Şəhərimiz tıxacın cəngində inildəyir
Yay mövsümünü və insanların çoxunun şəhərdən kənara çıxdığını nəzərə alsaq, Bakıda sıxlıq müşahidə olunmamalıydı. Lakin istər müşahidələrimiz, istərsə də oxuculardan gələn məktublardan bəlli olur ki, hələ də şəhər əhalisi tıxac problemindən əziyyət çəkir. Xüsusilə "Azəravtoyol" ASC-nin yolların təmiri ilə əlaqədar bəzi mərkəzi küçələri bağlaması vəziyyəti daha da gərginləşdirir. Nəticədə tıxac yaranır və hərəkət dayanır. Bu problem həllini necə tapmalıdır?
"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sputnik-ə açıqlamasında bildirib ki, yol tikintisini, sadəcə gecələr həyata keçirmək mümkün deyil: "Məsələn, yolun üst qatının salınması prosesi mütləq şəkildə gün işığında olmalıdır ki, yol düz olsun. Ötən illərdə təmir üçün yol bağlanırdı və tam işlər bitəndən sonra yollar açılırdı. Artıq biz belə sistemlə getmirik. Öncəliklə yollar bağlanmadan görülə biləcək işləri görürük. Yolun asfalt-beton örtüyünün vurulmasına kimi edilən işləri yolu bağlamadan edirik ki, həm insanlar rahat yoldan istifadə etsinlər, həm biz işlərimizi görə bilək".
ASC sözçüsünün dediyinə görə, "Azəravtoyol" yolu bağlamadan öncə yol polisinə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə, eyni zamanda mətbuata məlumat verir: "Bu zaman ən azından yoldan istifadə edən vətəndaşlar məlumatlandırılır. Biz "Azəravtoyol" olaraq insanların rahatlığını düşünürük. Tıxaclar isə sürücülərin səhlənkarlığı səbəbindən baş verir".
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov də tıxac probleminin yaranmasında vətəndaşları günahlandırıb: "Sürücülər yol hərəkəti qaydalarına riayət etmir və əks yola çıxırlar, düzgün mövqe tutmayaraq yollarda tıxac yaradırlar. Bir sözlə, tıxac bir və ya bir neçə sürücünün kobud hərəkət pozmasından yaranır və bununla da yolda digər nəqliyyat vasitələri üçün də problemlər yaranır. Cəmiyyətdə buna qınaq olmalıdır. Sürücülər öz hüquqlarını bilməli və düzgün riayət etməlidir".
V.Əsədov, tıxac yaranan zaman, vətəndaşın polisə məlumat verib-verməməsi məsələsinə də münasibət bildirib: "Biz şəhərdə quraşdırılan kameralar vasitəsilə şəhərin müxtəlif küçələrində olan bütün sıxlıqları görə bilir və bunu aradan qaldırmaq üçün aidiyyəti rayonlarda olan polis idarələrinə xəbər veririk. Amma vətəndaşlar da belə tıxaclar haqqında xəbər vermək istəsələr, 902 və 102 qaynar xətlərinə zəng etməklə tıxaclar haqqında məlumat verə bilərlər".
Yol nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, yol təmiri əhalinin şəhərdə az olduğu dövrlərdə həyata keçirilməlidir: "Yolların standartlara uyğun olması üçün daim təmirə ehtiyacı olur. Yay aylarında, xüsusilə yolların təmirinə daha çox önəm verilir. İsti aylarda şəhərdə əhali az olduğundan, belə təmirlərin bu mövsümdə keçirilməsi daha məqsədəuyğundur".
Ekspert sürücüləri belə hallarda diqqətli olmağa çağırıb: "Alternativ yollardan istifadə etməlidilər, tıxac yaratmamaq üçün məsuliyyətli olmalıdırlar. Yol polisi özü də tıxaclara nəzarət etməlidir, amma ehtiyac yaranarsa, hər bir vətəndaş yol polisinə müraciət edib onları yardıma çağıra bilər".