Nəqliyyat Nazirliyinin səlahiyyətləri niyə azaldılır?
Xəbər verdiyimiz kimi, Azərbaycanda Nəqliyyat Nazirliyinin səlahiyyətli azaldılıb. Daha öncə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj (əl yükünün) daşımalarının yerinə yetirilməsi, o cümlədən, bu sahədə Azərbaycan qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət edilməsinə nəzarət Nəqliyyat Nazirliyi və onun səlahiyyətli qurumları, habelə səlahiyyətləri daxilində digər dövlət orqanları tərəfindən həyata keçirilib. Lakin artıq Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik etməsi ilə yuxarıda sadaladıqlarımız Daxili İşlər Nazirliyi və Nəqliyyat Nazirliyi səlahiyyətləri çərçivəsində tətbiq ediləcək. Əgər indiyə qədər avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının lisenziya (lisenziya kartı) olmadan və ya lisenziyalaşdırma şərtlərinin pozulması ilə yerinə yetirilməsi aşkar edildikdə Nəqliyyat Nazirliyi qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin edibsə, bundan sonra bu sahədə Nəqliyyat Nazirliyi deyil, Daxili İşlər Nazirliyi qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görəcək. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı musavat.com-a danışan hüquqşünas Ərşad Hüseynov bildirib ki, əslində bu, texniki məsələ idi: “Hələ səlahiyyətlər Nəqliyyat Nazirliyindən ötən ilin noyabr ayında alınaraq, Dövlət Yol Polisinə verilmişdi. Səlahiyyətlər Nəqliyyat Nazirliyində olduğu zaman insanlardan çoxlu şikayətlər olurdu. Hətta bir neçə dəfə nazirliyin əməkdaşları ilə vətəndaşlar arasında davalar da olub. Ancaq dəyişikliyi təsdiq edənlər yenə də səhvə yol veriblər, çünki daşıma şərtlərini pozan taksi və ya avtobus cərimə meydançasına aparıla bilməz. Cərimə meydançasına aparılma halları İnzibati Xətalar Məcəlləsinin 96-97-ci (köhnədə 406-407-ci) maddələrində sadalanır və orada daşıma şərtlərini pozma yoxdur. Əslində buna ehtiyac da yoxdur. Normal məntiq və sağlam təfəkkür də deyir ki, avtobus və ya taksi sürücüsü sərnişindaşıma şərtlərini pozarsa, ona cərimə yazılmalı və deyilməlidir ki, sərnişinləri düşür, avtobusunla (taksinlə) çıx get evinə (və ya qarajına), bu işlə məşğul olma. Cərimə meydançası sərnişindaşıma şərtlərini bərpa edəsi deyil”.
Ərşad Hüseynov
Bu kimi səlahiyyətlərin alınması nəticəsində Nəqliyyat Nazirliyinin bir qurum kimi ləğvinə gəlincə ekspert aşağıdakıları bildirib:
“Nəqliyyat Nazirliyində xeyli səlahiyyətlər var. Nazirlik hələ ki, mövcuddur və fəaliyyət göstərir. Gələcəyi isə dövlət başçısından asılı olan bir məsələdir. Əgər məqsədəuyğun olarsa, qurum kimi fəaliyyətini davam etdirəcək. Olmayacaqsa, sturuktur dəyişiklikləri aparılacaq”.