Nəqliyyat Nazirliyinin “çörəyi” haradan çıxır?
Nəqliyyat Nazirliyinin bir səlahiyyəti də əlindən alınıb. Strateq.az xəbər verir ki, bir neçə gün bundan əvvəl Nazirlər Kabineti "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nda dəyişiklik edib. APA-nın bildirdiyinə görə, indiyə qədər dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində hüquqi və fiziki şəxslər tərəfindən reklamların yerləşdirilməsinə yalnız Nəqliyyat Nazirliyi tərəfindən icazə verilirdi. Dəyişikliyə əsasən, Nəqliyyat Nazirliyinin bu səlahiyyəti ləğv edilib. Bundan sonra həmin funksiyanı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətihəyata keçirəcək.
Əslində bu dəyişiklik Nəqliyyat Nazirliyinin müxtəlif səlahiyyətlərinin əlindən alınmasın prosesində yeganə fakt deyil. Son illər müxtəlif fərman və sərəncamlarla nazirliyin "çörək ağacları” dəfələrlə budanıb, onun səlahiyyətləri başqa qurum və təşkilatlara həvalə edilib. Məsələn, ötən ilin oktaybr ayında ölkə başçısının imzaladığı fərmanla Nəqliyyat Nazirliyinin inzibati xətalara cavabdeh olduğu bəzi səlahiyyətləri Baş Dövlət Yol Polisinə verilmişdi. Bir başqa sərəncamla taksilərə lisenziyaların verilməsini də "ASAN Xidmət” həyata keçirəcək. Məhz bundan sonra tez-tez mətbuat orqanlarının ən sevimli mövzusuna çevrilən Nəqliyyat "qolçomaqlarının” qan uddurduğu taksi sürücüləri rahat nəfəs ala bilmişdilər.
Yaxud bu ilin iyun aylarında dövlət mülkiyyətində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları da Nəqliyyat Nazirliyinin balansından çıxarıldı. Yeni dəyişikliyə əsasən, həmin yollar "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin balansında olacaq. Bu siyahını xeyli uzatmaq mümkündür.
Demək olar ki, hər ay səlahiyyətləri budanan Nəqliyyat Nazirliyinin bu halı istər-istəməz belə bir suala yol açır: Görəsən, Nəqliyyat Nazirliyinin iri məmurları indi necə və hardan qazanırlar? Doğrudanmı bundan sonra onlar bir portfeli, bir maaşı olan məmurlara çevriləcəklər?
Mətbuat orqanlarında müxtəlif zamanlarda dərc olunan məlumatlar budanan səlahiyyətlərə baxmayaraq, nazirlik səlahiyyətlilərinin hər çətinlikdə "çörək pulu çıxarmaq” fərasətindən xəbər verir. Məsələn, Moderator.az saytının yazdığına görə, (Nəqliyyat Nazirliyinin "çörək ağacları”-Bilet əvəzinə "lülə”) Nəqliyyat Nazirliyi indi çörək pulunu avtovağzallardan və yol kənarındakı restoranlardan çıxarırlar. Yazıda bildirilir ki, nazirlikdə yaradılmış ierarxiyaya uyğun olaraq, yeni pulyığma mexanizmi qurulub: "Bu mexanizmdə digər nazirliklərdə olduğu kimi, ilan "Seyid Əhməd əliylə” tutulur. Nəqliyyat Nazirliyinin ən uzun "Seyid Əhməd əli” isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəhbəri Elnur Nazim oğlu Abdullayevdir.
Məlumata əsasən, Elnur Abdullayev üzərində qurulan mexanizmin iki çarxı var. Çarxlardan biri Bakı Beynəlxalq Avtovağzalına, digəri isə avtobusların şütüdüyü yollara nəzarət edir. Bilrdirilir ki, Nəqliyyat ierarxiyasında Elnur Abdullayevdən bir mərtəbə aşağıda Bakı Beynəlxalq Avtovağzalının rəisi Seymur Aslanov dayanır. Seymur Aslanovdan sonra mexanizm haçalanır. Avtovağzal sahəsi onun müavini Anar (informasiya mənbəyi onun soyismini bilmir) adlı şəxsin nəzarətindədir. Yollar üzərindəki dincəlmə müəsissələri və rayon avtovağzallarına isə Ehtiram Əliyev baxır”.
Bəs, Elnur Abdullayev kimdir?
Əslində Elnur Abdullayev Azərbaycan oxucularına yad sima deyil. Dövri mətbuatda bu adam haqqında dəfələrlə yazılıb. "Musavat” qəzetinin 13 oktyabr 2015-ci il sayında dərc olunan bir məqalə Elnur Abdullayevi belə xarakterizə edir: "Bu il avqustun 3-də Ziya Məmmədov "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”(NİİM) MMC-nin baş direktoru Elnur Nazim oğlu Abdullayevi tutduğu postdan azad edərək DANX-yə rəis təyin edib. Bu postun rəisinin aylıq gəlirinin – ona verilən paketin 50 min manata yaxın olduğu bildirilir. Qeyd olunur ki, bu xidmət vasitəsilə hər ay milyonlar toplanır”.
Sual oluna bilər: DANX hər ay bu milyonlarla manatı necə əldə edir?
Mətbuatın yazdığına inansaq, Nəqliyyat Nazirliyi qazancın çox asan yolunu tapıb: "Qrafikdəki sıxlıqdan asılı olaraq, hər marşrutdan müəyyən məbləğdə "haqq” alınır. Məsələn, qrafik bölgüsündə yarımsaatlıq intervalla işləyən marşrut sahiblərinin DANX-a hər ay 50 min manat ödədiyi bildirilir. Sıxlıq intervalları artıb-azaldıqca ödənən "haqq” da buna müvafiq olaraq dəyişilir. Ölkədaxili və xarici marşrutların hər birindən 10 minlərlə manat pul alındığını nəzərə alsaq, həqiqətən də DANX-ın əldə etdiyi məbləğ milyonlarla ölçülə bilər”.
Bizə ötürülən məlumata görə isə, nazirlik çörək qazanmağın yeni metodunu da kəşf edib. Bildirilir ki, artıq rayonlara işləyən avtobusların axşam saatlarından sonra yola çıxmasına icazə verilmir. Rayonlardan paytaxta gələn sərnişinlər geri qayıtmaq üçün yalnız Gürcüstana gedən avtobuslardan istifadə edə bilərlər. Onlardan gediş haqqı isə Gürcüstan qiymətinə görə alınır. Nəticədə 7-8 manatlıq yol üçün sərnişinlər 15 manatlarından keçməli olurlar.
Nazirliyin digər qazanc mənbəyi isə yolüstü restoranlardır. Məlumata görə, avtobus sürücülərinə hansı dincəlmə müəssisələrində dayanmaları barədə konkret göstəriş verilib. Bu göstəriş istər-istəməz azad rəqabət imkanını pozur, nəticədə həm yolçulara xidmətin keyfiyyəti aşağı düşür, həm də bir çox sahibkarın iflasıyla nəticələnir.
Bilindiyi kimi, qərb rayonlarına işləyən avtobusların hamısı Ucar və Kürdəmir ərazisində səyahətə ara verirlər. Rəsmi statistikalara inansaq, bu avantaj hər iki rayona böyük gəlirlər gətirir. İstidən ilan mələyən Kürdəmirin turizm qazancı sahəsində kurort bölgəsi kimi tanınan Qəbələni 4 dəfə üstələməsi də bununla izah olunur. Statistik məlumata əsasən, Qəbələnin turizmdən qazancı 383 min manat olub. Kürdəmir isə eyni sektordan 1.3 milyon manat qazanıb.
Bu qəribəliyin səbəbinin Kürdəmir və Ucar ərazisində yerləşən dincəlmə müəssisələrinin fəaliyyətilə əlaqədar olmasını ekspertlər də etiraf edirlər.News.milli.az saytı bununla bağlı yazır: "Ekspertlər isə hesab edir ki, rəqəmlər bütün hallarda reallığın göstəricisidir. Belə ki, Kürdəmirdə, xüsusən də onun ərazisində yerləşən məşhur restoranlarda yolüstü nahar, şam edənlər də turist kateqoriyasına daxil edilir. Məlum, sözügedən ərazi Bakı-Qazax magistral yolundakı məşhur məkanlardan sayılır və insanların orda ayaq saxlaması təbiidir”.
Bizə ötürülən məlumatlar isə yolçuların dincəlmə müəssisələrində ayaq saxlamasının səbəbi heç də həmin yerlərin konfortu ilə əlaqədar olmadığından və turizmdən gələn gəlirin bütün Kürdəmir əhalisinə ədalətli şəkildə paylaşılmadığından xəbər verir. Belə ki, Nəqliyyat Nazirliyinin xüsusi tapşırığı ilə avtobuslar Ucar və Kürdəmir ərazisində yalnız iki yerdə dayanır. Bunlardan biri Ucar avtovağzalında yerləşən "üstüqamışlı yeməkxana”, digəri isə "Qızılqaya” kafesidir. Üstüqamışlı yeməkxananın Ucarda olduğunu nəzərə alsaq, belə çıxır ki, ildə 1.3 milyon manat qazanan Kürdəmir turizminin qaymağını rayonda yalnız bir müəssisə yeyir.
Moderator.az yazır: "Bildirildiyinə görə, rayonun qaymağını yeyən "Qızılqaya” kafesinin adi sanitariya qaydalarına cavab verən suyu belə yoxdur. Deyilənlərə inansaq, bu kafe müştərilərinə verdiyi yemək və çayın suyunu yaxınından axan arxdan alır. Arxın suyu isə insan orqanizmi üçün zərərli çirkabdan ibarətdir.
Məlumatları yoxlamaq üçün göstərilən ünvanlarda olduq. Həqiqətən də hər iki kafenin qarşısı avtobuslar ilə dolu idi. Xüsusilə "Qızılqaya” kafesində əyləşməyə yer tapa bilmədik. Kafenin yanından axan arx isə üfunət qoxuyurdu. Allaha dua etdik ki, kaş, bizə verilən məlumatlar yalan ola. Çünki həqiqətən də kafenin yemək və çay suyu bu arxdan götürülürsə, vay yolüstü ayaq saxlayan sərnişinlərin halına! Onların bu məkanda qidalandıqdan sonra ciddi xəstəlik tapmaması möcüzə olardı.
Bildirildiyinə görə, istər Ucar avtovağzalındakı "üstüqamışlı”, istərsə də "Qızılqaya” kafesinin rəvacda olması Nəqliyyat Nazirliyinin əməkdaşlarına verilən "haqq”la əlaqədardır. Bu kafelərin hər birinin hər ay nazirlik səlahiyyətlilərinə 4500-5000 manat haqq verdiyi bildirilir:
"Ucardakı "üstüqamışlı yeməkxananın sahibi İsmayıl adlı şəxsdir. Həm də Ucar avtovağzalının müdiri olan bu adam, görünür, biletdən qazandığı qəpik-quruşla dolana bilmədiyindən, rəhbərlik etdiyi dövlət müəssisəsini böyründə kafe tikib. Bilet əvəzinə, lülə satır”-informasiya mənbəyi belə deyir.
Kürdəmirdəki "Qızılqaya” kafesinin sahibi isə Mahir Salayevdir. Şahidlərin dediyinə görə, onun özü "ağsaqqal”a hər ay 4500 manat pul göndərdiyini etiraf edib. Növbəti sual ortaya çıxır: Mahir Salayevə bu qədər fürsəti yaradan "ağsaqqal” kimdir?
İnformasiya qaynağı Nəqliyyat Nazirliyindəki ierarxiyaya nəzər salaraq bildirir: " Nəqliyyat Nazirliyi ierarxiyasında Ucar avtovağzalına uzanan ikinci xəttin Ehtiram Əliyevin nəzarəti altında olmasına baxmayaraq , o, kafelərə tam nəzarət edə bilmir. Özünün dediyinə görə, Mahir Salayevlə Seymur Aslanov arasında birbaşa əlaqə var. Bu birbaşa əlaqədən xeyli narahat olan Ehtiram yoldaşlarıyla söhbətlərinin birində açıq şəkildə belə deyib: "Mahirdən haqqı Seymur alır, biz barmaq sormalıyıq?”
Həmin etirafı nəzərə alsaq, Mahirin "ağsaqqalı”nın Ehtiram olmadığı anlaşılır. "Ağsaqqal” Seymur Aslanov da ola bilməz. Nədən ki, Mahir Salayev Seymur Abbasova "qağa” deyir. Bu məntiqlə, "ağsaqqal” ya Elnur Abdullayev, ya da nazirlikdə daha yüksək səlahiyyətli birisidir”.
İçindən çıxılması çətin krossvorda bənzəyən Nəqliyyat Nazirliyinin ierarxiya sistemi arasında çox itib batmadan, kimin "ağsaqqal”, kimin "qağa” olduğunu müəyyənləşdirməyi dövlət yetkililərinin ixtiyarına buraxırıq. Bizi maraqlandıran isə səlahiyyətləri get-gedə budanmasına baxmayaraq, Ziya Məmmədovun komandasının özlərini bu qədər toxunulmaz saymalarının sirridir. Görəsən, Nəqliyyat Nazirliyinin əməkdaşları bu əsrarəngiz güclərini hardan alırlar?