Reklam

Sürücülərə xəbərdarlıq: "Ayaq tərləyir və sürüşür"

Yazarlar 5 İyun 2017 16:59 Oxunub 8240
Sürücülərə xəbərdarlıq: "Ayaq tərləyir və sürüşür"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Vyetnamka"da və çəkələkdə…

Yayda insanların çoxu mövsümə uyğun olaraq, daban hissəsi açıq ayaqqabılar, barmaqarası tərlik ("vyetnamka"), çəkələk geyməyə üstünlük verir. Bəzi sürücülər isə, hətta avtomobili də yay ayaqqabıları geyərək idarə edirlər. Mütəxəssislərə görə, belə ayaq geyimləri qəzaların baş vermə riskini artırır. Qanunvericilikdə ayaq geyimi ilə bağlı heç bir qadağa olmasa da, Dövlət Yol Polisi sürücülərə tövsiyə edir ki, avtomobil idarə edən zaman rahat, qapalı ayaqqabılara üstünlük versinlər.

Avtosfer.az xəbər verir ki, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev sputnik-ə açıqlamasında bildirib ki, DYP sürücülərə nəqliyyat vasitəsini dabanı açıq ayaqqabılarla idarə etməməyi tövsiyə edir: "Nəqliyyat vasitəsini ayaqyalın idarə etmək də təhlükə yaradır. Çünki sürücünün özünün də xəbəri olmadan ayağının altında kiçik daş qırığı, şüşə qırığı qala bilər. Həmin qırıntı pedalla ayağın altı arasında qalsa, sürücü ekstremal vəziyyətdə əyləci bassa, həmin qırıntı onun ayağına batacaq və sürücü özündən asılı olmayaraq ayağını pedaldan çəkəcək. Bu da qəza vəziyyəti yarada bilər".

K. Əliyevin sözlərinə görə, dabanı açıq ayaqqabılarla nəqliyyat vasitəsi idarə edərkən ayaqqabının hər an ayaqdan çıxma, pedala ilişib qalma ehtimalı artır. DYP-nin sürücülərə tövsiyəsi də bundan irəli gəlir: "Sürücü avtomobil idarə edərkən dabanını yerə dirəyir. Açıq ayaqqabıda sürücü dabanını elə saxlayanda açıq ayaqqabı ayaqdan sürüşür, bu da sürücünün çaşmasına və qəzanın baş verməsinə səbəb ola bilər. Amma konkret olaraq qanunvericilikdə ayaq geyimi ilə bağlı hər-hansı bir qadağa yoxdur. Buna görə də, heç kim cərimə edilə bilməz".

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlının sözlərinə görə, daban hissəsi açıq ayaqqabılar, "vyetnamkalar", çəkələklər və s. bu kimi ayaqqabılarla avtomobil idarə etməklə bağlı qanunvericilikdə heç bir qadağa yoxdur:

"Amma sükan arxasında olan sürücünün ayaq geyiminin onun çevikliyinə böyük təsiri var. Açıq ayaqqabılarda ayaq sürüşə bilər, müəyyən hərəkətlərə mane ola bilər. Qəza zamanı saniyənin belə böyük hökmü olur. Yəni saniyə içində sürücü ayağı ilə əyləci sıxa bilməsə, qəza baş verəcək. "Vyetnamka"da və çəkələkdə ayaq tərləyir və sürüşür, bu da çevikliyə mane olur".

 

Ekspert bildirir ki, insanlar təhlükəsizliyi düşünürsə, avtomobil idarə edərkən belə ayaqqabılar geyməməlidir. Muradlı deyir ki, bu tip ayaq geyimləri ilə adətən qadın sürücülər avtomobil idarə edir: "Ümumiyyətlə, alimlər sübut edib ki, qadınlar qəza zamanı gecikir. Bir az bu gecikmə, bir az ayaq geyiminin təsiri qəzanın baş verməsinə səbəb olur. Buna görə də, istər qadın, istərsə də kişi sürücülər avtomobil idarə edərkən qapalı, rahat ayaq geyiminə üstünlük verməlidir". 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh