Piyadalar təhlükədə: keçid var, ya yox? - VİDEO
Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən Hüseyn Seyidzadə küçəsindəki piyada keçidləri sakinlərin narahatlığına səbəb olub. Avtosfer.az xəbər verir ki, bu barədə axar.az-a foto və video göndərən sakinlər “Dördüncü mikrorayon dairəsi” adlanan yoldan saga - Hüseyn Seyidzadə küçəsinə dönən yerdə piyada keçidinin avtomobil sürücüləri tərəfindən görünmədiyini bildirirlər. Nəticədə həmin ərazidə tez-tez qəzalar baş verir. “Bu keçiddən bir az qabaqda isə bina, məktəb və mağazalara yaxın piyada zolağı var idi. Amma hazırda vəziyyət çətinləşib. Sakinlərin istifadə etdiyi piyada zolağını siliblər. Nişanı da götürüblər. Burdan ilk dəfə keçən insanlar isə piyada keçidinin olmamasından bixəbərdir. Çünki nişan götürülsə də, zolağın izi qalıb. Hazırda hər kəs yenə o zolaqdan istifadə edir. Belə hallarda təhlükəsizliyimiz sual altında qalır. Zolaq ya bərpa olunsun, ya da izi qalmasın”. Məsələ ilə bağlı axar.az-a açıqlama verən ekspert Ərşad Hüseynov sakinlərin haqlı olduqlarını bildirib. Onun sözlərinə görə, piyada keçidi elə silinməlidir ki, izi qalmasın: “Sakinlərin şikayət etdikləri yol həqiqətən təhlükəlidir və dairənin yanındakı piyada keçidini uyğun hesab etmirəm. Bu keçidin yox, o birinin silinməsi səhv addımdır. Bu məsələlərə aidiyyəti qurumlar vaxtında və diqqətli nəzarət etmirlər. Ona görə də belə arzulanmaz mənzərə yaranır. İstənilən yolda nişan mütləq olmalıdır. Asfalt yolda isə həm də piyada zolağı lazımdır. Torpaq yolunda bu zolağa ehtiyac yoxdur. Nişan və zolaq yoxdursa, demək, burda piyada keçidindən söhbət gedə bilməz. Bu halda piyadaya yol vermədiyinə görə sürücü yox, piyada cərimə oluna bilər”. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov vətəndaşların şikayətlərini nəzərə alaraq həmin yerə baxış keçirəcəklərini bildirdi. “Bütün hərəkətlər qanunvericiliyin tələbləri əsasında həyata keçirilir. Artıq yeni fəslin gəlməsi ilə əlaqədar yolların xətlənməsi işlərinə başlanılıb. Hazırda Babək prospektində 6 piyada zolağı yenilənib. Yol polisi olaraq təhlükəsizliyi təmin etmək bizim vəzifə borcumuzdur. Şikayətlərlə bağlı əraziyə baxış keçiriləcək və piyada zolağının götürülmə səbəbləri ilə bağlı məsələ qaldırılacaq. Yenidənqurma işləri lazım gələrsə, tərəfimizdən bütün lazımi işlər görüləcək”.