Sürücülərə vacib xəbər – Svetoforun rəqəmlərinə fikir verməyin!
Bakının bəzi ərazilərində yollarda çaşqınlıq yaranıb. Bu barədə sürücülər şikayətlənir. Tanınmış jurnalist Əmrah Cəfərov ötən həftə Avtosfer.az-a bildirmişdi ki, yollarda quraşdırılan rəqəmsal işıqforların bəziləri qeyri-dəqiq işləyir. "Həftə ərzində 2-ci dəfə rastlaşdığım olduqca xoşagəlməz və əsəb doğuran hadisədir. Belə ki, rəqəmsal svetaforun qırmızını göstərən son 01 saniyəsi yaşıla keçmək əvəzinə düz yarım dəqiqə donub qalır. Çaşqın vəziyyətə düşən sürücülərdən bəzisi yolu keçir, bəzisi isə digər sürücülər üçün təhlükə yaradaraq, yolayrıcında qalıb gözləməyə məcbur olur. Bununla da yolda əməlli-başlı xaos yaranır. 1-ci gün Xocalı prospektində («Xətai» metrostransiyasının qarşısından Neftçilər Xəstəxanası istiqamətindəki yolayrıcında), 28 May küçəsində (Dəmiryolu İdarəsinin yaxınlığında) belə olaylarlın iştirakçısı oldum. Özü də maraqlıdır ki, bu cür "xuliqan" svetaforların yanında heç vaxt YPX əməkdaşları gözə dəymir".
Avtosfer.az olaraq sürücülərin bu məsələ ilə bağlı bir neçə müraciətini nəzərə alaraq məsələyə bir daha toxunuruq.
Əvvəla, qeyd etmək lazımdır ki, Azərbaycan qanunvericiliyində svetoforlara quraşdırılmış əlavə lövhə, yəni, rəqəmlərin olduğu bölmə ilə bağlı hər hansı müddəa yoxdur. Bunu sadəcə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücüləri məlumatlandırmaq üçün tətbiq etməyə başlayıb. Yəni, bu o deməkdir ki, sürücülər bütün hallarda svetoforun əsas bölməsinin, yəni, rənglərin göstərişlərini üstün tutmalıdırlar. Çünki rəqəmlər əksər vaxtlarda işləməyə də bilər. Ancaq svetofor özü işlək vəziyyətdə olur. Bu baxımdan ki, svetoforun əsas bölməsinin işıqlarına uyğun hərəkət etmək lazımdır. Yəni, tutaq ki, sürücü qırmızı işıqda dayanıbsa, rəqəmlərin azalmasına diqqət etməklə yanaşa, əsas bölmədəki yaşıl işığın yandığına əmin olmalıdır. Çünki indiki qaydalara görə, əgər sürücü rəqəmlər 01 göstərib yaşıla keçmək üzrə olarsa, lakin yaşıl yanmazsa, yəni, qırmızı işığın yanması davam edərsə, sürücü bu halda hərəkətə başlasa qayda pozmuş sayılır. Yol polisi əməkdaşı bu halı aşkar etsə, cərimə yaza bilər. Eyni zamanda, kameralar vasitəsilə də bunu qayda pozuntusu kimi qeydə almaq olar.
Əmrah Cəfərovun toxunduğu məsələdə olduğu kimi, yaşıl işıq 01-də donub qalırsa, o deməkdir ki, NİİM və Dövlət Yol Polisi İdarəsi yolayrıcında, kəsişmədə sağdan və ya düzünə hərəkət edən nəqliyyat vasitələrinin sıxlığını azaltmaq üçün həmin istiqamətdə nəqliyyatın axınını sürətləndirir. Bu səbəbdən də rəqəmlər dondurulur. Bu vəziyyəti inspektorlar da nizamlaya bilir. Məsələn, inspektor svetoforda yaşıl işıq yananda belə avtomobillərin hərəkətinə icazə vermir və digər yoldakı nəqliyyat vasitələrinin axını davam etdirilir. Svetoforda rəqəmlərin dondurulması da eynən bu missiyanın yerinə yetirilməsi deməkdir.
Bu gün Bakıda 300-ə yaxın svetofor obyekti varsa, hər bir svetofora bir DYP əməkdaşı təhkim etmək düzgün deyil. Bu baxımdan, Bakıda yol hərəkətini təşkil edənlər müasir texnologiyanın tətbiqi ilə bu işi bir düymə ilə yerinə yetirirlər. Lakin çalışmaq lazımdır ki, sürücüləri çaşdırmamaq üçün başqa üsullar tətbiq edilsin. Məsələn, həmin anda svetoforda rəqəmlərin işıqlarını söndürmək olar ki, sürüücülər ona yox, əsas bölməyə diqqət etsinlər.
Ümid edirik ki, bu izahdan sonra sürücülər rəqəmlərə yox, əsas işıqlara diqqət edəcəklər…
Elməddin Muradlı