«Megafun» tıxaca və qəzalara səbəb olur – DYP isə heç nəyi "görmür" - FOTO

Yazarlar 1 Fevral 2016 15:09 Oxunub 7209
«Megafun» tıxaca və qəzalara səbəb olur – DYP isə heç nəyi "görmür" - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əyləncə mərkəzinin hər iki tərəfində hər gün qəza şəraiti və tıxac yaranır

Bakının Nobel prospektində fəaliyyət göstərən «Megafun» əyləncə mərkəzini çoxları tanıyır. Bu mərkəzə hər gün yüzlərlə insan gəlir, böyüklər, uşaqlar burada əylənir. Amma «Megafun»un həmin ərazidə yaratdığı ciddi bir problem həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinə və piyadalara ciddi əngəl törədir. Əngəl bir yana, hətta qəza şəraiti də yaranır. Burada tez-tez qəzalar da baş verir. 

Avtosfer.az-a müraciət edən sürücülər bildirirlər ki, «Megafun» əyləncə mərkəzi hər iki tərəfdən yolun hərəkət hissəsinə bitişir. Nobel prospekti ilə paralel Afyəddin Cəlilov küçəsində də hər gün «Megafun»a gələnlərin avtomobilləri sıxlıq və qəza şəraiti yaradır. Bəzən «Megafun»a o qədər insan gəlir ki, buradakı parkinq dolur və bəzi sürücülər maşını yolun kənarında saxlayırlar. Yol polisləri isə burada dayanan maşınları cərimə meydançasına aparmırlar. Çünki onlar ümumiyyətlə, bu əraziyə yaxın gəlmirlər.

«Megafun»un Nobel prospektindən girişində binanın parkinqinə daxil olmaq üçün maşınlar dayanıb növbə gözləyir. Bundan əlavə, əyləncə mərkəzinə gələnləri gözləyən maşınlar və taksilər də burada yolun hərəkət hissəsində dayanırlar. Bununla da, yolun iki zolağı zəbt olunur. Bir qədər irəlidə hətta üçüncü zolağı da tuturlar.

«Megafun»un qarşısında azı 2 piyada keçidi yan-yana çəkilib. Yolun kənarında dayanan maşınların arasından qəfil yola çıxan piyadaları görmək isə mümkün olmur və oradan keçən sürücülərə çətin anlar yaşadır. Dəfələrlə olub ki, qəflətən yola çıxan piyadaya yol vermək üçün dayanan maşınları arxadan gələnlər vurub. Burada tez-tez bu cür xırda yol qəzaları baş verir. Ötən dövrdə isə iki dəfə piyadanı maşın vurub. 

Afyəddin Cəlilov küçəsində də vəziyyət eynidir. Burada hər gün maşınlar səkiyə perpenduklyar dayanır və arxasında da əlavə olaraq bir cərgədə maşın olur. Bununla da, yolun iki zolağı zəbt olunur. Bu isə həm «Amay» Ticarət Mərkəzinin qarşısından gələn maşınlara, həm də «Megafun»un binasının başından geriyə dönənlərin əsas yola çıxmasına problem yaradır. Həmin maşınlar geriyə dönərkən ən sol zolağı tutmalı olduğu halda məcbur qalıb əsas yolda 2-ci, 3-cü zolağa çıxmalı olurlar. Bu zaman düzünə hərəkət edən maşınlarla toqquşma təhlükəsi yaranır. Bir qədər irəlidə isə «Megafun»dan çıxanları gözləyən maşınlar və taksilər yolu daraldır. Burada da piyadaların zebradan keçməsi təhlükəlidir. Çünki maşınların arasından qəfil yola çıxırlar və 60-70 km/saat sürətlə hərəkət avtomobilin bir anda dayanıb ona yol verməsi çətin məsələdir. Və elə bu səbəbdən də «Megafun»un qarşısında və arxasında hər gün tıxac və qəza şəraiti baş verir. Bunu görmək üçün çox vaxt itirmək lazım deyil. Ərazidə yarım saat müşahidə aparmaq kifayət edir.

Müşahidə demişkən, həmin ərazidə yol polisinin bir neçə müşahidə kamerası var. Maraqlıdır ki, nə kameralar, nə də ərazidə xidmət aparan yol polisləri bu qarışıqlığı və təhlükəli vəziyyəti «görmür»…

Ümumiyyətlə isə bu cür iri istirahət və əyləncə mərkəzlərinin şəhərin belə qarışıq nöqtələrində fəaliyyət göstərməsi normal hal deyil.

 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh