdikdə aydın olur ki, bu problem həllini tapmayıb. Mərkəzi küçələrdə, insanların sıx yerləşdiyi ərazilərdə müşahidə aparsaq, köhnə, sərinləndirmə sistemi olmayan avtobusların daha çox olduğunu görərik. Sərnişin avtobusu dayanacaqlarına baş çəkib vəziyyəti işıqlandırmağa çalışdıq. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, günorta saat 14:30 radələridir... Havanın temperaturu 40 dərəcəyə yaxınlaşır. Bu saatlarda marşrut avtobuslarından istifadə edən sərnişinlər istidən əziyyət çəkirlər. Hətta onlar arasında vəziyyəti pisləşən yaşlılar da var. Nizami rayonu ərazisindən keçən 30, 44, 81, 35 saylı marşrut avtobuslarının sərnişinləri çıxılmaz vəziyyətdə olduqlarını deyirlər: “Hər yay gələndə marşrutlarda sərinləşdirici sistemin olmamasından əziyyət çəkirik. Əvvəllər interval dərdi çəkirdik, indi də sərinlik dərdi... Hər il bir neçə kondisionerli avtobusu xəttə buraxırlar, nədənsə biz görmürük. Ancaq mərkəzi küçələrdə rast gəlirik. Bu qara camaatı da nəzərə alsalar yaxşı olar. Marşrutların çoxunun pəncərələri işləmir. Bu zaman sürücülər məcbur olub qapıları açırlar. Cavan uşaqlar da sərinləmək üçün qapının ağzına yığışırlar. Bu isə təhlükə deməkdir. Kim ölə, kim qala... Dəfələrlə sürücülərə xəbərdarlıq etsək də, qulaqardına vururlar. Bir sözlə, bu sahədə özbaşınalıq, nəzarətsizlikdir”.

Xatırladaq ki, bu il yay mövsümü ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi daşınma xidməti ilə məşğul olan şirkətlərə xüsusi xəbərdarlıq məktubu göndərib. Qeyd olunub ki, avtobusun havalandırma və sərinləndirmə sistemi yoxdursa, qapını açıq vəziyyətdə idarə etmək qadağandır.

Bu sözlər ötən ilin yay aylarında Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən vəd idi. Qeyd edilirdi ki, bu ilin may ayının 25-dən sentyabrın 15-dək kondisioner sistemi olmayan avtobuslar xətdə qalmayacaq. Kondisioner sistemi olmayacağı təqdirdə avtobusların xətlərə buraxılmayacağı bildirilirdi.

Xatırladaq ki, ötən il Bakıda fəaliyyət göstərən 2010 avtobusdan cəmi 251-də kondisioner olub. Artıq yayın ikinci ayıdır, hələ də bu problem həllini tapmayıb. Marşrut avtobuslarının 70-80 faizi kondisionersizdir. Köhnə avtobusların xətdən yığışdırılması məsələsi gündəmə gələndən sonra sahibkarlar əl-ayağa düşüblər. Onlar işlətdikləri marşrut xəttini əldən çıxarmamaq üçün yeni avtobus almağa məcburdurlar. Ya işləməlisən, ya da işləmək istəyən sahibkara təhvil verməlisən...

50 nömrəli sərnişin avtobusunun dispetçeri Münasib Əliyev köhnə avtobusların yenisi ilə əvəzlənəcəyindən danışdı: “Gərək xəttə buraxılan avtobusları öz maliyyəmiz hesabına dəyişdirək. Biz də bilirik ki, sərnişinlər üçün istidə çətindir. Bu marşrut avtobusları Qarabağ Əlillər Cəmiyyəti və şəhid ailələrinin balansındadır. 16 marşrut avtobusumuz var. Bakı Nəqliyyat Agentliyi də bizi xəbərdar edib. Lakin xətdə işləyən avtobusları hələlik yenisi ilə əvəz etmək gücümüz yoxdur. Daha iri və kondisioner olan avtobuslar gətirmək istəyirik. Bu istiqamətdə işlər aparırıq. Bir il ərazində 2-3 marşrut almaq fikrimiz var”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayevin fikirlərini aldıq. O, problemin aradan qaldırılması üçün nəqliyyat vasitələrinin yenilənməsinin vacibliyini vurğuladı: “Hazırda paytaxtda sərnişindaşımada istifadə edilən avtobusların 25-30 faizində qoyulan tələblərə uyğun sərinləndirmə və havalandırma sistemi mövcuddur. Sərinləndirmə və havalandırma sisteminin olmaması BNA-ni narahat edən məqamlardandır. Həm sərinləndirmə, həm də havalandırma qurğuları, sərnişinlərimizin rahatlığı və təhlükəsizliyi baxımından vacib olan digər tələblərin yerinə yetirilməsi üçün mütləq şəkildə nəqliyyat vasitələri yenilənməlidir”.

M.Ağayev hazırda xətdə olan 2100 sərnişin avtobusunun 500-də kondisioner olduğunu bildirdi: “2100 avtobusun 25-30 faizində kondisioner var, dəqiq desək 500 avtobusda kondisioner var. Qalanlarını xətdən çıxarsaq, ictimai nəqliyyatda yaranacaq xaotik vəziyyəti düşünmək elə də çətin deyil. Çünki məsələlərə real yanaşmaq lazımdı. Bu gün daşıyıcının yeni nəqliyyat vasitəsi almağa imkanı yoxdur. Əksəriyyəti heç əsaslı təmir edə bilmir. Düzdü, biz onlara müəyyən qədər vaxt vermişik ki, nəqliyyat vasitələrini əsaslı təmir eləsinlər, istehsalat bazalarını normal vəziyyətə gətirsinlər. Amma ümumi problemin həlli üçün utilizasiya yeganə çıxış yoludur”. 

 

 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh