Reklam

Nə oldu bizə? - Polisi yaxşı görəndə də ələ salırıqsa... - VİDEO

Yazarlar 31 Yanvar 2017 01:49 Oxunub 2000
Nə oldu bizə? - Polisi yaxşı görəndə də ələ salırıqsa... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O bizi düşünüb, bizim yaxşılığımız, evə sağ-salamat gedib çatmağımız üçün bu əməli edib

Uşaqlıqdan, hər bir şəxs kimi, mənim də fəsillər arasında ən sevdiyim yay və qış ayları olub. O vaxtlar yay gələndə dizlərimiz yaradan qapanmaz, qışda isə yanaqlarımız soyuqdan qızarıb ağarmazdı. Ancaq illər ötdükcə bu istəklər dəyişir. Hər bir kəsin bir səbəbi var, amma ümumi şəkildə götürsək, cəmiyyətimiz yayı qışdan üstün tutur. Ən azından, ona görə ki, yayda uşaq vaxtlarında olduğu kimi dizlərimiz yaralanmır, əksinə, qışda şəhərimizin yamaqları üzə çıxır. 

Hər tufanlı, şaxtalı və yağışlı havada insanlarımız sanki and içmiş kimi keçir Facebook-un başına və başlayır hərə bir cür status yazmağa. Kimi qışı nağıl kimi görür, kimi isə dünyanın sonu kimi. Qar təzə yağdıqda çəkən kim, onu əridikdən sonra çəkən kim... 

Şaxtalı-qarlı havada insanlar cəmiyyətə öz köməyi ilə də yadda qalırlar, ancaq bu yaxşılıq kiməsə yaman kimi də görünür. 

Keçim mətləbə. Hər birinizin bildiyi kimi, sonuncu qar da şəhərimizi, yüngül desək, "blokladı". Avtomobillər tərpənməz, insanlar isə yeriməz oldular. Şaxtadan! Həmin o şaxtalı anlarda cəmiyyətə yaxşılıq etmək niyyətində olan polisimizdən söhbət etmək istəyirəm. Yayılan görüntülərdən də göründüyü kimi, çovğunlu gecədə öz işindən də artığını görən Teymur Süleymanov adlı DYPİ-nin Yol-Patrul Xidmətinin əməkdaşı işıqforda yerə duz səpərək orada yaranan buzu əritmək istəyirmiş. Təmiz qəlbli, təmiz niyyətli insan dərhal anlayar ki, polis heç də gülməli və pis heç nə etmək istəməyib. Əksinə, işıqforda dayanan avtomobillərin sürücülərinə yardım etmək istəyib. 

Ətrafda olan şəxslərdən biri polisin bu hərəkətini çəkərək sosial şəbəkədə paylaşıb, hər şey də elə ondan sonra başlayıb. Yuxarıda qeyd etdiyim kimi, özlərinə "and" verən həmin şəxslər keçiblər klaviatura arxasına. Hətta Teymuru təhqir edənlər belə olub. 

Həmin şəxslərin diqqətinə çadırmaq istəyirəm ki, Teymur Suleymanov öz cibindən pul verib sizin, mənim və yaxnlarımızın, sükan arxasında olan hər bir şəxsin imdadına çatmaq üçün 15 qutu duz alıb oraya səpib.

Normal, insani hərəkətə qarşı yaranan axmaq ajiotajın ardından polis üzülərək həmin görüntülərə bu cür şərh verib: 

"Mən düşünmürəm ki, bu hərəkətimlə nəsə pis bir iş görmüşəm. Amma videonu sosial şəbəkələrdə yayaraq mənə qarşı nalayiq ifadələr işlədirlər. Birincisi, yola duz səpmək mənim vəzifəm deyildi. Sadəcə, gördüm ki, yolda sürüşkənlik artır və avtomobillər işıqforda dayana bilməyərək sürüşüb sağdan gələn nəqliyyat vasitələrinin yoluna çıxırlar.

Mən də gedib yaxınlıqdakı mağazadan öz pulumla 15 qutu duz alıb gətirdim və hamısını yola səpdim ki, maşınlar sürüşməsin, qəza baş verməsin, insanlara maddi ziyan dəyməsin. Burada pis nə var ki? İnanın mənə, mağazada duz qurtardı, yoxsa, yenə də alıb gətirib yola səpəcəkdim. Axı niyə mənə qarşı nalayiq fikirlər yazırlar? Yaxşı əməlimizi də pisə yozurlar". 

DYP əməkdaşının dediyi kimi, "insanlara maddi ziyan dəyməsin!" Axı bu şəxs cəmiyyətin maddi durumunu nəzərə alıb, öz vəzifəsinə birbaşa aid olmayan əməli edib. Facebook atamanları, sizcə, bu cür şərhlərinizdən sonra Azərbaycan polisi sizin haqqınızda nə düşünməlidir? Yenə də "ziyana düşməsinlər, yazıqdırlar" fikirləşəcəklərinimi zənn edirsiniz? Xeyr!

Bu günədək yüzlərlə polis əməkdaşının görüntüləri yayılıb. Onlar arasında yaxşı niyyətlisi də olub, pis niyyətlisi də. Bəli, sizinlə razıyam, görüntülərin əksəriyyəti pisniyyətlilərin əməlləri ilə bağlı olub. Onlardan bir çoxu da DYP əməkdaşları ilə sürücülər arasında olan intriqalar olub. Ancaq o görüntülər gözünüzü o qədər tutub ki, siz artıq pisi yaxşıdan seçə bilmirsiniz. 

Bütün mətn boyu qeyd etdiyim kimi, Bakı şəhər DYPİ-nin Yol-Patrul Xidməti Alayının Müşayiət-Eskort Bölüyünün 1-ci taqımının əməkdaşı (99-P-027), polis baş serjantı Teymur Süleymanovun əməli nə "gülünc", nə "axmaq" bir şey olub. O bizi düşünüb, bizim yaxşılığımız, evə sağ-salamat gedib çatmağımız üçün bu əməli edib, ey "and"lı Facebook "insanları"! Özünüzə məşğuliyyət tapın, dünya hələ fırlanır, "düşmək" vaxtı deyil. 

Ceyhun Ələkbərov
Milli.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh