Sürücülərin belə davranmasına səbəb nədir? - Hadisə yerindən qaçanlar
Günü-gündən yol qəzalarının sayı artır. Sürücülərin piyadaları vurub hadisə yerindən qaçması isə artıq sanki bir vərdiş halına çevrilib. Sürücülər vurduğu piyadaya kömək etməkdənsə, qaçıb aradan çıxmaq üsulunu seçirlər. Bu il ərzində baş vermiş hadisələrdən bir neçəsini təqdim edirik:
“9 mart 2017-ci il tarixində Bərdədə iki müxtəlif yerdə piyadaları vurub qaçan sürücünün eyni adam olduğu müəyyənləşdirilib. Müəyyən edilib ki, hər iki hadisə “NAZ-Lifan” markalı, 59 BD 526 nömrə nişanlı avtomobillə törədilib. Avtomobilin sürücüsü maşınla Bərdə şəhərində Heydər Əliyev prospektində yolu keçmək istəyən 17 yaşlı İlqar Məmmədovu vurduqdan sonra hadisə yerindən qaçıb. İlqar Məmmədov yaxınlıqdakı şəxslərin köməyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib. Sürücü T.Vəliyev avtomobillə Tərtər istiqamətində qaçmaq istəyərkən Bərdə-Tərtər yolunda yol kənarını süpürən Bərdə rayon Yaşıllaşdırma İdarəsinin süpürgəçisi, 63 yaşlı Məlahət Yusifovanı vurub. Qadın aldığı xəsarətdən ölüb, sürücü isə hadisə yerindən qaçıb”.
Digər bir hadisə isə yanvarın 15-də Tovuz rayonunda baş verib. Mirzə Ələkbər Sabir küçəsində naməlum avtomaşın 1993-cü il təvəllüdlü Namazov Röyal Vilayət oğlunu vuraraq hadisə yerindən qaçıb. Müxtəlif bədən xəsarətləri alan piyadanı yoldan keçən başqa şəxslər görərək Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır”.
Bəs görəsən sürücülərin belə davranmasına səbəb nədir? Həmin vaxt sürücülərin psixoloji durumu hansı vəziyyətdə olur?
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Elnur Rüstəmov bildirdi ki, ümumiyyətlə, bu halı bütün sürücülərə şamil etmək düzgün olmazdı: “Bu asılıdır sürücünün durumundan, onun psixoloji vəziyyətindən. Ola bilər ki, misal üçün, sürücü anlaqlı vəziyyətdə olmasın. Ola bilər ki, sürücü həmin anda özünü itirmiş olsun, özünü toparlaya, yaxud, ələ ala bilməsin. Yəni, stress halından dolayı onda bu hallar baş verə bilər. Sürücü o situasiyada bədbəxt hadisə nəticəsində vurduğu piyadaya kömək etmək əvəzin, hadisə yerindən uzaqlaşır. Yəni, bu hadisənin bir çox səbəbləri ola bilər. Bütün hallarda bunlar tövsiyyə olunmur”.
E.Rüstəmovun fikrincə, burada bir şeyi də nəzərə almaq lazımdır ki, yol hərəkətində baş vemiş bədbəxt hadisələrdə həm sürücü, həm də piyadanın özü də bəzən günahkar olur: “Və piyadaların yol-hərəkəti qaydalarına əməl etməməsi səbəbindən də bədbəxt hadisələr baş verir. Hətta, o piyadaların içərisində bəzən elə piyadalar olur ki, qəza baş verən zaman özləri sərxoş vəziyyətdə olurlar, anlaqlı vəziyyətdə olmurlar. Və bunun da nəticəsində bədbəxt hadisələr baş verir. Burada hər iki tərəfdən də məsuliyyətli olmaq tələb olunur. Yaxud biz görürük ki, piyada keçidi olsa da, piyada başqa bir yerdən, piyada zolağı olmayan yerdən keçir. Bütün hallarda hər iki tərəf bu məsələdə tolerant davranmalıdır, bir-birinə anlayış göstərməlidirlər. Bədbəxt hadisə baş verirsə, nəinki bu bədbəxt hadisəni törədən insan, digər sürücülər və ətrafdakı insanlar da bu məsələdə onlara dəstək olmalı və kömək etməlidirlər”.
Könül Əhmədova