Məktəbləri yol polisinin müşahidə kamerası izləyə bilər - Problem var
“Yol tıxacdır, ona görə də, “İnqilab” da (indiki Həsən Əliyev) düşmək istəyənlər zəhmət olmasa, bu dayanacaqda ensinlər. Avtobusun hərəkət istiqaməti dəyişir”. 88 saylı avtobus sürücüsünün bu sözü bəzi sürücülərin üzündə narazı ifadə yaratsa da, çoxu sürücüyə haqq verdi. Sərnişinlər hər gün səhər saat 8-9, günorta 12:15 radələrində Azadlıq prospekti istiqamətində nəqliyyatın hərəkətinin iflic olduğundan şikayətlənirlər. Təranə Orucova adlı sərnişin yolda bu cür tıxac yaranmasının səbəbinin məktəblərin kənarlarında saxlanılan avtomobillər olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, şagirdlərin məktəbə gəldiyi və dərsdən çıxdığı saatlarda paytaxtın ümumtəhsil müəssisələrinin ətrafı keçilməz olur: “Hər dəfə 47 nömrəli məktəbin yanında yarım saatdan çox gözləməli oluruq. Valideynlər uşaqlarını dərsdən çıxarıb evə gedəndən sonra yol açılır”.
Sürücü Nazim Yolçuyev də problemin yeni tədris ili başlayandaн demək olar ki, hər gün yaşandığından şikayətlənir: “Biz intervalla işləyirik. Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsinə çatmamış tıxac başlayır. Səbəb də görüdüyünüz kimi valideynlərin, taksilərin məktəb ətrafında dayanmasıdır. Аз гала щamı uşağını məktəbə avtomobillər aparıb-gətirir. Düzdür, bu, onların öz şəxsi işidir. Amma valideynlərin hamısının uşağını məktəbin düz qapısından avtomobilə mindirməsi normal hərəkət deyil. Hər kəs istəyir məktəbin qapısından uşağı birbaşa avtomobillə aparsın. Hamısı da avtomobili yolun hərəkət hissəsində əyləyir. Məktəbə uşaq aparıb-gətirən taksilər də eyni problem yaradır. Yolun hərəkət hissəsində avtomobildə dayanıb uşaq gözləyirlər. Dərslər başlayandan günümüz məktəblərin yaxınlığında saatlarla tıxacda gözləməkdir. Yol polisi dərs başlayanda bir-iki gün hərəkəti nizamlasa da, sonradan eyni vəziyyət davam etdi. Məktəblərin qarşısında, yolun hərəkət istiqamətində saxlayan avtomobil sahiblərini cərimələsələr, nəzarət ciddi olsa, biz də sərnişinlərlə saatlarla tıxacda dayanmarıq”.
Ürəyi dolu olan N. Yolçuyev məcbur olub avtobusun hərəkət istiqamətini dəyişdiklərini söyləyir: “Məcbur olub yolu dəyişirəm. Onda da bir, iki dayanacağa girə bilmirəm. Bu da həm sərnişinləri narazı salır, həm də xətt sahibini”.
Qeyd edək ki, artıq illərdir ki, paytaxt sakinləri,sürücülər tədris ili başlayandan başa çatanadək eyni problemi yaşayırlar.
Nəqliyyat üzrə eskpert Elməddin Muradlı Movqe.az-a açıqlamasında problemin aradan qaldırılmasının yolunun məktəblərin ətrafına yol polisinin müşahidə kameralarının qoyulmasında görür. Həmsöhbətimiz deyir ki, DYP-nin hər məktəbin yanına bir yol polisi əməkdaşı təhkim etmək imkanı yoxdur: “Paytaxtda 500 yol polisi əməkdaşı var. Polisin nəzarətində olan evkuatorların da sayı 60-ı ötmür. Amma Bakıda 200 dən çox məktəb var. Rəqəmlərdən də görünür ki, yol polisi məktəblərin hər birini nəzarətdə saxlaya bilməz. Hazırda məktəblərin ətrafında valideynlər avtomobili ikinci-üçüncü cərgədə saxlayırlar. Çox təəssüf ki, bəzi valideynlər öz avtomobilinin markası ilə öyünmək üçün uşağı düz məktəbin qarşısından avtomobilə mindirir. Bu gün Bakının mərkəzində yerləşən məktəblərinin demək olar ki, hamısının qarşısı tıxac olur. Bunun da əsas günahkarı qeyd etdiyim kimi, valideynlərdir. Onların dayanma-durma qaydalarını pozması paytaxtda nəqliyyatın hərəkətini iflic edir”.
E. Muradlının sözlərinə görə, dayanma-durma qaydalarının pozulmasına görə cərimə 20 manatdır: “Əgər avtomobil evakuator xidməti ilə cərimə meydanına aparılırsa, əlavə 20 manat da ödənilir. Düşünürəm ki, digər yol hərəkəti qayda pozuntularında olduğu kimi təkrar qayda pozmaya görə cərimə məbləği artırılmalıdır. Yaxud da əraziyə yol polisinin nəzarət kameraları qoyularaq hər gün məktəblərin qarşısında dayanma-durma qaydalarını pozan avtomobillər qeydə alınaraq elektron protokol yazılmalıdır. Bir ay qaydanı pozaraq yolun hərəkət hissəsində saxlayan sürücü hər gün cərimələnsə, yəqin ki, sürücülər başqalarının narahatlığına səbəb olan vərdişlərindən əl çəkərlər”.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi də, avtomobili olan valideynləri təhsil müəssisələrinin qarşısında dayanma- durma qaydalarına əməl etməyə səsləyib. Amma buna baxmayaraq, valideynlərin əksəriyyəti bu çağırışa və qanuna əməl etmirlər.