Seçimimiz sağlam həyatdır...

Yazarlar 7 Noyabr 2017 15:50 Oxunub 1358
Seçimimiz sağlam həyatdır...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Narkotik maddə alverçiləri "ölüm kabusları"dır

Sabunçu Rayon Polis İdarəsinin təşkilatçılığı ilə narkomaniyayla mübarizəyə həsr olunmuş və devizi  “Seçimimiz sağlam həyatdır” başlıqlı növbəti tədbir Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbində baş tutdu.

Məktəbin direktoru Gülnarə Abdullayeva bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyini diqqətə çatdırdı.  Dedi ki, bu gün gənclərimizi “ağ ölüm”ün ağuşundan almaq, ona düçar olanları sağlam həyata qaytarmaq üçün hər birimizi üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməliyik. 

Rayon İcra Hakimiyyəti başçısının  birinci müavini Güloğlan Məmmədov ölkəmizin qazandığı iqtisadi və siyasi uğurların əldə olunmasında gənclərin də rolunu xüsusi qiymətləndirdi. 

RPİ-nin rəis müavini, polis polkovniki Şaiq Əliyev gələcəyimiz olan uşaqlara narkotacirlərin toruna düşməməyi tövsiyə etdi. Bildirdi ki,  ölümün sindromu olan  narkomaniya ilə mübarizə aparmaq o qədər də asan məsələ deyil. Narkotik maddə alverçiləri bir növ "ölüm kabusları"dır. Onlar əsasən uşaqların və gənclərin cəmləşdiyi yerlərdə olur, pul qazanmaq xatirinə həmin məhsulları təklif etməklə, onları ölümə aparan bu pis vərdişə alışdırmağa çalışırlar. Pulunu da əvvəlcədən yox, çox vaxt onları bu ağır xəstəliyə düçar etdikdən sonra istəyirlər. Təzə narkoman da maddi cəhətdən imkansız olduğundan xərci ödəmək və yeni narkotik maddə almaq üçün hətta oğurluq yoluna qədəm qoymaq məcburiyyətində qalır. Təhsil Nazirliyinin nümayəndəsi Həbib Kərimov narkotizmlə və narkobizneslə mübarizə hər şeydən öncə ölkəmizin ərazi bütövlüyünün qorunması, onun suverenliyinin bərpası, cəmiyyətin sağlamlığının, dinclik və əmin-amanlığının mühafizəsi zərurətindən irəli gəldiyini bildirdi. Tədbirin sonunda qonaqlar şagirdlərin hazırladığı “Lalənin arzusu” çizgi filminə və rəsm əsərlərinə baxdılar.

 

Hafiz Təmirov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh