"Mənə heç nə olmaz" deyən sürücülərin sonu... - Aqil Rəhimovdan sürücülərə SƏRT TƏNQİD

Yazarlar 22 Mart 2025 10:00 Oxunub 1086
"Mənə heç nə olmaz" deyən sürücülərin sonu... - Aqil Rəhimovdan sürücülərə SƏRT TƏNQİD
WhatsApp kanalı|

"Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı azalmır, əksinə, təhlükəli sürücülük vərdişləri qəzaların artmasına səbəb olur!" - Bu fikirləri qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sosial şəbəkə hesabında bildirib.

O, bu məsələyə toxunaraq, bir çox sürücülərin yol hərəkəti qaydalarına əməl etmədiyini, əksinə, şəxsi təcrübə və "milli adət-ənənə" adlandırdığı davranışlarla avtomobil idarə etdiyini vurğulayıb.

Onun sözlərinə görə, bəzi sürücülər yol nişanlarını, qaydaları tamamilə nəzərə almadan hərəkət edir, sürət həddini aşır, təhlükəsizliyi düşünmədən avtomobillərini idarə edirlər. Belə hallar isə yalnız sürücülərin öz həyatını deyil, digər hərəkət iştirakçılarının da həyatını ciddi təhlükə altına atır. Aqil Rəhimov xüsusilə sürücülərin düşüncə tərzinə toxunaraq, onların "nişan nədir, uçdum e", "mən 5-ci sinifdən maşın sürürəm", "gör qardaşın indi nə edəcək", "qəti qorxusu yoxdur, bas qaza", "burada hamı belə sürür", "mənə heç zad olmaz", "yol verin! - görmürsünüz mən gəlirəm?", "əcəb edirəm, beş də artıq" kimi yanaşmalarını sərt tənqid edib.

Təcrübəli təlimçi bu cür məsuliyyətsiz yanaşmaların hər il minlərlə insanın həyatına son qoyduğunu vurğulayaraq, bu faciələrin qarşısını almaq üçün cəmiyyətin düşüncə və davranış tərzində ciddi dəyişikliklərin vacibliyini qeyd edib. O, insanları daha məsuliyyətli olmağa, yol hərəkəti qaydalarına əməl etməyə və başqalarının həyatını təhlükəyə atmaqdan çəkinməyə çağırıb.

Onun fikrincə, yollarda hərəkət edən hər bir şəxs öz məsuliyyətini dərk etməlidir. Əks halda, bu cür laqeydlik gələcəkdə daha böyük faciələrə səbəb olacaq. O, sonda "Bəs deyilmi artıq? Qırıla-qırıla hara gedirik?" deyərək sürücülərə səslənib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh