Reklam

Piyadaların ölüm zolağından REPORTAJ + FOTOLAR

Yazarlar 30 Dekabr 2016 19:00 Oxunub 2573
Piyadaların ölüm zolağından REPORTAJ + FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bizim vətəndaşlarımız illərdir, xırda bir qaydaya alışa bilməyiblər

Ölkədə yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə həyata keçirilən tədbirlər heç də uğurlu deyil. Paytaxt Bakının küçələrində xeyli sayda yeraltı və yerüstü keçidlər inşa edilib, insan həyatı üçün təhlükəli hesab olunan ərazilərdə işıqforlar quraşdırılıb, piyada zolaqları çəkilib. Amma piyada ölümləri azalmaq bilmir. 

Məsələ orasındadır ki, əksər insanlar yol-hərəkət qaydalarına düzgün riayət etmədiklərindən ölüm hallarının sayı artmaqda davam edir. Çoxları piyada keçidinin nə üçün olduğunu, ondan necə istifadə etmək gərəkdiyini bilmir. 

Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, bəzi vətəndaşlarımız zolaqlı keçid görən kimi yola baxmadan oradan keçirlər. Bu keçidlər olan yerlərdə əgər işıqfor varsa, birinci ona diqqət etmək lazımdır. Yol sürücülərindirsə piyada gözləməlidir. Bu və bu kimi digər qaydalar insan həyatını xilas etmək, qorumaq üçündür. Çox təəssüf ki, bizim vətəndaşlarımız illərdir, xırda bir qaydaya alışa bilməyiblər. 

2016-ci ilin 11 ayı ərzində respublika ərazisində 1848 yol-nəqliyyat hadisəsi qeydə alınıb və nəticədə 695 nəfər həlak olub, 1887 nəfər isə yaralanıb. Bakı şəhəri ərazisində 621 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 170 nəfər həlak olub, 640 nəfər yaralanıb. Baş vermiş yol-nəqliyyat hadisələrinin səbəbləri daha maraqlı mənzərəni ortaya çıxarır.

Belə ki, respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,5%-i ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,9%-i nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,8%-i yolayrıclarını keçmə qaydalarının pozulması, 1,8%-i nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. 

Yol-nəqliyyat hadisələrinin 43%-ni (795) piyadaların vurulması təşkil edib və nəticədə 283 piyada həlak olub, 591-i yaralanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 49 nəfər uşaq və yeniyetmə həlak olub, 181 nəfər yaralanıb. Rəsmi dövlət qurumunun açıqlamasından bəlli olur ki, insanların avtoqəzalara səbəb ola biləcək hərəkətlərindən çəkindirmək üçün aparılan maarifləndirmə işi yetərli deyil.

Baş verən qəzalarda piyadaların vurulmasında çox vaxt günah zərərçəkmişin özündə olur. Məsələn, yaxınlıqda yerüstü və ya yeraltı piyada keçidi olmasına rəğmən çox vaxt vətəndaşlarımız yolu qaça-qaça keçməyə üstünlük verirlər. Bu da nəticədə bədbəxt hadisələrin yaranmasına səbəb olur. Bəzən marşrut avtobusundan düşən sərnişinlər yolu adlamaq istəyərkən avtobusun önündən keçirlər. Bu da çox risklidir. Çünki 2-ci yoldan gələn sürücü onu qəfil görür və əyləcə basa bilməsə, piyada ölə bilər. 

Amma hər şeyi də piyadaların üzərinə atmaq olmaz. Paytaxt Bakıda olan zolaqlı piyada keçidlərinin böyük hissəsi standartlara cavab vermir. Məsələn, bu zolaqlar üzərindən keçən piyadanı sürücü çox çətinliklə görə bilir. Çünki asfalt üzərinə çəkilən zolaqları adi boya ilə rəngləyirlər. Bu da qaydalara uyğun deyil. Belə ki, bu zolaqlar xüsusi fosforlu boyalar ilə çəkilməlidir. 

Axşam saatlarında sürücü yolla hərəkət edən zaman maşının işığı fosforlu zolağı aydınladır. Sürücü keçidi görür və sürəti azaldır. Əgər zolaqlar adi rənglə boyanırsa, heç olmasa burada işıq dirəkləri olmalıdır ki, piyada keçidi görünsün. Bu işıqlar isə barmaqla sayılacaq qədərdir. 

Vətəndaşlarımız qara rəngli paltarlara üstünlük verirlər. Bu rəng seçimindən qurtula bilməyən insanlar mütləq yolu keçərkən qaydalara riayət etməlidirlər. Çünki yol qaranlıq, geyim qara, sürət yüksək... Ölmək üçün hər bir şərait var. 

Hətta bu yaxınlarda Bakı Nəqliyyat Agentliyi sosial şəbəkələr vasitəsilə vətəndaşlara səslənib. "Yoldan fərqlən" şüarı ilə agentlik insanlara bu şəkildə müraciət edib: "Şaxtalı və dumanlı havada sürücülərin diqqətini cəlb etmək və qəza riskini azaltmaq üçün daha rəngli geyimlərdən istifadə etməyiniz məsləhət görülür".

Müşahidələrimiz zamanı da yazdıqlarımız bir daha sübut edildi. Eyni piyada keçidinin yanında 2 dəfə olduq: Gündüz və gecə... Gecə saatlarında zolaqların işıqlanmadığının şahidi olduq. İki il öncə Murtuza Muxtarov küçəsi ilə Nigar Rəfibəyli küçəsi kəsişməsində piyada keçidinin üzərində iki cür - yaşıl və qırmızı - rəngli işıqlar quraşdırılmışdı. 

Yaşıl rəngli işıq piyada zolağının üzərində quraşdırılmışdı, qırmızı rəngli işıq isə sürücülərin avtomobilləri dayandırıb, piyadaya yol vermək üçün “stop xətt”dir. 220 voltla işləyən piyada zolağı elektrik enerjisini keçidin yanında quraşdırılan elektrik dirəyindən alır. Sınaq üçün istifadə olunan xüsusi işıqlanan piyada keçidi nədənsə, sonradan istifadə edilmədi. 

Hazırda adi boya ilə rənglənən zolaqlar təhlükədən xəbər verir. Bu zolaqları fosforlu boya ilə rəngləmək elə də böyük xərc də tələb etmir. Bu günə qədər mənasız işlərə xərclənən pulların yanında isə ümumiyyətlə, bunu xərc saymaq olmaz.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh