"Peşəkar deyillər, təhlükəsizliyə fikir vermirlər" - Ekspert sürücülərdən danışdı
Yol-nəqliyyat hadisələrinin təhlili və aparılan müşahidələr göstərir ki, son vaxtlar avtobus və mikroavtobus sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması və onların nəticəsində törədilən qəzaların sayında artım var. Aparılmış müşahidələr deməyə əsas verir ki, belə qayda pozuntularına daha çox yol verənlər məhz Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşımalarını həyata keçirən sürücülərdir. Bu barədə Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin aprelin 10-da respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciətində deyilib. Bildirilib ki, qeyd olunan marşrutlarda hərəkət edən sərnişinlərin təhlükəsizliyinin təmin olunması və bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə Baş DYP İdarəsi əlaqədar qurumlarla birgə reydlər keçirəcək.
Məsələ ilə bağlı Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, Bakı-Sumqayıt yolunun təşkili, sərnişin daşımasına nəzarət üçün mərkəzi idarə aparatı lazımdır: "Birdən-birə buna nəzarət etmək çətindir. Çünki burada həm yolların vəziyyəti, həm də sərnişinlərin məsuliyyət məsələsi var. Hamı istəyir ki, mənzil başına tez çatsın, təhlükəsizliyə o qədər də fikir verilmir. Orada sürücülərin hamısı peşəkar deyil".
Onun sözlərinə görə, Bakı-Sumqayıt istiqamətində daşınan sərnişinlərin hərəkəti xaotik formadadır: "Ona görə də belə çətinlik yaranır. İkincisi, marşrutun keçdiyi magistral həddindən artıq yüklənmiş vəziyyətdədir. Burada səbəblər çoxdur". Ekspertin fikrincə, məsələyə sistemli şəkildə yanaşılmalıdır: "Sumqayıt-Bakı marşrutu elə formadadır ki, onu həm şəhərlərarası, həm də şəhərətrafı daşımalar kimi götürmək olar. Şəhərətrafı Bakıdan 50 kilometrə qədər məsafəyə daşımalar nəzərdə tutulur. İndi burada konkret olaraq hansıdır, o bilinmir. Şəhərlərarası daşımalar yalnız avtovağzallardan, müəyyən stansiyalardan daşınmalıdır".
Onun sözlərinə görə, Bakı-Sumqayıt sərnişindaşınması ilə bağlı köklü proqram hazırlanmalıdır: "Tələbatı, sərnişin axınını, sıxlığını, istiqamətlərini öyrənmək lazımdır. Bunları nəzərə alaraq kompleks şəkildə proqram hazırlanmalıdır"
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Razim Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, Bakı-Sumqayıt yolu həm keyfiyyətinə, həm də parametrinə görə normal yoldur: "Bu, yolla deyil, sürücülərlə bağlı olan məsələdir. Yol-nəqliyyat hadisələrinin səbəbləri statistikasına baxsanız, 94-97 faiz səbəbkarın sürücülər olduğunu görərsiniz. Sürücülər maarifləndirilməli, onlardan yenidən imtahan götürülməli, ümumiyyətlə, sürücülərlə işləmək lazımdır". Onun sözlərinə görə, burada pərakəndəlik hökm sürür, kim istəyir sürücü götürür, yaşa, kateqoriyaya baxılmır: "Yol polisi də gündə hamısını saxlaya bilməz axı. Bunun üçün nəzarət mexanizmi olmalıdır". Dosentin fikrincə, burada 4 məsələyə baxmaq lazımdır — avtomobil, sürücü, yol və mühit: "Bakı-Sumqayıt yolunda hərəkət mühiti çox yaxşıdır, xaotik piyada hərəkəti yoxdur. Ən yaxşı avtobuslar bu gün bizə gəlir. Bunların hamısı normaldır. Bir dənə problem sürücü məsələsidir".