Məşhur ekspert "5 mərtəbə" dairəsindəki vəziyyəti belə izah etdi - VİDEO
“5 mərtəbə” dairəsi kimi tanıdığımız Ş.Qurbanov, M.Əliyev və Füzuli küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub. Orada 4.3 “Dairəvi hərəkət təşkil olunmuş yolayrıcı” nişanları yığışdırılaraq adi svetoforsuz yolayrıclarına uyğun hərəkətin təşkilinə cəhd edilib. Bu yenilik sürücülərin geniş marağına səbəb olub, mətbuatda və sosial şəbəkələrdə bir neçə gündür ki, müzakirə edilir. Yeniliyin nədən ibarət olduğunu və yol hərəkətinə dair qanunvericiliyə uyğunluğunu aydınlaşdırmaq üçün yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova müraciət etdik. Həmin yolayrıcında hərəkətin yenidən təşkili sxemi ilə yerində tanış olduğunu deyən hüquqşünas Avtosfer.az-a bildirdi ki, orada hərəkətin yenidən təşkili natamam və səthi aparılıb. Hətta mövcud qanunvericiliyin tələblərindən kənara çıxan müəyyən məqamlar da mövcuddur: "Qurbanov küçəsi istiqamətindən dairə boyunca hərəkətdə olanlar qarşısına 2.5 “Dayanmadan keçmək qadağandır” nişanı qoyulub. Əvvəla, həmin nişanın ora qoyulmasına heç bir ehtiyac yoxdur, çünki orada kəsişən digər istiqaməti kifayət qədər aydın şəkildə görmək mümkündür. Görünmə məhdudiyyəti olmadığına görə ora uzaq başı 2.4 - “Yol verin” nişanı qoyula bilərdi. Əslində isə hərəkətin belə yenidən təşkilinin hansı zərurətdən doğduğu aydın deyil. Hətta böyük ehtimnalla indiki hərəkət sxemi orada mövcud olan faktiki hərəkət intensivliyinə uyğun deyil və həmin dairədə daha ciddi problemlər yaradacaq".
Ə.Hüseynov orada müşahidə apardığı 15-20 dəqiqə ərzində aydın şəkildə görüb ki, M.Əliyev küçəsi ilə dairəyə daxil olan nəqliyyatın sayı Ş.Qurbanov küçəsi istiqamətindən daxil olanların sayından əhəmiyyətli dərəcədə azdır: "Belə şəraitdə dairədə dayanaraq yol vermək o deməkdir ki, həmin dairədə tıxac yaranacaq. Özü də dairədə tıxac yarananda dairəboyu bütün birləşmələr bağlanır, yəni indiki sxem üzrə Ş.Qurbanov küçəsi tərəfdə tıxanma olarsa, Ş.Qurbanov küçəsi ilə yanaşı, Füzuli küçəsində, habelə həmin M.Əliyev küçəsinin özündə dairəyə qədər tıxac yarana bilər. Maraqlıdır ki, mən orda müşahidə aparanda DYP əməkdaşları hərəkəti tənzimləyirdilər, özü də məcbur olaraq Ş.Qurbanov küçəsi istiqamətinə üstünlük verməklə tənzimləyirdilər.
Yeni sxemin ən ciddi qüsuru odur ki, Ş.Qurbanov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində hərəkət növbəliliyi müyyən edilməyib. Müşahidə apardığım vaxt Ş.Qurbanov küçəsi ilə dairəyə daxil olmaq istəyən sürücülərin Füzuli küçəsi tərəfdən gələnlərə yol verdiyini gördüm. Lakin indiki sxem bunun əksini deyir. Çünki Ş.Qurbanov küçəsi tərəfdən gələnlər Füzuli küçəsi tərəfdən gələnlərin sağından yaxınlaşırlar. Üstünlük nişanları olmadığına görə Ş.Qurbanov küçəsi tərəfdən gələnlər üstünlüyə malikdirlər. Lakin hazırda sürücülər bunun tam əksini edirlər və yol hərəkəti qaydalarını kütləvi surətdə pozurlar. Bunun səbəbi isə həmin dairədə hərəkətin təşkilinin natamamlığı və səthi həyata keçirilməsidir".
Göründüyü kimi, həmin dairədə hələ ki, hər şey yerində deyil. Hüquqşünasın sözlərinə görə, həmin yolayrıcında məhz Ş.Qurbanov və M.Əliyev küçələrində hərəkəti elə təşkil etmək olar ki, sürücülərin bir-birinə yol verməsinə o qədər də böyük ehtiyac olmaz. Yalnız M.Əliyev küçəsi ilə gəlib dairəboyu fırlanmaqla "Nizami" metrostansiyası istiqamətində hərəkətə edənlərin yol verməsinə zərurət yarana bilər. M.Əliyev küçəsi ilə hərəkətini “28 May” metrosu istiqamətində davam etdirənlər isə dairədə heç kəsə mane olmadan hərəkət edə bilərlər.
Ümumiyyətlə, hazırda tətbiq edilməsinə cəhd edilən sxemin uğursuz olduğunu indidən söyləmək mümkündür. Yaxın gələcəkdə həmin dairənin tam ləğv ediləcəyi məlumdur, amma hələlik elə edilməlidir ki, orada problem olmasın, tıxac yaranmasın və qəzalar baş verməsin.
Elməddin