Sökülən evlərin yerini qanunsuz dayanacağa çeviriblər - FOTO

Yazarlar 2 Yanvar 2017 11:30 Oxunub 2802
Sökülən evlərin yerini qanunsuz dayanacağa çeviriblər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dayanacağa 2 nəfər nəzarət edir. Ərazidə yüzə yaxın maşın saxlamaq mümkündür

"Sovetski" ərazisində söküntülər başlayan zaman etirazlar da başlamışdı. Zamanla aksiyalar səngidi və söküntü işləri sürətləndi. Amma narazılıqlar hələ də davam edir.

Bu yazımız nə narazılıqlarla, nə də söküntü işləri ilə bağlıdır. Məsələ tam başqadır. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, yüzlərlə insanın narazılığı ilə sökülən evlərin boş qalan yerini dayanacağa çeviriblər. Vaxtı ilə Bakının Lev Tolstoy küçəsi ilə Rəzul Rza küçəsinin kəsişməsində yerləşən evlərin yerini hasara alıb, qanunsuz avtodayanacağa çeviriblər. Dayanacağa 2 nəfər nəzarət edir. Ərazidə yüzə yaxın maşın saxlamaq mümkündür. 

Sürücülər də burada maşın saxlamağa üstünlük verirlər. Çünki qiyməti digər dayanacaqlarla müqayisədə çox ucuzdur. Saat fərq etmədən 1 manat...

Qanunsuz, heç bir vergi vermədən, standartlara cavab verməyən bu dayanacağın sahibi bəlli deyil. Amma hər kimdirsə ya göz önündə belə bir iş görəcək qədər gücü var, ya da pulu... 

Dayanacaqdan istifadə edən sürücülər dedilər ki, qiymətə görə bura çox uyğundur və qanunsuz olması onlar üçün bir şeyi dəyişmir: "Fərqi varmı? Mən onsuz da pulumu ödəyirəm. Üstəlik bura çox ucuzdur. Nəzarət edən də var. Düzdür, adam tam rahat olmur. Bilmək olmaz da, qeyri-qanuni yerdir. Amma yenə də sərfəlidir. Mənim üçün, bütün sürücülər üçün əsas şey qiymətdir". 

Bu dayanacaqda alınan pullar kimlərinsə cibinə gedir. Dövlət büdcəsinə 1 qəpik də olsun buradakı qazancdan vergi ödənilmir. Nə sürücülərə qəbz verilir, nə də başqa birinə. Vergi orqanlarında uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ciddi qanun pozuntusudur. 

Qanunsuz sahibkarlıq təkcə hər hansı inzibati məsuliyyət tədbiri və ya maliyyə sanksiya ilə məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-ci maddəsində qeyd olunduğu kimi, qanunsuz sahibkarlıq dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurulması, habelə xeyli miqdarda gəlir əldə etməklə törədilməsi başa düşülür.

Qanunvericilik bütün halları nəzərə alır və cəza tədbiri vurulmuş ziyanın və ya əldə edilmiş gəlirin miqdarına müvafiq olaraq tətbiq edilir. Vurulmuş ziyanın miqdarı 1000 manatdan 7000 manatadək olduqda, habelə 1000 manatdan 7000 manatadək olan miqdarda gəlir əldə edilməklə törədildikdə, bu əməl Cinayət Məcəlləsinin 192-ci maddəsilə tənzimlənir. 

Həmin əməli törətmiş şəxsə isə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. Eyni əməllər külli miqdarda (7000 manatdan artıq olduqda) ziyan vurmaqla, yaxud külli miqdarda (7000 manatdan artıq olduqda) gəlir əldə etməklə törədildikdə, yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə, şəxsə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

http://s018.radikal.ru/i524/1701/f0/7c3c15965221.jpg

http://s018.radikal.ru/i507/1701/9d/18f375df8f78.jpg

http://s008.radikal.ru/i303/1701/89/d245f22da876.jpg

http://s41.radikal.ru/i091/1701/e5/165d8651a160.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh