Reklam

Nazirlər Kabineti gecikdirir, yol polisi hamıya eyni blankda protokol yazır

Yazarlar 10 Sentyabr 2016 15:53 Oxunub 4991
Nazirlər Kabineti gecikdirir, yol polisi hamıya eyni blankda protokol yazır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezidentin fərmanı ilə sürücü və piyadalar üçün vahid protokol yazılmalıdır, amma gecikir

Hərdən vətəndaşlar bildirirlər ki, onlara piyada qismində yol hərəkəti qaydalarını pozduqlarına görə sürücülər üçün nəzərdə tutulan blankda protokol yazılıb. Belə protokolda avtomobilin dövlət qeydiyyat nişanı, markası haqqında qeyd yerini, yaxud “cəriməni vaxtında ödəməsəniz, sürücülük hüququnuz məhdudlaşdırılacaq” kimi xəbərdarlıqları görən vətəndaş təəccüblənir. Hətta bəziləri soruşur ki, doğrudanmı qaydaları piyada kimi pozduğuma görə sürücülük hüququm məhdudlaşdırıla bilər? Belə blanklarda piyadalar barəsində protokol tərtib edən DYP əməkdaşlarının özləri də çətinlik çəkirlər.

Avtosfer.az yaranmış vəziyyətə aydınlıq gətirmək üçün bildirir ki, şübhəsiz, hərəkət qaydalarını piyada olaraq pozan şəxs barəsində sürücü üçün nəzərdə tutulan blankda protokol tərtib edilməsi onu məsuliyyətdən azad etmir. Piyada qaydaları pozubsa və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək cərimə tənbehinin tətbiqi barədə qərar çıxarılıbsa, o, cəriməni ödəməlidir. Bununla belə, vətəndaşları təəccübləndirən bu kimi anlaşılmazlıqlar da yaxşı hal deyil. Hətta təcrübədə bəzi sadəlövhlər “bu protokol qanunsuzdur” deyə cəriməni vaxtında ödəmirlər, nəticədə onun üzərinə gecikməyə görə dəbbə pulu da gəlir.

Bu ilin martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsi belə anlaşılmazlıqları istisna edəcək maraqlı bir müddəa təsbit etmişdir. Məcəllənin 100.5-ci maddəsini və Məcəllənin tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 1.2.2-ci bəndini birgə təhlil etdikdə aydın olur ki, Nazirlər Kabineti bütün xətalar üçün vahid protokol forması təsdiq etməlidir. Belə forma təsdiq edildikdən sonra bütün dövlət orqanlarında, o cümlədən DYP-də tərtib olunan inzibati xəta haqqında protokollar həmin vahid formaya uyğun blankda yazılmalıdır. Göstərilən müddəa həyata keçirilərsə, yuxarıda toxunduğumuz məzmunda anlaşılmazlıqlar istisna olunacaq.

Prezidentin Fərmanında vahid protokol formasının təsdiq olunması üçün Nazirlər Kabinetinə 4 aylıq müddət verilib. Həmin müddət təxminən 3 ay əvvəl bitsə də, hələ ki, vahid protokol forması təsdiqlənməyib. Yəqin ki, yaxın zamanlarda müxtəlif dövlət orqanlarının təklifləri ümumiləşdirilərək belə vahid protokol forması təsdiqlənəcək.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh