Banner

“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY

Yazarlar 26 Oktyabr 2026 15:18
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
WhatsApp kanalımıza abunə olun

Son illər psixoloji anlayışlar gündəlik dilimizdə daha çox işlədilir. Onlardan biri də “gaslighting”dir. Bu anlayış yalnız şəxsi münasibətlərdə psixoloji manipulyasiyanı deyil, siyasi müstəvidə insanların reallıq qavrayışının dəyişdirilməsini də ifadə edir.  Amerikalı psixoanalitik Robin Stern “Gaslight Effektindən Sağalma Bələdçisi” kitabında gaslighting-i insanın öz yaddaşına, mühakiməsinə və reallıq qavrayışına inamını tədricən sarsıdan psixoloji manipulyasiya üsulu kimi izah edir. Bu zaman manipulyasiyaya məruz qalan şəxs gördüklərinə və eşitdiklərinə belə şübhə etməyə başlayır.

“Gaslighting” anlayışı 2016-cı ildə ABŞ-də Donald Trampın siyasi yüksəlişi ilə daha geniş yayılmağa başladı. Həmin il “Teen Vogue” jurnalı “Donald Tramp Amerikanı gaslighting yolu ilə manipulyasiya edir” başlıqlı məqalə dərc etdi. Məqalədə Trampın açıqlamaları və sosial şəbəkə paylaşımları vasitəsilə həqiqəti təhrif etməsinə diqqət çəkilirdi.

2016-cı ildə “həqiqətdən sonrakı dövr” anlayışının Oksford lüğəti tərəfindən ilin sözü seçilməsi də təsadüfi deyildi. Yanlış məlumatların, konspirasiya nəzəriyyələrinin və saxta xəbərlərin yayıldığı bir dövrdə həqiqətlə yalan arasındakı sərhəd getdikcə bulanıqlaşırdı. 2022-ci ildə isə “Merriam-Webster” lüğəti “gaslighting” sözünü ilin sözü seçdi.

Trampın siyasi davranışları ilə bağlı tənqidlərdə də bu yanaşmaya diqqət çəkilir. Məsələn, ABŞ administrasiyasının məxfi hərbi planlarının jurnalistlərlə səhvən paylaşılması hadisəsindən sonra Trampın səhvi qəbul etmək əvəzinə “The Atlantic” jurnalına hücum etməsi tənqid olunmuşdu.  Jurnalın müəllifi Piter Veiner hesab edirdi ki, belə hallarda manipulyasiya təkcə ayrı-ayrı şəxslərə deyil, bütöv cəmiyyətə yönəlir. Məqsəd çaşqınlıq yaratmaq, dövlət qurumlarına inamı sarsıtmaq və insanları bir-birindən uzaqlaşdırmaqdır.
“Political gaslighting”ə başqa hansı nümunələri göstərə bilərik? Qarışısın almaq üçün nə etmək lazımdır?

Beynəlxalq münasibətlər üzrə mütəxəssis Samir Hümbətov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu anlayış daha çox siyasi liderlərdə faktlardan qaçmaq kimi dəyərləndirilir.

"Vladimir Putinin çıxışlarına baxdıqda biz bunu daha rahat görə bilərik. Ərdoğanda da var bu, Çin liderində də görə bilərsiniz. İsrail prezidenti də bunu edir. Bəs Amerika cəmiyyəti hansı reaksiyanı verə bilər? Trampı fakt qarşısına qoymaq çətindir. Çünki ən son nöqtədə Tramp deyə bilər ki, paylaşılan bilgilər, faktlar süni intellektlə düzəldilib. Adi Epşteyn məsələsində Tramp tamamilə o faktları inkar elədi. Donald Tramp və digər liderlərin belə politoloji anlayışını cəmiyyətə hansı formada aşılanmasından da çox şey asılıdır. Təbii ki, siyasi liderlərin fikirlərinin hamısı düz olacaqdır deyə anlayış yoxdur. Qarşısını almaq isə çətin məsələdir. Çünki hər bir liderin, hər bir aktorun özünəməxsus yanaşma tərzi var bu məsələlərə və orada kimin haqlı, kimin haqsız olduğunu təyin etmək də biraz çətindir".

Məsələ ilə bağlı siyasi psixoloq Samirə Qasımlının fikrincə, siyasi qəzlaytinqə həm demokratiyalarda rast gələ bilərik, həm də avtoritar rejimlərdə.

"Tramp və Putin demokratiya ilə avtoritarizmi qarşı-qarşıya qoymaq üçün yaxşı nümunədir. Məsələn, Amerika demokratiyasında bu gün gördüyümüz Donald Trampın şəxsiyyəti, başdan-ayağa bir avtoritar tipajdır və onun bu davranışları, açıq-aşkar yalanları qaslaytinqin, manipulyasiyanın nümunələridir. Hətta onun seçki ərəfəsində debatda dediyi çıxışlar ki var idi, hansı ki ən geniş yayılmış və gülüşə səbəb olan çıxışı idi, guya bəzi ştatlarda miqrantlar itləri və pişikləri kəsib yeyirlər. Elə bunun ardından efirə getdiyi vaxtı “fact-checking” etmişdilər ki, yalan məlumatdır və prezidentliyə namizəd bu şəkildə manipulyasiya edir. Amma Amerika demokratiyasında vətəndaş cəmiyyəti, müstəqil media güclü olduğuna görə buna qarşı çıxa bilirlər və ifşa edə bilirlər. Ümumiyyətlə, bilirsiniz ki, xəbərin 48 saat ömrü var. Lakin önəmli olan onun birinci yaratdığı effektdir. Müstəqil medianın kütləviliyi çox önəmlidir ki, bu xəbərlərin dezinformasiyasını aşkar etsin.  Ukrayna müharibəsi ilə bağlı dövlət səviyyəsində, xüsusilə də Rusiyanın dövlət televiziyası vasitəsilə ciddi manipulyasiyalar aparılır, saxta süjetlər hazırlanır. Guya ukraynalıların ruslara və rus millətindən olan Ukrayna vətəndaşlarına qarşı zorakılıq törətdiyi, qeyri-insani davranışlar sərgilədiyi iddia olunur. Halbuki sonradan dövlət televiziyasında yayımlanan bəzi reportajların qurma olduğu faktlarla ifşa edilib. Hətta həmin süjetlərdən birində müsahibə verən qadının real hadisə iştirakçısı deyil, aktyor olduğu və müxtəlif reportajlarda fərqli obrazlar yaradaraq istifadə edildiyi də detalları ilə ortaya qoyulub. Avtoritar rejimlərdə vətəndaş cəmiyyətinin və müstəqil medianın olmaması hakimiyyətin manipulyasiyalarının cəmiyyət arasında asanlıqla yayılmasına şərait yaradır. Alternativ informasiya mənbələrinə çıxışı olmayan cəmiyyətin böyük bir hissəsi isə bu məlumatları qəbul edir və onlara inanır". 

Türkan Ülvi

Oxunub : 120
ŞƏRH YAZ
Ad

E-mail

Şərh