Qitələri birləşdirəcək dəmiryolu xəttinin istifadəyə verilməsi niyə gecikir?
“Bakı-Tbilisi-Qars dəmiryolu xətti gələn il istifadəyə veriləcək. Səbəb isə odur ki, dəmiryol xəttinin Türkiyə hissəsində işlə bir qədər ləngiyib”. Avtosfer.az xəbər verir ki, bu sözləri “yeni müsavat”a açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
O, bildirib ki, Gürcüstan hissəsində tikinti işlərini Azərbaycan Dəmir Yolları QSC həyata keçirir və ilin sonuna doğru bu işlər tamamlanacaq: “Demək olar ki, işlərimiz tamamlanıb, bir qədər tunellərdə iş qalıb. O da ilin sonuna qədər yekunlaşacaq. Bu layihənin reallaşması gələn il başa çatacaq. Gürcüstan hissəsi də bu ilin sonunacan hazır olacaq. Türkiyə hissəsinə isə biz cavabdeh deyilik və qarışa bilmərik. Dəmiryol xəttinin Türkiyə hissəsində bir qədər gecikmələr var. Orada baş verən hadisələr, həmçinin hava şəraitinin pis olması işə mane olur. Ancaq onlar da çalışırlar ki, vaxtında işləri yekunlaşdırsınlar”.
Nadir Əzməmmədov onu da qeyd etdi ki, Gürcüstan tərəfində işlər 80 faiz hazırdır: “Gürcüstan tərəfində isə bütün stansiyalar tikilib, tam hazırdır, üst qurum elementlər, dəmir yolu hamısı hazırdır. Elektrik təchizatı ilə bağlı işlər yekunlaşıb. Biz iki-üç dəfə lokomotivlərimizdə test keçirmişik. Gürcüstandan çıxan qatar tunelə qədər gedib çıxıb. Bu şəkildə də işləmək mümkündür. Hazırda Axalkalaki stansiyasında yüklərin boşaldılması üçün nəzərdə tutulan terminal üzərində işlər gedir. Orada həmçinin neftdoldurma terminalında işlər gedir. Axalkalaki stansiyası sərnişinləri qəbul etməyə 80 faiz hazırdır. Bu istiqamətdə işlər gedir ki, gələcəkdə həm yek, həm də sərnişin daşınmasını həyata keçirək.
Gürcüstanla Türkiyə arasında isə tunel var. Biz işimizi tunelə qədər həyata keçiririk. Tuneldəki işin bir hissəsini Türkiyə, Bir hissəsini də biz həyat keçiririk. Yəni, tuneldə də işlər tamamlanmaq üzrədir. Tunel hazır olduqdan sonra biz Türkiyə tərəfə keçə bilərik”.
N. Əzməmmədovun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişinlərin daşınması da həyata keçiriləcək: “Hazırda sərnişinlərin daşınması üzrə də hazırlıq işləri həyata keçiririk. Dəmiryolu xətti hazır olduqdan sonra ilk növbədə yük gedəcək, sonra isə sərnişinlər də gedəcək. Sərnişinlərin getməsi üçün biz yataq tipli 30 vaqon sifariş vermişik. Bu vaqonlar digərlərindən fərqlənir. Bilirsiniz ki, bizim standartlar 1520-dir, Avropa standartı isə 1435-dir. Burada söhbət reyslərarası məsafədən gedir. Avropadakı reyslərlə bizimki fərqlidir. Bizim alacağımız vaqonlar hər iki standarta uyğun olacaq. Sərhəd-keçid məntəqəsinə yaxınlaşarkən avtomatik olaraq Avropa standartına keçəcək, əksə istiqamətdə qayıdarkən bizim standarta qayıtmaq qabiliyyətinə malik olacaq. Sərnişinlər bunu hiss etmədən biz sərhəddə Avropa standartına keçəcəyik. Sərnişinlərin bu qatarlardan istifadəsi isə 2017-ci ilə planlaşdırılır. Bu qatarın cədvəli var, xüsusi cədvəl üzərində hərəkət edəcək. Tariflər isə 3 ölkə arasında razılıq əsasında əldə olunacaq”.
Layihənin əhəmiyyətindən danışan Dəmiryol İdarəsinin sözçüsü bunun Azərbaycana böyük dividentlər gətirəcəyini qeyd etdi: “Trans-Avropa və Trans-Asiya nəqliyyat dəhlizi var. Çindən çıxan yük birbaşa Qazaxıstan, Azrbaycan, Gürcüstan, Türkiyə və oradan da Avropaya, Birbaşa İngiltərəyə kimi gedib çıxa biləcək. Çindən yüks götürən Qatar birbaşa Trans-Avropa nəqliyyat dəhlizinə çıxa biləcək. Sərnişinlər də İstanbula qədər gedəcəklər. Artıq Dəmiryol İdarəsinin rəhbərliyi müxtəlif ölkələrlə danışıqlar aparır və yüklərin cəlb olunması ilə bağlı işlər gedir. Bir neçə ilə Azərbaycan ən önəmli transit ölkəyə çevriləcək və ondan bizə xeyli dividentlər və gəlirlər gələcək. Bundan əlavə, ölkə prezidenti dünya tarixinə qitələri birləşdirən president kimi düşəcək. Çünki biz artıq dəmiryol xətti vasitəsilə qitələri bir-birinə birləşdirəcəyik. Layihənin ümumi dəyəri təxminən 775 milyon dollardır. Bu maliyyəni isə Dövlət Neft Fondu ayırır. Layihənin tikintisi 2005-ci il üçün nəzərdə tutulsa da, 2007-ci ildə start verildi. Səbəb isə o idi ki, bizə təzyiqlər var idi. Təzyiqlərin də motive bu idi ki, bu dəmiryol xətti Ermənistandan keçsin. Təbii ki, ölkə başçısı buna razı olmazdı. Zaman lazım idi ki, biz layihənin icrasına başlayaq. O baxımdan 2007-ci ildə tikintiyə başlanıldı, təxminən 10 ilə yaxın bir müddətdə 775 miylon dollar vəsait xərcləndi”.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedəcək. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirəcək. 2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. 2017-ci ildə dəmiryol xəttinin tam şəkildə istifadəyə verilməsi nəzərdə tutulur.
Layihənin əhəmiyyətini yüksək qiymətləndirən Milli Məclisin İqtisadiyyat, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov da vurğuladı ki, bu dəmiryol xətti vasitəsilə yükdaşımalar Azərbaycana yüksək məbləğdə gəlir gətirəcək: “Bu dəmiryolu xəttinin əhəmiyyəti çox böyükdür. Birincisi, yükdaşımaların miqdarı kəskin artacaq. İkincisi, Avropadan Asiyaya yüklərin daşınmasından Azərbaycan tranzit ölkə kimi müəyyən gəlirlər götürəcək. Azərbaycan bu dəqiqə nəqliyyat sahəsində çox ciddi addımlar atır. Hətta İranla Azərbaycan arasında dəmiryolu xətti çəkilir. Bütün bunlar ona görədir ki, Azərbaycan tranzit dövlət kimi nəqliyyat sahəsində dünyaya çıxsın. Hazırda Səngəçal tərəfdə də böyük bir dəniz limanı tikilir. Azərbaycan nəqliyyat sahəsində bölgədə əsas ölkələrdən birinə çevrilə bilər. Mən hesab edirəm ki, bu dövlət başçısının apardığı çox düzgün siyasətdir. Ölkənin tranzit imkanları çox böyükdür. Bakı-Tbilisi-Qars dəmiryolu da yükdaşımada böyük rol oynayacaq. İstər bizim yüklər, istər Çindən, istər Asiya dövlətlərindən gələn yüklər asanlıqla dəmiryolu vasitəsilə Türkiyəyə aparılacaq, orada da Avropaya çıxarılacaq. Yəni, bu çox əhəmiyyətli bir yoldur və ilin sonunda istifadəyə verilməsi gözlənilir. Bir-iki ay gecikmə ola bilər, amma yekunlaşmaq üzrədir. Bu dəmiryolu xətti tamamlandıqdan sonra ilə on milyon tonlarla yük daşınacaq. Bu çox böyük layihə deməkdir və ciddi miqdarda gəlir gətirə bilər”.