Son iki il: Dəmir yolunda islahatlar mərhələsi - FOTOLAR
Azərbaycanın dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən irihəcmli islahatlar, bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da uğurla həyata keçirilir.
İki il əvvəl hörmətli Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni era başladı. “Azərbaycan Dəmir Yolları” QSC müxtəlif beynəlxlaq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə də ciddi yanaşır. Bu yöndə XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Bu il bağlantının istismara verilməsi gözlənilir.
Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Butun yol boyunca lokomotivlər maneəsiz hərəkət edə bilirlər.
Qeyd edək ki, Azərbaycan Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atdı.
Azərbaycanın xüsusilə önəm verdiyi beynəlxalq nəqliyyat layihələrindən biri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Astara stansiyasından İİR sərhədinədək 8,3 km uzunluğunda yeni dəmir yolu xətti çəkilib. Astara çayı üzərində tikilən körpüdə son tamamlama işləri görülür.
Son iki il ərzində tranzit potensialının artırılması istiqamətində olduqca uğurlu addımlar atılıb. 2015-ci il avqustun 3-dən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunu fəaliyyəti canlandırılıb. Artıq bu marşrut üzrə bir neçə qatar yola salınıb.
13 may 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin “Vikinq qatarı” layihəsinə qoşulub. “Viking train” layihəsi 3 ölkə - Litva, Belarus və Ukraynanı əhatə etməklə yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını əhatə edir.
Son vaxtlar dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb. Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilib.
Bakı sərnişin vağzalında aparılan əsasalı təmir işləri islahatlar prosesinin əsas tərkib hissələrindəndir. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulub, vağzal binasının daxilində tam yenidənqurma işləri görülüb. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib.
Bakı və Sumqayıt şəhərləri arasında mövcud olan sərnişin sıxlığını, eləcə də avtomobil yolunda olan tıxac problemini aradan qaldırmaq üçün bu iki şəhər arasında bir zamanlar mövcud olan dəmir yolu əlaqəsini yaratmaq zamanın tələbi idi. Bunun üçün, ilk növbədə, dəmir yollarının əsaslı təmirinə ehtiyac var idi. 3 mart 2015-ci ildə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verildi, centyabrın 2-də işlər başa çatdırıldı. Onu da qeyd edək ki, hələ 13 may 2015-ci ildə Bakıda “Stadler Rail Group” şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalandı və artıq qatarların beşi də Bakı-sərnişin stansiyasına gətirilib.
2015-ci il sentyabrın 12-də Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yolasalma mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi.
“Azərbaycan Dəmir Yolları” QSC-də gedən yeniləşmə prosesinin əsas tərkib hissələrindən biri yolların əsaslı təmiridir. 2015-ci ilin oktyabr ayında təmir işlərinin növbəti mərhələsinə start verilib, bu günə kimi 200 km-dən artıq dəmir yolu əsaslı təmir edilib. Bununla yanaşı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolu təmir olunur.
Son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. Qazaxstandan 10 ədəd teplovozun alınması üçün müqavilə imzalanmışdır.Artıq teplovozlardan beşi ölkəmizə gətirilib, yük daşımalarinda istifadə olunacaq, sabit cərəyanla işləyən 4 ədəd elektrovoz alınıb.
Eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası arasında 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanmış, qısa müddət ərzində yeni yuk vaqonları ölkəmizə gətirilib.
Hazırda Bakı-Böyük-Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi mərhələlərlə icra olunur. Dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri davam etdirilir.
2016-cı il oktyabrın 12-də “Azərbaycan Dəmir Yolları» QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazası əsaslı təmirdən sonra istifadəyə verildi. Burada yoldəyşən qurğuların yığılması üçün yeni meydança tikilib. Bu meydancada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır. Bu, Azərbaycan Dəmir Yolunun tarixində ilk dəfədir. Artıq 16 yeni yoldəyişən qurğu dəmir yolunun müxtəlif mənzillərində quraşdırılıb.
Aparılan iri həcmli yenidənqurma işlərinini əsas tərkib hissələrindən biri də «Azərbaycan Dəmir Yolları» QSC-nin inzibati binasında əsaslı təmir işlərinin görülməsi oldu. Təmir işləri müasir standartlar səviyyəsində həyata keçirilib, dam örtüyü tamam yenilənib, burada işləyənlər üçün müasir starndartlara uyğun iş şəraiti yaradılıb, bütün iş otaqları mebel və avadanlıqıqlarla, sürətli internet şəbəkəsinə qoşulub, isitmə və soyutma sistemi mərkəzləşdirilib.
Bu dövr ərzində dəmiryolçuların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Cəmiyyət rəhbərliyi ilə MHİRK-in əlbir fəaliyyəti hamını sevindirib. İki il ərzində 150 dəmiryolçu mənzillə təmin edilib. Dəmiryolçuların yenə də mənzillərlə təmin edilməsi nəzərdə tutulur.
Ölkə başçısı İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb. Bakı vaqon deposunda “ASAN qatar” sisteminin tətbiqi ilə bağlı xüsusi vaqonlar hazırlanıb. Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Səyyar “ASAN qatar” vasitəsilə 4 dövlət orqanı tərəfindən 9 növ xidmət göstərilir. Eyni zamanda, qatarda 3 növ funksional yardımçı xidmətlər - foto və tibb xidməti, o cümlədən “Azərpoçt” MMC tərəfindən göstərilən bank xidmətləri təşkil edilib. Fevralın 1-dən 15-dək “ASAN qatar” Qazax rayonunda rayonunda əhaliyə xidmət göstərəcək.
28 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış oldu və görülən işləri yüksək qiymətləndirdi.
29 dekabr 2016-cı il tarixdən daha bir qatar - Naxçıvan - Məşhəd -Naxçıvan beynəlxalq sürət qatarı hərəkətə başladı. Sürət qatarı həftədə iki dəfə (dördüncü və bazar günləri) hərəkətdə olur. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir.
Bunlar görülən işlərin tam siyahısı deyil. Dəmir yolunda islahatlar prosesi davam edir.
Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Son iki il ərzində ölkə polad magistralında “Azərbaycan Dəmir Yolları” QSC-nın sədri hörmətli Cavid Qurbanovun rəhbərliyi ilə aparılan islahatlar bu nəhəng arteriyanın yenilənməsinə və ölkə vətəndaşlarına göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb.
Sevinc Qədirova,
“Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyəti
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi