Mərkəzdən hava limanına 30 dəqiqəyə - 1 manat 30 qəpiyə
Bayram tətili bitmək üzrə olduğundan paytaxtdan aeroporta üz tutan sərnişinlərin sayı az idi. Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən yeganə avtobusun sərnişinləri daha çox tətili paytaxtda başa vurub Naxçıvana qayıdanlar idi. İlk dayanacağı “28 May” metro stansiyasının qarşısı olan “Baku Bus” MMC-yə məxsus “İveco” markalı avtobusa əyləşərək hava limanına kiçik səyahət etmək qərarına gəldik. Avtobusun yola düşməyinə 4 dəqiqə qaldığından sürücü vaxtını dəyərləndirmək üçün hava alırdı. Cənubi Azərbaycandan gəlmiş turist avtobusa yaxınlaşaraq qiymət və intervaldan sonra çemodanına da yer olub-olmayacağını soruşdu. Sürücü isə zarafatla, “istəsəniz bir maşın çemodan gətirin, bütün baqaj boşdur” dedi.
Avtobusa minənlər isə “BakıKART”dan istifadə edirdilər. Yaxınlıqda istənilən şəxsin rahatlıqla ödəmə kartı alıb yükləməsi üçün terminallar olsa da, əlbəttə, kartı olmayanlar, yenə də başqasının kartına pul yükləyib keçənlər də var idi. Avtobusda isə məndən başqa 4 sərnişin vardı. 15 dəqiqə intervalla işləyən və 30 dəqiqəyə hava limanına çatan avtobus yalnız “Koroğlu” metro stansiyasının qarşısında dayanır. Burada digər avtobuslarda adət etmədiyimiz bir yaxşı maqam isə sürücünün planla deyil, maaşla işləməsidir. 8 saatlıq işdən sonra növbə dəyişir və sürücünü digər həmkarı əvəz edir. Elə sərnişinlər də rahatlıqla getmələrindən məmnun idilər.
Naxçıvandan Bakıya gəlib işləyən və ali məktəbə hazırlaşan Mehriban İsmayılovanın sözlərinə görə, tez-tez bu marşrutdan istifadə edir. Həm rahatlıq, həm də qiymət onu qane edir: “Mən tez-tez aeroporta gedib qohum və tanışları qarşılamalı oluram. Hər dəfə bu marşrutdan istifadə edirəm. Çox rahatdır, qiyməti də sərfəlidir. Əvvəllər çox əziyyət çəkirdik, avtobus olmadığından çox vaxt taksi ilə getməli olurduq. Bu da baha başa gəlirdi. Bu dəfə rəhmətə gedən yaxınımızın meyitini aparmağa gəlmişəm. Yenə də bu avtobuslar çox sərf edir, dəqiq və səliqəli işləyirlər”.
Söhbətə necə başım qarışmışdısa, yarım saatın keçdiyini hiss eləmədim. Avtobus düz hava limanının girişinə ən yaxın məsafədə saxladı. Sərnişinlər ödənişi hələ mindikləri zaman etdiklərinə görə, arxa qapıdan enib hava limanına daxil oldular. Avtobusun rahatlığı sürücüləri və sərnişinləri qane etsə də, narazılar da var. Bunlar hava limanında taksi xidməti göstərən sürücülərdir. Hava limanı inşa olunandan burada işlədiyini deyən Əbülfəz İsayevin sözlərinə görə, avtobus xətti açılandan qazancları yarıbayarı azalıb. Əvvəllər marşrut olmadığından insanlar taksiyə minməyə məcbur idilərsə, indi yalnız imkanı olanlar taksiyə minir: “Sərnişinin birini “Koroğlu” metrosuna qədər 2 manata aparırıq. Amma bunun üçün dayanıb gözləmək lazımdır ki, müştəri yığılsın, maşın dolsun. Demək olar ki, gözləyən yoxdur, hamı avtobusla gedir. Əvvəllər Yasamala 20 manata gedirdiksə, indi elə olur ki, 13 manata aparıram, çünki müştəri yoxdur. Axı bizə də buradan pul qalmalıdır, aeroporta daxil olanda hər 2 saata görə 1 manat ödəyirik. Əvvəllər xaricdən qayıdanların çoxu taksiyə minirdi, indi ancaq imkanı olanlar minir”.
Taksi sürücüləri ilə bir az dərdləşəndən sonra “28 May” metrosuna gedən növbəti avtobus gəldi. Avtobus çatar-çatmaz gənc oğlan özünü içəri atıb sürücüdən tez çıxmasını istədi: “Qardaşım dünəndən yoxdur, deyəsən Türkiyəyə gedib. Gəldim ki, bilet alıb-almadığını öyrənim. Dedilər ki, bu məlumat məxfidir, ancaq polisdə ərizə yazmalısınız ki, onlar araşdırma aparsınlar. Ona görə də, təcili polisə getməliyəm...”.
Sürücü onu sakitləşdirməyə çalışaraq “gəlin əyləşin, 3 dəqiqəyə çıxırıq. Bizdə interval var, ondan tez çıxa bilmərik” deyə izah etdi.
“Koroğlu” metrosundakı dayanacaqda isə sürücü növbəni başqa həmkarı ilə dəyişdi. Əlindəki kağıza təhvil verməsi ilə bağlı qol çəkdi. Boş olduğundan onunla bir neçə kəlmə işi və sərnişinlər barəsində danışmağa imkan tapdıq.
Məlum oldu ki, adı Elmandır. “Baku Bus”ın hava limanına sərnişin daşıyan xətti açılandan burada işləyir. Sərnişinlər kimi Elman dayı da işindən razı görünürdü. Əvvəllər istədikləri yerdə avtobusu saxlatmaq istəyən sərnişinlərin olduğunu deyən sürücünün sözlərinə görə, artıq insanlar bu sistemə öyrəşiblər: “Sərnişinlər əvvəllər bizdən dayanacaqdan kənarda saxlamağımızı istəyirdilər. Amma biz onlara izah edəndə ki, buna ixtiyarımız yoxdur və saxlasaq işdən çıxararalar, onlar başa düşürdülər. Ümumiyyətlə, sərnişinlərin səviyyəsi bizi qane edir, çox mədəni şəkildə əyləşirlər və düşəndə də təşəkkür edirlər...”
Sərnişin sayının azlığını isə sürücü aeroporta gedən marşrut xəttinin yeni açılması və insanların çoxunun xəbərinin olmaması ilə əlaqələndirdi.
Söhbətimiz bitməmiş sürücü qonşu oturacaqdakı telefonu götürüb polis bölməsinə tələsən sərnişinin arxasınca yüyürdü. O, necə həyəcanlı idisə, düşərkən telefonunu da avtobusda unutmuşdu. Xoşbəxtlikdən yaxında idi və sürücü telefonu ona çatdıra bildi.
Bu qədər rahat gedib-gələcəyimi düşünmürdüm. Görünür, nəqliyyatın çətinliyindən uşaqlıqdan aeroporta getmək mənim yadımda çox uzaq məkana, hətta dünyanın o başına getmək kimi qalıb. Artıq, belə demək olarsa, dünyanın o başı lap yaxındır. Arada 1 manat 30 qəpik və 30 dəqiqə var. Həm də rahat və həyəcansız 30 dəqiqə.