Reklam

Sumqayıtın “trafik canavarları”: Damaqda siqaret, qulaqda telefon və "ralli yarışları"

Yazarlar 18 Fevral 2016 13:30 Oxunub 2640
Sumqayıtın “trafik canavarları”: Damaqda siqaret, qulaqda telefon və "ralli yarışları"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nə qədər deyilsə də, bununla bağlı vəziyyət dəyişmir

Dünyaşöhrətli almaniyalı pilot Mixael Şumaxer xizək sürərkən qəzaya uğrayaraq komaya düşəndə dünyada xeyli insan çox təəssüfləndi. Onlar dünyaya bir daha Şumaxer kimi pilotun gəlməcəyinə görə kədərləndilər. Amma əbəs yerə. Əgər həmin insanlar Sumqayıtda ictimai nəqliyyatda sərnişin avtobuslarından istifadə etsəydilər, bu cür düşünməzdilər. Onlar öz gözləri ilə görərdilər ki, "Gənclik şəhəri”ndə almaniyalı pilotun "layiqli davamçı”ları var. Sumqayıtın avtobus sürücülərinin yollarda nümayiş etdirdikləri sürət yarışına Şumaxer belə qibtə edərdi. Sürücülərimizlə Şumaxer arasında daha bir oxşarlıq alman dəqiqliyinin olmasındadır. Cədvələ uyğun hərəkət edən sürücülər bir-birinin vaxtına girilməsindən heç xoşlanmırlar. Belə neqativ hal olarkən isə alman intizamını əsas gətirərək qabağa düşmək üçün başlayırlar yolda ötüşməyə.Bu "dəhşət avtobusları”nın sürücüləri avtomobili harada gəldi saxlayır, lazım gələrsə yolun ortasında dayanıb sərnişin götürür, ya da düşürürlər. 























Qəfil əyləci basıb dayanan avtobus arxadan gələn digər sürücülər üçün də kabusa çevrilib. Nə qədər deyilsə də, bununla bağlı vəziyyət dəyişmir.  Sorğu-sual edəndə də "Çörək dalınca” çıxdıqlarını deyən bu başabəla sürücülər dəhşət filmlərində olduğu sayaq yolda "trafik canavarına” çevriliblər. Yolun ortasında içi sərnişin dolu avtobusları dayandıraraq iki sürücünün söhbət etməsi yalnız Sumqayıta məxsus mənzərədir. Bu cür "avtoşluq" edən sürücülər Azərbaycan Avtomobil Federasiyasına müraciət etsələr, onlar da arzularına çatar, Sumqayıt sərnişinlərinin də canı qurtarar.Sürücülərin bəziləri sükan arxasında telefonla danışırlar, siqaret çəkirlər. Hətta onlara irad tutan sərnişinlərlə də kobud danışırlar. 
Bu ilin əvvəlinədək Sumqayıtda kiçik tutumlu avtobusların yığışdırılacağı söylənilsə də, bu baş vermədi. Hələ də sakinlər köhnə, sınıq-salxaq avtobusların "xidmət”indən istifadə etməkdədirlər. Onların bəzilərinin döşəməsi artıq deşilib. (Bax: Sumqayıtda bağlar istiqamətində işləyən 33 saylı marşrut avtobusundan çəkilən foto) 

Avtobusların natəmizliyi, oturacaqların çirki, kiri isə ürək bulandırır. Bəlkə də o avtobusların döşəməsi, tutacaq və oturacaqları illərdir ki, yuyulmur. Antisanitariya hökm sürür, gigiyena qaydalarına riayət edilmir.
Belə əməllər Sumqayıtda ən çox 7 və 30 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda baş verir. Sürücü avtobusda olan sərnişinlərin narahat olmasını nəzərə almır, siqaret çəkməkdə davam edir. 
Onlar sərnişinlərin üstünə bağırmağı, telefonda yüksək səslə danışaraq bir-birini söyməyi, sanki, sevirlər. Bu, onlar üçün "hobbi”yə çevrilib. 
Bu sürücülər, sərnişin götürmək üçün 20 qəpikdən ötrü hər addım başında saxladığı halda, avtobusdan enməyiniz üçün dayanacaqda saxlamağa ərinirlər.
Sumqayıtdakı avtobus sürücülərinə bir qədər iri pul uzatdığınız halda sizin üstünüzə qışqırar, sizi danlayarlar: "Xırda yoxuydu?! Üstündə xırda gəzdir də!!!”
Bu sürücülər, öz şəxsi avtomobillərini idarə edirmiş kimi bayağı, zövqsüz, sənətdənkənar söz və ritm yığınlarını yüksək səslə dinləyir, sizə də dinlətdirirlər.
Onlar könülləri istəyəndə avtobusu ən yüksək sürətlə, istəyəndə də tısbağa sürəti ilə sürərlər. Onlar heç bir qadağa, heç bir sərhəd tanımırlar.Onların avtobusa sərnişin yığması üçün limit yoxdur. 
Onlar üçün saman kimi "pressləmə” prinsipi var. Deyəndə, cavab verirlər ki, bizi qınamayın, plan veririk. Yəqin ki, burda birbaşa sistemi quranlar müqəssirdirlər.
Bu avtobusların içində İŞLƏYƏN və NƏZARƏT EDİLƏN kameralar quraşdırılmalıdır. İşləyən sözünü xüsusi ilə vurğuladım ki, görünüş xətrinə asılan yox, işləyən və nəzarət edilən kameralar lazımdır.

Sərnişinlə kobud rəftar, sükan arxasında siqaret çəkmə, təhlükəli sürmə, dayanacaqdan kənar saxlama, limitdən artıq sərnişin yığma, sərnişinlə yanacaqdoldurma məntəqəsinə girmə, ictimai asayişi pozma (yüksək səslə danışıq, söz və ritm yığınları dinləmə və s.), sükan arxasında telefonla danışma – bunlardan bəzilərinin qanuni cəzası (cəriməsi) olduğu halda tətbiq olunmur. Digərləri də heç nəzərə alınmır. Sanki belə də olmalıdır.Bir məqamı da əlavə edək ki, bu marşrut avtobusdakı sürücülərdə nadir hallarda sürücülük vəsiqəsi olur. Bəzən elə olur ki, yolda bir sürücü düşür, o biri minib sürür.
Söz düşmüşkən, Sumqayıtda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsi deyilən bir qurum var. 

Bu qurumun isə ancaq adı var, fəaliyyəti isə  demək  olar ki, yox dərəcəsindədir. Yaxınlarda bu qurum bəh-bəhlə Sumqayıtda fəaliyyət göstərən şəhərdaxili marşrutların (1dən – 35-ə qədər) hamısında QR Code quraşdılacağı ilə bağlı təqdimat mərasimi də keçirmişdi. Proqramın mahiyyəti ondan ibarət idi ki, əgər sürücü iş zamanı sərnişinlərlə kobud rəftar edərsə, mobil telefonla danışarsa, siqaret çəkərsə, avtomobili yüksək sürətlə idarə edərsə, bu qurğu vasitəsi ilə dərhal məlumat mərkəzinə informasiya göndəriləcək. Məlumat mərkəzində daxil olan informasiya təhlil ediləcək və müvafiq tədbirlər həyata keçiriləcəkdi. 
Amma...Əmması da var. Artıq bu proqramın tətbiqindən əsər-əlamət belə yoxdur. Necə təqdim olunmuşdusa, elə də arxivə göndərildi.
Yeri gəlmişkən, ötən ilin dekabr ayında  Prezident  İlham Əliyevin sərəncamı ilə Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradıldı.
Ümidvarıq ki, bu idarə fəaliyyətə başladıqdan  sonra mövcud olan problemlər öz həllini tapmış olacaq.
Necə deyərlər, yaşayarıq görərik.

- See more at: http://xeberle.com/az/view/19390/sumqaytn-trafik-canavarlar-damaqda-siqaret-qulaqda-telefon-ve-skan/#sthash.7Y1Jqj1F.dpuf

ŞƏRH YAZ
Ad

E-mail

Şərh