Polisə təşəkkür məktubları gəlir

Yazarlar 5 May 2017 12:50 Oxunub 2548
Polisə təşəkkür məktubları gəlir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bizə yazırlar-minnətdarlıq edirlər

İnsan hüquq və azadlıqlarının qorunması, polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətinin əsas istiqamətlərindəndir. 

Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı hər gün ayrı-ayrı vətəndaşlardan çoxsaylı təşəkkür məktubları daxil olur. DİN rəhbərliyinə ünvanlanan bu məktubların əsas mövzusunu qanunun aliliyi prinsipinin hər zaman uca tutulması, Azərbaycan Polisinin ictimaiyyət arasında böyük nüfuza malik olması təşkil edir. 

Son günlər aldığımız məktublardan bir neçəsini oxucularımızın diqqətinə çatdırırıq: Tərtər rayon Qaradağlı kənd sakini Rima Səfərova göndərdiyi məktubunda bildirir ki, martın 9-da Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri də onun qızı Aytən Quluzadə olub. Dərhal Sumqayıt şəhər Travmatologiya xəstəxanasına gətirilən yaralı daha sonra DİN rəhbərliyinin göstərişi ilə DİN-in A.Heydərov adına Respublika hospitalına yerləşdirilib. Martın 16-dan 30-dək A.Quluzadə bu tibb müəssisəsində müayinə və müalicə olunub.

Məktub müəllifi hospitalda yaradılan şəraitdən, həkimlərin, tibb bacılarının peşəkarlığından və xəstələrə qayğıkeş münasibətindən razılığını bildirir, onların hər birinə, eləcə də DİN rəhbərliyinə minnətdarlıq edir.

Bakı şəhər sakini Fərhad İsgəndərov göndərdiyi teleqramda yüksək peşəkarlıq nümayiş etdirərək qardaşı Şaiq İsgəndərovun həyatını xilas etdiklərinə görə Sabunçu rayon 12-ci Polis Bölməsinin əməkdaşlarına, xüsusilə, təhqiqatçı Ələsgər Hüseynova dərin təşəkkürünü bildirir. O, teleqramda polisin insanların həyat və sağlamlıqlarının qorunması istiqamətində çevik reaksiya göstərməsindən heyrətə gəldiyini də məmnunluqla qeyd edir.

Şirvan şəhər sakini, I qrup əlil Bəxtiyar Ağayev göndərdiyi təşəkkür məktubunda martın 26-da Bakıda üzləşdiyi problemlə bağlı "102 Xidməti"nə zəng etməsindən və məsələnin dərhal öz həllini tapmasından razılığını bildirir.

Suraxanı rayon sakini Püstəxanım Əliyeva göndərdiyi minnətdarlıq məktubunda yazır ki, qonşusu ilə aralarında yaranmış münaqişə səbəbindən polisə müraciət etmək məcburiyyətində qalıb. Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin sahə müvəkkili, polis kapitanı Şahin Sadıqov konfliktin qarşısının alınması üçün operativ tədbir görüb və məsələnin daha da böyüyərək kriminala çevrilməsinin qarşısını alıb. 

P.Əliyeva polisin göstərdiyi diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. Bakıdakı 209 nömrəli məktəbin direktoru Arizə Mahmudova və Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva rəhbərlik etdikləri təhsil müəssisələrində Sabunçu Rayon Polis İdarəsinin rəhbərliyinin təşkilatçılığı ilə maarifləndirici xarakterli, şagirdləri zərərli vərdişlərdən, xüsusilə də narkomaniyadan çəkindirmək məqsədi daşıyan tədbirlərin mütəmadi keçirilməsindən razılıqlarını bildirir, buna görə DİN rəhbərliyinə və bu işdə əməyi keçən hər kəsə öz dərin təşəkkürlərini bildirirlər.

Vətəndaş Elnur Fərhadov məruz qaldığı cinayət hadisəsi ilə əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdiyini, istintaqın gedişində əməkdaşların səyi nəticəsində qısa müddət ərzində ona dəymiş ziyanın ödətdirildiyinə görə təşəkkür edir.

Lənkəran rayon Şürük kənd sakini Səyyad Quliyev və kənd ağsaqqalları göndərdikləri məktubda rayonda baş verən cinayətlərin "isti izlər"lə açılmasına, mütəmadi olaraq əhali arasında narkomaniya ilə mübarizə məqsədilə keçirilən tədbirlərə görə razılıqlarını bildirirlər.  

Vətəndaş Pərviz Rzayev məktubunda Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin əməkdaşlarından razılığını bildirir, üzləşdiyi problemə çevik yanaşıldığına görə DİN rəhbərliyinə təşəkkür edir. 

Ağdam rayon sakini Mobil Əliyev üzləşdiyi problemin ədalətli həllində, qısa vaxt ərzində ona köməklik göstərildiyinə görə Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən başladılan araşdırmaya görə təşəkkürünü bildirir. 

İsmayıllı rayonundan Dadaş Səmədov müraciətinə polisin çevik reaksiya verməsini vətəndaş hüquqlarına verilən ən böyük dəyər kimi qiymətləndirir. 

Lənkəran rayon Separadi kənd sakinləri - Niyaməddin Məmmədov, Zülfüqar Cəfərov, Sərdar Gülverdiyev, Ramin Məmmədov, Elşad İsmayılov və Tofiq Səlimov göndərdikləri minnətdarlıq teleqramında Lənkran ŞRPŞ-nin fəaliyyətindən razılıq ifadə edirlər. 

Polis, daxili işlər orqanları daim xalqın və dövlətin keşiyindədir. Vaxtaşırı bu məktubları oxucularla bölüşməyimiz də onlara verdiyimiz önəmin, diqqətin ifadəsidir.  

 

Natiq Cavadov, 

polis baş leytenantı 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh