Reklam

Müqəssir kimdir: Hacıbala Abutalıbov, yoxsa...

Yazarlar 20 Oktyabr 2016 12:12 Oxunub 1448
Müqəssir kimdir: Hacıbala Abutalıbov, yoxsa...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekspertlər Bakının su altında qalmasına görə BŞİH rəhbəri ilə yanaşı, digər qurumların rəhbərlərinin də məsuliyyət daşıdığını deyir

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sosial şəbəkələr və mətbuatın “baş qəhrəmanı”na çevrilib. Bakıda yağışlı hava şəraitinin yaratdığı problemlərə görə hər kəs onu günahkar görür, hətta gülüş doğuran fotolarını paylaşaraq onu tənqid edirlər. 

Ancaq elə problemlər var ki, buna birbaşa cavabdeh olan aidiyyəti qurumlar var. Məsələn, işıq probleminə “Azərişıq”, su probleminə “Azərsu”, yollarda yaranan problemlərə görə “Azəravtoyol” ASC, eləcə də qaz probleminə görə “Azəriqaz” İstehsalat Birliyi məsuliyyət daşıyır və bu problemlərin  aradan qaldırılması birbaşa bu dövlət orqanlarının işidir. Amma sel fəlakətinə görə əksəriyyət paytaxt merinin üzərinə yüklənilib, hamı ondan problemlərin həllini tələb edir, onun vəzifəsindən getməsini istəyir. 

Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, maraqlı olan odur ki, bugünlərdə H.Abutalıbov susqunluq nümayiş etdirir. Əcəba, Bakıdakı duruma görə müqəssir kimdir?

İqtisadçı ekspert Natiq Cəfərli BŞİH rəhbərinin bu qədər tənqid hədəfi olmasına belə aydınlıq gətirdi: “Azərbaycan Avropa Şurasına üzv qəbul olunanda Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması və seçkilərin keçirilməsi məsələsi gündəmdə idi. Hacıbala Abutalıbov seçilmiş mer olsaydı, bu tənqidlərin hədəfinə gəlməsi təbii görünərdi. Böyük Şəhər Bələdiyyəsinin yaradılması o demək olacaqdı ki, bütün infrastruktur, o cümlədən kommunal sistemlər bələdiyyə tərəfindən idarə olunacaqdı. İndi ayrı-ayrı qurumların müxtəlif məsuliyyətləri var. Hazırda icra hakimiyyətinin məsuliyyəti daha çox tikinti məsələsində önə çıxa bilər. Amma bütün infrastrukturla bağlı yaranmış problemlərin kökündə yalnız Bakı merinin fəaliyyətinin dayandığını demək haqsızlıq olardı. Çünki onun  səlahiyyətləri də bu günə qədər bəlli deyil ki, haradan başlayıb, harada qurtarır. İdarəetmə sistemində qarışıqlıq yaradılıb. Bakı Şəhər İcra Hakimiyyətinin ”Azərişıq", “Azəriqaz”, “Azərsu” kimi orqanların işinə qarışmağa səlahiyyəti yoxdur. Hər halda, qanunla buna ixtiyarı yoxdursa, onların ucbatından yaranan problemlər təbii ki, bir nəfərin ayağına yazılan problemlər deyil. Bu sistemin problemidir. Yağan yağışlar Bakıda idarəetmə sisteminin iflic olmasının sübutudur. Bununla bağlı ciddi düşünülməli və düzgün qərarlar verilməlidir. Bütün infrastruktur bir əldə cəmləşdirilməlidir. Hər orqanın məsuliyyəti ortaqlıda qaldıqda, nəticədə belə xaotik durum yaranır. Hamı məsuliyyətdən çəkilməyə və problemləri başqasının üzərinə atmağa çalışır. Əgər “Azəravtoyol” yolları çəkibsə, burada yağış suları üçün normal şərait yaradılmayıbsa, suların axıntısı üçün normal texniki cəhətlərə əməl olunmayıbsa, bunun da günahı Bakı Şəhər İcra Hakimiyyətinə yazılıb. Burada hərənin öz məsuliyyəti var. Təbii ki, Hacıbala Abutalıbovun da məsuliyyəti var. Amma tamamilə günahları bir qurumda axtarmaq doğru deyil".

İqtisadçı ekspert Bakı merinin susqunluğuna da aydınlıq gətirdi: “Hacıbala Abutalıbovun ictimaiyyət qarşısında məsuliyyəti yoxdur. O seçilmiş bir mer deyil ki, seçicilərdən asılı olsun, onlara hesabat versin. Ona görə Bakı meri vətəndaş və cəmiyyət qarşısında heç bir məsuliyyət hiss etmir. Bu baxımdan, deyirəm ki, biz məsuliyyət hissi yaratmaq istəyiriksə, mütləq Bakı Şəhər Böyük Bələdiyyəsi yaradılmalı, bələdiyyə seçkiləri keçirilməli və paytaxtın öz hökuməti formalaşmalıdır. Sivil dünyanın getdiyi yol budur. O zaman məsuliyyət də, vətəndaş qarşısında hesabatlılıq da yaranır”.

İqtisadçı deputat Vahid Əhmədov bildirdi ki, məntiqlə yağışlara görə heç bir problem olmamalı idi: “Çünki milyardlarla vəsait xərclənib. İstər su, istər qaz, istər də işıq olsun, belə götürəndə heç bir problem olmamalı idi. Amma çox təəssüflər olsun ki, bunlar baş verdi. Doğrudur, yağış da güclü və kəskin oldu. Günlərlə davam etdi. Bəlkə də bir neçə ayın miqdarı bir dəfə yağdı. Bakı şəhərində problemlər özünü daha çox göstərdi. Paytaxta cavabdeh şəxslər var. Bakı meri şəhərin bütün sosial və iqtisadi məsələlərinə cavabdeh şəxsdir. Şəhər meri olaraq, bütün məsələlərə o diqqət yetirməlidir. Baş verən problemləri Azərbaycan hökuməti və müvafiq qurumlar qarşısında qaldırmalıdır. Bu baxımdan, hesab edirəm ki, onun günahı var. Amma digər qurumların da günahı çoxdur. Yaranan problemləri aradan qaldırmaq hamının borcudur”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa təkcə H.Abutalıbovun bu şəkildə tənqidə tuş gəlməsini doğru hesab etmir: “Yaşıllığa biri, kanalizasiyaya digəri, yol tikintisinə digər biri baxır. Bunların hamısı birlikdə koordinasiya olunmur. Olunursa belə, Hacıbala Abutalıbovun bu işdə hər hansı bir səlahiyyəti görünmür. Azərbaycan cəmiyyətində belədir, üzü yumşaq kimi tapırlarsa, ən çox onun üzərinə gedirlər. Bir çox sahələr var ki, hamını eyni şəkildə qane etmir. Amma bəlkə də ən çox zəhmətkeş kadrlardan biri Hacıbala Abutalıbovdur. Təbii ki, onun da nöqsanları var. Mən də müşahidə edirəm ki, hər dəfə onun adı hallanır. Amma ədalət naminə deyək ki, bəlkə də iqtidarın ən çalışqan kadrlarından biri Hacıbala Abutalıbovdur. Ola bilər ki, hansısa ifadəsi cəmiyyət tərəfindən fərqli qarşılanır. Amma bir neçə işlək kadrdan biridir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh