Oğurladığı maşınla səyahətə çıxan azərbaycanlı - FİLM KİMİ CİNAYƏT

Yazarlar 24 Sentyabr 2017 22:48 Oxunub 2676
Oğurladığı maşınla səyahətə çıxan azərbaycanlı - FİLM KİMİ CİNAYƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçmiş məhbus “Range Rover”i alacağını vəd etməklə nasazlığını yoxlamaq adı ilə qaçırıb

Əvvəllər qəsdən adam öldürdüyünə görə uzun müddət məhbus həyatı yaşayan Əli Qənbərov 2013-cü ildə azadlığa çıxıb. Azadlığa qovuşduqdan bir müddət sonra İrandan külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan anası onu “əvəzləyib”. Amma Ə.Qənbərov özü də dinc dayanmayıb. Bu dəfə dələduzluqda, polisə müqavimət göstərməkdə təqsirləndirilərək məhkəmə qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran şəhər sakini, 33 yaşlı Əli Qənbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Əli Qənbərov internet şəbəkəsi vasitəsilə alqı-satqı saytlarından birində tanış olduğu Mahir Ramazanovu aldadaraq, “Bank of Baku” ASC-də ipoteka ilə yüklü edilmiş, üzərinə həbs qoyulmuş “Hyundai Santa Fe” markalı minik avtomaşınını 12 min manata satmağa razılaşıb. Müxtəlif vaxtlarda M.Ramazanovun 10 min manat pulunu ələ keçirib.

Ə.Qənbərov həmçinin Fərid Paşayevə məsxus “Range Rover” markalı maşını alacağını vəd etməklə nasazlığını yoxlamaq adı ilə qaçırıb. O, avtomobilin qaçırılmasının qarşısını almağa çalışan polis əməkdaşlarına müqavimət göstərərək onları bıçaqla hədələyib.

Təqsirləndirilən şəxs qismində dindirilən Əli Qənbərov ifadəsində göstərib ki, həbsdən buraxıldıqdan sonra Lənkəran şəhərindəki “Hyundai” avtomobil servisinə gedib kreditlə avtomobili “Bank of Baku” bankına girov qoyaraq əvvəlcədən 7 min manat ödəyib, sonra hər ay 1050 manat ödəmək şərtilə müqavilə əsasında avtomobil alıb. Bir il müddətində hər ay ödəniş edib: “İqtisadi böhranla əlaqədar ödənişləri ödəyə bilmirdim, banka 9 min manat borcum yaranmışdı. Ötən ilin iyun ayında avtomobildə nasazlıq yarandığına görə evakuatorla Bakıya gətirdim. Həmçinin avtomobili satmaq üçün internetdə bank ödənişi ilə 12 min manata satışa qoydum. Elə həmin gün Mahir adlı şəxs zəng vurub maşını almaq istədiyini dedi. Onunla görüşüb birlikdə avtomobil təmiri sexinə getdik. Mahir maşını bəyəndi. Sənədləşdirmə üçün təcili pul lazım olduğunu dedim. Ertəsi gün zəng vurub notariat kontoruna getmək lazım olduğunu bildirdim, Mahir işi olduğunu, çıxa bilmədiyini söylədi. Ümumilikdə, ondan 10 min 50 manat pul almışam. Mahirdən xəbər çıxmadıqda aldığım pulları xərclədim”.

Ə.Qənbərov özünəməxsus avtomobili satmaq üçün maşın bazarına aparıb. Bazarda olarkən “Range Rover” markalı avtomobilin sürücüsünə yaxınlaşaraq maşını almaq istədiyini deyib və 15 min manata razılaşıblar. Ertəsi gün avtomobilin nasazlığını yoxlamaq üçün usta yanına gəliblər: “Maşının sahibi Fəriddən avtoservisdə gözləməsini xahiş etdim. Usta Talehlə birlikdə maşının nasazlığını yoxlamaq üçün sükan arxasına keçdim. Servisin həyətindən uzaqlaşanda Taleh “qorxuram, maşını qaçırarsan” deyib maşını saxlatdı və açarları yolun kənarına atdı. Mənsə maşını kompüterə saldıracağımı dedim. Biz mübahisə edəndə təsadüfən polis əməkdaşları gördü. Mən uzaqlaşıb getmək istədikdə polislərlə mübahisəm düşdü. Əlimdəki bıçaqla onları vuracağımla hədələdim. Bıçağı əlimdən aldılar, özümü də Abşeron rayon Polis İdarəsinə apardılar”.

Cinayət işi üzrə ən maraqlı epizod Ə.Qənbərovun Həmid Bağırzadənin maşınını “aparması”dır.

Deməli, ötən ilin oktyabr ayında yenə də maşın bazarına yollanan Ə.Qənbərovun gözü “Nissan Murano” markalı avtomobilə sataşır. Həmin avtomobilin qiyməti ilə maraqlanır. Avtomobilin sahibi maşını 11 min manata satdığını, Ə.Qənbərov isə almaq istədiyini bildirib. Ümumi razılığa gəlirlər. Maşını heç kimə satmamağı tapşıran Ə.Qənbərov noyabrın 5-də Həmidə zəng vuraraq görüş təyin edib. Ə.Qənbərov sükan arxasına keçib, Həmid isə onun yanında əyləşib. “20 Yanvar” dairəsinə çatanda Ə.Qənbərov avtomobil sahibindən köşkdən su almasını xahiş edib. Həmid maşından düşüb su alarkən Əli avtomobili sürərək aradan çıxıb. Avtomobil sahibi zəng vurub harada olduğunu soruşduqda Əli narahat olmamağı, maşını qaytaracağını deyərək Lənkərana doğru istiqamət alıb. Bir neçə gündən sonra Həmidin maşını ilə Bakıya qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Zərərçəkmiş Həmid Bağırzadə ifadəsində göstərib ki, özünü prokuror sürücüsü kimi təqdim edən Ə.Qənbərov onun maşınını bəyənib, almaq istədiyini deyib: “Hava qaranlıq olduğundan Əli dedi ki, sabah görüşək, maşına ətraflı baxım. Noyabrın 5-də çayxanada görüşdük. Əlinin qardaşı da yanında idi. Mən də dostumla getdim. Maşın barədə söhbət etdik. Bir qədər sonra Əli ilə mən maşını yoxlamaq üçün çölə çıxdıq. Əli sükan arxasında, mən də onun yanında oturdum. Metronun yanına çatanda məndən su almağımı xahiş etdi. Maşından düşüb köşkə yaxınlaşdım, geri baxanda gördüm ki, nə maşın var, nə də Əli. Zəng vurdum, dedi ki, “Ekologiya postu”nun yanındayam, pul gətirməyə gedirəm. Taksi ilə arxasınca getdim, Əlini orada görməyəndə zəng vurdum. Dedi ki, narahat qalma, gedirəm, qayıdacağam. Məcbur olub “102” xidmətinə zəng vurub məlumat verdim”.

Zərərçəkmiş Mahir Ramazanov ifadəsində göstərib ki, Əli Qənbərov ona Dövlət Yol Polis İdarəsində işlədiyini deyib, satdığı maşını onun adına keçirəcəyini vəd etməklə 10 min 50 manat pulunu alıb: “Ötən ilin iyul ayında Əlinin nömrəsindən bir nəfər zəng vurub cinayət axtarış şöbəsindən olduğunu dedi. Əlini haradan tanıdığımı soruşdu. Cəmi üç-dörd gündür tanıdığımı, Əlidən avtomobil aldığımı söylədim. Telefondakı şəxs isə uzun müddətdir Əlini axtardıqlarını, nəhayət tutduqlarını, maşının da oğurluq odluğunu bildirdi. Danışanın kim olduğunu soruşduqda telefonu söndürdü. Belə olduqda mən də DİN-in “102” xidmətinə zəng vurub məlumat verdim. Nizami rayon 25-ci polis bölməsinə gedib ərizə ilə müraciət etdim. Sonradan məlum oldu ki, Əli əvvəllər məhkum olunub, bir il əvvəl həbsdən çıxıb. Avtomaşın isə anası Raziyyə Qənbərovanın (R.Qənbərova qaçaqmalçılıqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib - virtualaz.org) adına olub. Anası da təxminən 3 ildir həbsdədir. Əli mənə bu barədə heç nə deməmişdi. Anasının xəstəliyi ilə bağlı təcili pul lazım olduğunu dediyindən ona inanmışdım”.

Zərərçəkmiş Fərid Paşayev ifadəsində özünə məxsus “Range Rover” markalı avtomobili satmaq üçün maşın bazarına apardığını, Əli Qənbərovla da orada tanış olduqlarını göstərib: “Əli maşını ustaya göstərmək üçün axşam görüşməyi təklif etdi, razılaşdım. Abşeron rayonunda “Ər-Riyad” ticarət mərkəzinin yanındakı avtoservisə gəldik. Oradakı Taleh adlı usta Əli ilə görüşdü. Əli ustadan maşına baxmağı xahiş etdi. Maşını servisin həyətində sürmək üçün sükan arxasına keçdi, mən də oturmaq istədim, Əli razılaşmadı, usta ilə söhbəti olduğunu dedi. Ona inandığım üçün etiraz etmədim. Bir az sürdükdən sonra servisin qapısına doğru istiqamət aldı, maşını həyətdən çölə çıxardı. Zəng vurdum, cavab vermədi. Narahat olmağa başladım. Bir qədər sonra Taleh maşınla servisə qayıtsa da, Əli yox idi. Ondan Əlinin hara getdiyini xəbər aldım. O, avtomobili sürüb apara bilməsin deyə polis əməkdaşlarını köməyə çağırdığını, Əlinin polislər tərəfindən polis şöbəsinə aparıldığını dedi”.

DİN-in Abşeron rayon Mühafizə İdarəsinin polis əməkdaşı Fuad Sadıqov ifadəsində ərazi üzrə xidmət olarkən bir nəfərin əl edib onları çağırdığını göstərib: “Maşını saxladıqada Taleh Quliyev onunla mübahisə edən şəxsi göstərib avtomobili qaçırmaq istədiyini dedi. Əli Qənbərova yaxınlaşmaq istədikdə o dərhal qaçıb uzaqlaşdı. Onu saxlamaq üçün Nadirlə birlikdə arxasınca qaçdıq. Əli Qənbərov dayadı, cibindən bıçaq çıxarıb açaraq sağa-sola fırladı, yaxın gəlməməyi, əks halda vuracağını deyib hədələdi. Onu intizama dəvət etdik, müqavimət göstərdi, qollarından tutduq, Nadir bıçağı onun əlindən aldı, sonra polis idarəsinə apardıq”.

Məhkəmənin hökmü ilə Ə. Qəmbərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Onu da qeyd edək ki, Ə.Qənbərov bir müddət öncə saxlandığı Bakı İstintaq Təcridxanasında intihara cəhd etmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh