Reklam

Piyadaları 4 qayda pozuntusuna görə cərimə gözləyir - DİQQƏT

Yazarlar 14 Noyabr 2016 22:59 Oxunub 9354
Piyadaları 4 qayda pozuntusuna görə cərimə gözləyir - DİQQƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təkcə yolu keçiddən keçməməyə görə deyil, digər 3 halda da piyadalar məsuliyyət daşıyır

Azərbaycanda yol hərəkəti qaydalarını pozan piyadaların sayı hər il 100 mini keçir. Bu, hələ yol polisi əməkdaşlarının aşkar edib qeydə aldığı qayda pozuntularının sayıdır. Aşkar olunmayan xətaları da nəzərə alsaq, bu rəqəm yəqin ki, 1 milyondan çox olar. Bu mənzərə ölkəmizdə piyada mədəniyyətinin və piyada məsuliyyətinin hələ də tam formalaşmadığını göstərir. Təəssüflər olsun ki, hər il ölkəmizdə baş verən yol qəzalarının, xüsusən də, ölümlə nəticələnən hadisələrin yarısını məhz piyadavurmalar təşkil edir.

Bəzən piyadalar elə zənn edir ki, yol polisi onları təkcə keçiddən keçməməyə görə cərimə edə bilər. Lakin Avtosfer.az bildirir ki, İnzibati Xətalar Məcəlləsində (İXM) piyadalarla bağlı 4 maddə mövcuddur. 

İXM-nin 338-ci maddəsi piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasından bəhs edir. Məcəllənin 338.1-ci maddəsinin 3 bəndində göstərilir ki, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni, piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə, yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə 20 manat məbləğində cərimə edilir.

Anlaşılan olsun deyə bildirək ki, piyada svetoforu və ya nizamlayıcı deyərkən svetoforda piyadalar üçün nəzərdə tutulan bölmədəki işığın tələbi nəzərdə tutulur. Nizamlayıcı isə ümumi svetofor və yolda xidmət aparan yol polisi əməkdaşıdır. Avtomobillər üçün svetoforun yaşıl işığı yanarkən yolu keçən piyada qayda pozmuş sayılır. Buna görə də, piyada avtomobillərin qırmızı işıqda dayanmasını mütləq gözləməlidir. Yolayrıcında isə onsuz da, sağa-sola dönən sürücü piyadaya yol verməyə borcludur.

Bundan əlavə, yolda xidmət aparan polis əməkdaşı hansısa istiqamət üzrə hərəkəti qadağan edən siqnal verərkən sürücülərlə yanaşı, piyadalar da bu işarələrə əməl etməli və dayanmalıdır.

Sürücülərin daim narazı qaldığı məqamlardan biri də piyadaların yaxınlaşmaqda olan avtomobilin qarşısına qəflətən çıxmasıdır. «Özünü maşının altına atan» piyada bilməlidir ki, avtomobil dəmir parçasıdır və 5-10 metr məsafədən onun qarşısına çıxmaq təhlükəlidir. Odur ki, piyadalar yolu keçməyə başlayarkən sağa-sola baxmalı, yaxınlaşmaqda olan avtomobillərin ötüb keçməsinə imkan verib sonra yolu keçməlidir. Ən əsası isə avtomobillə özü arasındakı məsafəni mütləq nəzərə almalıdır. Avtobusdan düşərkən yolu avtobusun qarşısından yox, arxa tərəfindən keçməlidir.

Daha bir məsələ qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsidir. Bu o deməkdir ki, təcili yardım, polis, yanğınsöndürən maşınları, habelə, DYP avtomobilinin müşaiyət etdiyi avtomobil karvanı (kartej) yaxınlaşarkən piyadalar yolun hərəkət hissəsini tərk etməli və yolu keçməməlidir.

İXM-nin 338.2-ci maddəsində isə qeyd olunur ki, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə iyirmi manat məbləğində cərimə edilir. Bu o deməkdir ki, piyadalar keçid olmayan yerdən və ya keçidin yanından, altından və ya üstündən keçdiyi halda cərimə oluna bilərlər. Dəmiryolunu isə haradan gəldi keçmək olmaz.

Bütün bunlara əməl etməyən piyadanı 20 manat cərimə gözləyir. Lakin piyadanın hərəkətləri və hərəkətsizliyi ilə hər hansı qəza baş verərsə, o zaman piyadanı daha ağır cəza gözləyir...

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh