“Mən Azərbaycanlıyam” demək haqqı... - FOTOLAR

Yazarlar 27 İyun 2017 01:18 Oxunub 1839
“Mən Azərbaycanlıyam” demək haqqı... - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polisə müraciət edib kömək umanlar köməksiz qalmırlar

Çox da keçmişə qayıtmaq istəmirəm. Amma çoxlarının dediyi kimi keçmiş heç də keçmişdə qalmır. Keçənləri kədərlə anıb, sevinclə xatırlamğın da öz yeri var. Təki gördüyümüz hər iş həm üzümüzü ağartsın, həm də  Vətənimizin adına ucalıq gətirsin...

Dövləti ayaqda saxlamaq, onu vətəndaşların güvənc yerinə çevirmək üçün ölkə Prezidenti möhtərəm İlham Əliyevin dediyi kimi “Hər bir məmur xalqın xidmətçisi olmalıdır.” Bu mənada, digər hüquq-mühafizə orqanları ilə yanaşı, dövlətçilik tariximizdə polisin asayiş keşikçisi, sabitliyin təminatçısı kimi məsul bir vəzifə sahibi olmağından başqa, həm də vətəndaşlıq borcu var və o, bunu heç vaxt unutmur. Bu, Vətənə, xalqa və dövlətə olan borcdur ki, onun məsuliyyətini dərk edənlər içimizdən çıxıb zamanımızın qəhrəmanı səviyyəsinə yüksəlirlər...

Adı andına, andı adına ucalıq gətirən Azərbaycan polisinin dünəni də şərəflidir, bu günü də. Cümhuriyyət yaşıdı və yadıgarı polisimizi güclü, sabaha inamlı edən vətəndaşların ona olan etibarıdır, etimadıdır.

DİN-ə ünvanlanan onlarla məktubdakı razılıq hissini, minnətdarlığı, polisə rəğbəti oxumaq və bu sevinci yaşamaq nə yaxşı ki, bizlərin də bəxtinə düşüb.  Hətta bu məktubların izi ilə paytaxtımızda və yerlərdə vətəndaşlarla görüşüb həmin minnətdarlıqları öz dillərindən eşitmişik. Görəvimiz elədir ki, biz reklama işləmirik. Gördüyümüz konkret iş var: sabitliyi, əmin-amanlığı qorumaq, cinayətkarlıqla qəti və dönməz mübarizə aparmaq. 

Yeri gəlmişkən, vətəndaşlarla keçirilən görüşlərdə birbaşa polisə aid olmasa da  səsləndirilən problemlərin həllində polisin həssaslıq nümayiş etdirməsi və vətəndaşı məmnun edən addım atması polis-vətəndaş həmrəyliyinin güclənməsinə təkan verən amillərdəndir. Elə son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında sabitliyin, asayişin etibarlı təmini, baş vermiş bəzi fövqəlada hadisələr zamanı polisin ayıq-sayıqlığı vətəndaşların diqqətindən yayınmır.

Məktəblərdə narkomaniya, erkən nikah, dini radikalizmin fəsadları ilə bağlı keçirilən maarifləndirici tədbirlərin təşkilatçısı kimi polisin ön sıralarda olması, multikultural dəyərlərlə birgəyaşayışın inkişafa yol açdığını regionda və dünyada ölkəmizin sülhün təminatçısı olduğunu insanlara aşılayanların içində polisin boy verməsi anda sadiqliyin, Vətənə sevginin bariz nümunəsidir. 

Məramımız, amalımız uğrunda bütün sınaqlardan üzü ağ çıxdığımız Vətənimizdə sabitliyi, asayişi etibarlı təmin etməkdir. Elə bu məqsədlə də  DİN rəhbərliyinin təşəbbüsü ilə nizam-intizamı bu gün də yerində olan polisin veteranlar ordusu DİO-da yaradılan şəraitdən yararlanaraq gözəl bir fəaliyyət sərgiləyirlər. Yəqin ki, DİN Mətbuat Xidmətinin məlumatlarında “Polis veteranları cəbhə bölgəsində”, “Polis veteranları məktəblilərlə görüş keçirdi” başlıqları  dəfərlərlə diqqətinizi çəkib. 

Polisə müraciət edib kömək umanlar köməksiz qalmırlar. Bunu Xətai rayon sakinləri də yaxşı bilirlər-xüsusən də Nəsrəddin Tusi küçəsi 19-da yaşayanlar...

RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edənlər Əliağa Şıxlinski və Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşən parkın zibilliyə çevrilməsindən və ağacların qırılmasından şikayət etmişdilər. Elə keçirilən məhəlli görüşlərinin birində RPİ-nin rəisi, polis polkovniki Muradəli Babayevdən də  kömək istənilmişdi. 

Bəli, yaşıllıqları qorumaq hər birimizin müqəddəs borcudur. Təəssüf ki, parkları, yaşıl guşələri zibilləyənlər, onları məhv edənlər cəmiyyətdə qınaq obyektinə çevrildiklərinin fərqində ola-ola yenə də pis əməllərindən əl çəkmirlər. Ancaq başlarının üstündə polisi, “bıçaq sümüyünə dayanmış” aidiyyatı qurumu görəndə isə “İlan ulduz görməsə ölməz” məsəli yada düşür...

Məhz sözü gedən məsələ ilə bağlı polisin müdaxiləsindən sonra işinə, vəzifəsinə laqeyd yanaşan bəzi qurumlar hərəkətə keçib, parkda təmizlik işinə başlayıblar. Bunu da bizə sakinlər dedilər. 

Parkın ərazisi böyük olmasa da istirahət üçün çox gözəldir. Bura sakinlər tərəfindən tut, əncir, gilas, gilənar, heyva, nar ağacları da əkilib. Məlum oldu ki, əvvəllər buranı hasarlayıb kimlərsə ev, obyekt tikmək istəyiblər, ancaq arzularına çata bilməyiblər. Sakinlərin haqlı narazlığına rayon rəhbərliyi çevik reaksiya verib və bu işdə polis də insanlarımıza öz dəstəyini nümayiş etdirib. 

Görülən işlərlə tanış olmaq üçün biz də həmin parka üz tutduq.

Gördüklərimiz gözümüzü, könlümüzü oxşadı. Parkın ərazisi zibilliklərdən təmizlənirdi, sınmış, təmirə ehtiyacı olan uşaq oyun atraksyonları ərazi polis bölməsinin əməkdaşlarının, xüsusən də sahə rəisi, polis mayoru Bərxudar İbadovun köməkliyi ilə təmir edilmişdi.Sakinlər də dinc  durmurdular, ərazinin təmizlənməsinə cavabdeh olan MKTB-nin işçiləri ilə birlikdə qollarını çırmayıb işləyirdilər. 

Kimi dindirdimsə parkın qorunmasında əməyi keçən, sözü eşidilən polisimizdən razılıq eşitdim. 

“Bura bizim yayda qızmar günəşdən, istidən qorunmaq üçün yeganə ümid yerimizdir. Bu parkı, bu ağacları göz bəbəyimiz kimi qoruyuruq. Onsuzda şəhərimizdə yaşıllıqların sayı get-gedə azalır. Meqapolisə çevrilən Bakımızda hərəyə bir ağac əksək həm savab qazanar, həm də təmiz havaya möhtac qalmarıq.”

Məhəllə Komitəsinin sədri Zakir Hüseynov, Nizam Abdullayev, Sədi Kərimov, Ələkbər Əliyev, Həmid Həsənov və Telman Məmmədov polisin fəaliyyətindən razılıqlarını bildirdilər. Onu da vurğuladılar ki, bu gün DİN rəhbərliyi kadr seçiminə çox həssaslıqla yanaşır. Hətta polisə aid olmasa belə, üzləşdikləri problemlərin polis tərəfindən həll edilməsi sözsüz ki, vətəndaşı məmnun edir...

Xətai RPİ-nin əməkdaşları da (bu bütün DİO əməkdaşlarına aiddir) xidmətdən kənar vaxtlarda cinayətkarlıqla mübarizə aparırlar. Elə bu yaxınlarda baş vermiş soyğunçuluq faktının üstü xidmətdən kənar vaxt RPİ-nin məsul növbətçisi, polis mayoru Arif Həbiblinin sayıqlığı nəticəsində açılıb və cinayətkar yaxalanıb...

İnamla deyə bilərik ki, məsuliyyəti, peşəkarlığı ilə insanların rəğbətini qazanan   Azərbaycan Polisinin bu gün ürəkdən “Mən Azərbaycanlıyam” deməyə haqqı var.  

 

Hafiz Təmirov,

DİN Mətbuat Xidmətinin əməkdaşı,

pols mayoru

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh