Reklam

“SOCAR” sürücüləri ölümə göndərir – Artıq bir polis ölüb – VİDEO

Yazarlar 5 Oktyabr 2017 10:40 Oxunub 10800
“SOCAR” sürücüləri ölümə göndərir – Artıq bir polis ölüb – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunsuz olaraq geriyədönmə yeri yaradaraq sürücüləri qəzaya salırlar

Bakınını Səbail rayonu, Salyan yolu şosesində yerləşən “SOCAR” yanacaqdoldurma (YDM) məntəqəsi daha çox pul qazanmaq üçün sürücülərə təhlükə yaradır. Avtosfer.az xəbər verir ki, Bibiheybət məscidininin yanından üzü şəhər istiqamətində hərəkət edərkən yolun sağında yerləşən yanacaqdoldurma məntəqəsinə daha çox müştəri cəlb etmək üçün əks istiqamətlə hərəkət edən avtomobillərin YDM-yə dönməsinə qanunsuz yolla şərait yaradıblar. Belə ki, üzü Bibiheybət məscidinə tərəf hərəkət edən avtomobillərin də yanacaqdoldurma məntəqəsinə daxil olması üçün YDM-nin qarşısındakı yolda qoşa xəttin bir neçə metrlik hissəsi qırıq-qırıq xəttlə işarələnib. Bunu qanunsuz yolla, heç bir dövlət qurumunun, ən əsası də Yol hərəkəti təhlükəsizliyi Komissiyasının qərarı olmadan kustar üsulla ediblər. Belə ki, qoşa xəttin bir hissəsinin üzərinə qara rəng vurmaqla qırıq-qırıq xətt yaradıblar. Əksər sürücülər isə bunun qanunsuz olduğunu bilmədiyi üçün oradan həm geriyə, həm sola, həm də yanacaqdoldurma məntəqəsinə dönürlər. Bu isə qəza şəraiti yaradır.

Avtosfer.az xatırladır ki, bu hal ilk dəfə edilmir. Ötən il də eyni addım atılmışdı. O vaxt “SOCAR” açıqlama verdi ki, oradakı qırıq-qırıq xətti dəniz kənarında yerləşən şirkətlərdən birinin işçiləri yaradıb. Onlar məscidin qarşısından geriyə dönüb qayıtmağı böyük dərd hesab etdikləri üçün burada asan yolla dönmə yeri yaradıblar. Bu barədə Avtosfer.az-da məlumat yayılandan cəmi bir neçə saat sonra qırıq-qırıq xətt ləğv edilmişdi. Sonradan isə bunu yenə təkrar ediblər. Nəticədə bir neçə ay öncə həmin ərazidə dəhşətli qəza baş verdi və bir polis əməkdaşı həlak oldu. Belə ki, “Fiad Doblo” markalı avtomobildə xidmət aparan PPX əməkdaşları həmin yerdən sola dönərkən qarşı yola çıxaraq yüksək sürətlə hərəkət edən “Porsche” markalı avtomobul onu vurmuşdu. Nəticədə bir polis ölmüş, ikisi yaralanmışdı. Lakin bundan bir ay keçməmiş “SOCAR” işçiləri yenə də öz ciblərini güdərək yolda qanunsuz olaraq qırıq xətlər yaratmaqla sürücüləri ora yönəldirlər.

Əksər sürücülər də bunun qanuni qırıq-qırıq xətt olduğunu zənn edərək dönürlər. Avtosfer.az-a daxil olan məlumata görə, məhv bu nöqtədən sola dönən sürücülər tez-tez qəzaya düşürlər. Yol polisi isə araşdırma zamanı elə həmin sürücünün günahkar olduğunu deyir. Yalnız bu zaman sürücü öyrənir ki, oradakı qırıq-qırıq xətt qanunsuz imiş.

Belə aydın olur ki, yol polisinin də “SOCAR”a gücü çatmır. Əgər çatsaydı bu əmələ görə İnzibati Xətalar Məcəlləsinə əsaslanıb elə həmin “SOCAR” yanacaqdoldurma məntəqəsinə 2 min manat cərimə tətbiq edərdi.

Sürücülərin diqqətinə çatdırırıq ki, Bakıda və respublikanın digər yerlərində özbaşına olaraq belə qırıq-qırıq xətlər çəkilir. Kimisi evinə, kimisi də obyektinə rahat dönmək üçün bu yola əl atır. Lakin yadda saxlamaq lazımdır ki, sola və ya geriyədönmə yeri qanunidirsə, o zaman mütləq asfalt üzərində nişanlanma xətti və yol nişanı olmalıdır. Bu nişanlar vasitəsilə sola və ya sola-geriyə dönməyə icazə verildiyi əksini tapmalıdır.

Salyan yolu şosesindəki geriyədönmə yerində isə heç bir nişan va nişanlanma xətti buradan geriyə və sola dönməyə imkan vermir. Burada asfalta diqqət etsəniz görəcksiniz ki, hərəkət yalnız düzünədir.

Həmin yolda başqa problemlər də var. Məsələn, sürət 60 km/saat müəyyin edilib, radar nişanı da var. Lakin sürücülərin əksəriyyəti bu yolda radar olmadığını bildiyi üçün yüksək sürətlə hərəkət edirlər. Üzü məscidə tərəf olan yolda cəmi iki hərəkət zolağı var. Sol zolaqdakı avtomobil “SOCAR”ın qarşısında qəflətən sola dönməyə başladıqda, sağda isə başqa avtomobil aşağı sürətlə hərəkət edikdə arxadan biraz yüksək sürətlə gələn avtomobil onlardan biriylə toqquşur. Həmin nöqtədə baş verən qəzaların hamısı məhz bu ardıcıllıqla qeydə alınır. Bir qədər ayıq sürücü olduqda isə toqquşmadan yayınmaq üçün qarşı yola çıxır. Bu da hər zaman uğurlu olmur. Çünki orada qarşı yol nadir hallarda boş olur. Deməli, istənilən halda toqquşma qaçılmazdır.

Odur ki, həmin yolda sürət rejiminə əməl etmək, ara məsafəsi saxlamaq və yalnız düzünə hərəkət etmək lazımdır.

İnanırıq ki, qanunsuz hərəkətlərlə sürücüləri çaşdıran “SOCAR” YDM cəzasız qalmayacaq və DYP tezliklə həmin yola radar quraşdıracaq. Axı bizim sürücülər radar, kamera və yol polisi əməkdaşı olmayan yerdə qayda pozmağa adət edib...

P.S. Az öncə əldə etdiyimiz məlumata görə, artıq həmin ərazidəki qırıq-qırıq xətlər ləğv edilib. Biabırçı mənzərəni əks etdirən video oktyabrın 1-də çəkilib, bir gün sonra Avtosfer.az-ın Youtube kanalına yüklənilib.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Əli Novruzov 6 Oktyabr 2017 11:44
maraqlı odur ki, qayda pozuntusunu videoya çəkən adam özü qaydaları pozur- avtomobili xəttin üstü ilə sürür.
Şahin 5 Oktyabr 2017 12:26
Əyər o xəttin qırıq-qırıq olması qanunsuzdursa bəs onda niyə polis işçiləri həmişə dayanır orda maşənları