Paytaxtın ölüm saçan avtobusları: Onlar bizi hara aparır?
Son zamanlar paytaxtda avtobus qəzalarının sayı artıb. Ötən gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə “İnşaatçılar” metro stansiyasının yanında qeydə alınıb. 39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində ana övladını xilas etsə də özü dünyasını dəyişib. Avtobus sürücüsü isə hadisə yerindən qaçıb. Elə həmin gün başqa bir avtobus qəzası yaşanıb. Metronun “Qara Qarayev” stansiyasının yaxınlığında marşrut avtobusu od tutub. Qəfildən alışan avtobusu sərnişinlərin vaxtında tərk etməsi bədbəxt hadisələrin qarşısını alıb. Avtobusun 38 saylı xətt üzrə hərəkət etdiyi bildirilir.
Daha sonra Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü saxlanılıb. Hadisə Zabrat-Maştağa yolunda baş verib. 131 nömrəli Maştağa-“Koroğlu” metrosu xətti üzrə hərəkət edən avtobus yolu keçən piyadanı vurub. Sürücü sükan arxasında saxlanılaraq polis bölməsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır.
Bu hadisələr bir gün içində yaşananlardır. Ümumiyyətlə, bu cür avtobus qəzaları təkcə paytaxt Bakıda deyil, bölgələrdə də baş verir. Ekspertlər baş verən qəzaların səbəbini avtobus sürücülərinin səriştəsizliyində və ictimai nəqliyyatın bütünlüklə kart sisteminə keçməməsində görür. Sirr deyil ki, bu gün “D” kateqoriyalı sürücülük vəsiqəsi olan istənilən şəxs avtobus sürücüsü kimi rahatlıqla işləyə bilər. İşə götürülən sürücünün təcrübəlilik, səriştəlilik kimi məsələləri əsas götürüldüyü halda, buna əhəmiyyət verilmir. Halbuki ictimai nəqliyat sürücüsü ən məsuliyyətli işdir və bu sahədə çalışması üçün müəyyən təlimlərdən keçməlidir.
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Cümhuriyət”ə açıqlamasında deyib ki, əsas problemlərdən biri sərnişindaşımada kart sisteminə keçidin yubanmasıdır: “Hələ də sürücülər arasında 20 qəpik uğrunda hələ də mübarizə gedir. Neçə illərdir ki, avtobusların kart sisteminə keçməsi tələb olunur. Hələ də xətlərə sürücülük təcrübəsi, hətta sürücülük hüququ olmayan şəxsləri buraxırlar. Avtobuslara daşıyıcılar vaxtı-vaxtında texniki qulluq göstərə bilmirlər. Bəzilərində sürücünü tibbi müayinələrdən keçirmirlər. Həmin sürücülərə avtobusları veriblər ki, gedin, pul qazanın, gətirin, qalan şeyləri özünüz bilərsiz. Qəzaların əksəriyyəti bunun nəticəsidir. Polis və ya Bakı Nəqliyyat Agentliyi bir neçə avtobusu xəttdən çıxaranda, hay-küy qopur ki,şəhər avtobussuz qaldı. Yaxud da Bakı Nəqliyyat Agentliyi daşıyıcıların üzərinə gedir ki, avtobusları yeniləyin, sürücü kontingentini normal adamlardan seçin, o dəqiqə başlayırlar ki, vəsait yoxdur. Ya da əsas gətirirlər ki, yüksək ixtisaslı sürücü çox əmək haqqı istəyir, hardan tapaq. Belə problemlər var. Əslində Bakı Nəqliyyat Agentliyi çox çalışır. Sürücüləri hissə-hissə təlimlərə cəlb edirlər, onların seçilməsinə nəzarət edirlər. Amma bu da məsələni tam yerinə yetirmək üçün yetərli deyil. Avtobus parkında da problemlər var. Sürücü kontingentini cəmiyyətə lazım olan, təhlükəsiz hərəkət edə bilən sürücülərlə təmin etsək, təbii ki, onlar da yüksək əmək haqqı istəyəcəklər. Daşıyıcıların da buna gücü çatmır. Amma bəzilərinin buna gücü var. Bəzi xırda daşıyıcılar da var ki, onlar hələ də ağıllarına gələni edirlər”.
Ekspert qeyd edib ki, bu məsələdə müəyyən dərəcədə dövlətin siyasi xətti də böyük rol oynamalıdır: “Dövlətin iradəsi ortaya qoyulmalıdır ki, ya bu sahədə normal rəqbət fəaliyyəti yaxşı olan daşıyıcılar qalsın, ya da dövlət onlara kömək etsin. Bu çox vacibdir.
Məsələn, avtobus parkının yenilənməsinə dövlət yardım edə bilər. Yaxud istehsalat bazası yenilənsin. Vergilərdən azad etməklə uzunmüddətli kreditlə fəaliyyət göstərilsin. Dövlət bu məsələnin bütün ödənişli şərtlərini aradan götürməlidir. Dövlər bu məsələni tam nəzarətinə götürməli, özəl şirkətlər əvəzedilməklə dövlət tərəfindən alınmalı və onlara deyilməlidir ki, gedib başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olsunlar. Yaxud da bu işi bacaran, səriştəsi olan şirkətlər saxlanılmalıdır. Onlara da dövlət müxtəlif istiqamətlərdən dəstək olmalıdır. Heç olmasa bu işi Avropada və digər ölkələrdə olduğu kimi düz-əməli həyata keçirək”.
Ərşad Hüseynov onu da əlavə edib ki, hazırda Bakıda 2000-dən çox avtobus sürücüsü var. 2 min sürücünün hamısını bir anda təlimə cəlb etmək mümkün deyil. Çünki təlim keçirilən mərkəzin texniki imkanları buna imkan vermir.