Polis gələnə qədər...
Hər gün xəbər lentlərinə, DİN-in kriminal xronikasına və telekanalların xəbər buraxılışlarına nəzər salmaq kifayət edir ki, Azərbaycanda vətəndaşların mənzillərindən pul və qiymətli əşyaların oğurlanması, habelə quldur basqınları nəticəsində qəsb edilməsi hallarının dəhşətli dərəcədə artdığına əmin olasan. Təkcə bu gün azı 4 belə hadisə baş verib. Əməkdaşımızın xəbər verdiyi kimi Neftçala rayonunda Sosial Müdafiə Mərkəzinin sektor müdirinin evindən 23 min manat pul oğurlanıb. Oğurluq hadisəsi ev sahibləri toyda olanda baş verib.
Digər oğurluq hadisəsi Bakının Sabunçu rayonunda, Yeni Ramana qəsəbəsində, Dmitrov küçəsində qeydə alınıb. Yenə də ev sahiblərinin evdə olmamasından istifadə edən oğrular 13 min manat pulu və 35 min manatlıq qızıl-zinət əşyalarını oğurlayıblar. Müsavat.com xəbər verir ki, faktla bağlı şübhəli şəxs qismində heç kim saxlanılmayıb. Günün rəsmi qeydə alınan digər iki oğurluq hadisəsi isə Bakıxanov qəsəbəsində bir-biri ilə qonşu olan mənzillərdə baş verib. Hər iki halda oğurlanan pulun və qiymətli əşyaların on minlərlə manatla ölçüldüyü bildirilir.
Bunlar hələ son deyil və istisna deyil ki, günün oğurluq xronikası bir qədər də genişlənə bilər. Bunlar hələ ev sahiblərinin evdə olmadığı vaxt törədilən oğurluqlardır.
Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, ən təhlükəlisi isə ev sahiblərinin evdə olduğu halda vətəndaşların mənzillərinə quldur basqınlarının intensiv xarakter alması, bu zaman ev sahiblərinin, qadın və uşaqların quldurlar tərəfindən təhdid edilməsi, onlara ağır xəsarətlər yetirilməsi hallarının durmadan artmasıdır.
Ölkədə oğurluq və quldurluq hallarının bu cür intensiv xarakter alması vətəndaşların təhlükəsizliyi və ölkədə kriminogen vəziyyətin ağırlaşması ilə bağlı narahatlıqları artırır. Xüsusən də ölkədə iqtisadi çətinliklərə görə işsizlərin sayının artması ilə oğurluq, quldurluq hallarının artması arasında birbaşa əlaqə görənlər var. Doğrudur, polis də boş dayanmır, müntəzəm olaraq oğru və quldur dəstələrini yaxalayır. Onların barəsində tez-tez məhkəmə hökmlərinin çıxarıldığı haqda eşitmək olar. Lakin həyəcan doğuran məsələ oğurluq və quldurluq əməllərinin sayında azalmanın olmamasıdır.
Polisdəki mənbələr qeyri-rəsmi söhbətlərdə şikayətlənirlər ki, onların yaxaladıqları oğruları bir çox hallarda məhkəmələr tezliklə azad edir, yaxud barələrində həbs qəti imkan tədbiri seçilmir və cinayət işləri qaldırılmır. Nəticədə polis həbs etdiyi oğru ilə bəzən dəfələrlə qarşılaşmalı olur. Cinayət Məcəlləsində oğurluq və quldurluq əməllərinə görə nəzərdə tutulan cəzaların da adekvat olmadığı haqda fikirlər var. Belə ki, xırda oğurluq əməllərinə görə məsuliyyətlə vətəndaşların pulunu, malını talan edən, quldurluq yoluyla ələ keçirən cinayətkarların məsuliyyəti arasında kəskin fərq olmalıdır. Deməli, bu cinayətlərin qarşısının alınması üçün preventiv tədbirlər görmək, cəzaları sərtləşdirmək və oğru, quldur dəstələrinə qarşı mübarizəni daha da sərtləşdirmək lazım gəlir.
Habelə oğurluq və mənzillərə quldur basqınlarının bu cür artması vətəndaşların özünümüdafiə hüququ məsələsini gündəmə gətirir. Vətəndaş evinə basqın edən quldurlardan özünü, əmlakını, qiymətli əşyalarını, ailə üzvlərini necə, hansı vasitələrlə qoruya bilər? Axı polis köməyə yetənə qədər cinayətkarlar çoxdan öz əməllərini həyata keçirmiş olurlar. Azərbaycanda vətəndaşların silah alması və saxlaması qaydaları kifayət qədər sərtdir, eyni zamanda qanuni silaha malik olan vətəndaşın quldur basqınlarına qarşı özünümüdafiədə bu silahdan istifadəyə görə məsuliyyətinin dərəcəsi barədə düşünmək, bu məsələdə sərhədləri dəqiq göstərmək gərəkdir.