Reklam

Taksi sürücüsü xanım müştərisini kimsəsiz yerə apardı: "Gəl sükan arxasına..." – Şok təfərrüat

Yazarlar 16 Dekabr 2024 21:00 Oxunub 212
Taksi sürücüsü xanım müştərisini kimsəsiz yerə apardı: "Gəl sükan arxasına..."  – Şok təfərrüat
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Suraxanı rayonunda 1998-ci il təvəllüdlü İlqar avtomobilinə sərnişin qismində əyləşmiş Sevdaya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Avtosfer.az "Teleqraf.com"a istinadla xəbər verir ki, hadisə 26 mart 2024-cü ildə baş verib.

İlqar həmin gün saat 16:50-də idarə etdiyi “Mercedes Benz V220 CDİ” markalı taksi avtomobilində sərnişini Sevdanın tanış olmaq təklifinə təhqiramiz reaksiya verməsi səbəbindən onunla mübahisə edib.

Münaqişə zamanı Sevdanın sağ əlini sıxıb, baş nahiyəsinə şillə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, etibarnamə əsasında “Mercedes Benz V220 CDİ” minik markalı avtomobili idarə edir: “Taksi fəaliyyəti ilə məşğul oluram, sifarişlə müştəriləri ünvanlara aparıram, sifariş olmayanda isə "Koroğlu" metrostansiyasından Yeni Ramana qəsəbəsinə 1 manata sərnişin daşıyıram”.

“Özü haqqında danışdı”

Təqsirləndirilən şəxs qeyd edib ki, martın 26-da saat 16:50-də "Koroğlu" metrostansiyasının yaxınlığında dayanıb və müştəri yığmaq üçün avtomobilin pəncərəsini açaraq çağırış edib:

“Əvvəllər tanıdığım Sevda adlı qadın avtomobilimə yaxınlaşaraq Yeni Ramana qəsəbəsinə gedəcəyini, avtomobilin qabaq oturacağında oturmaq istədiyini bildirdi. Dedim, qabaq oturacaq boşdur, istəyirsə minsin. Sevda qabaq sağ oturacağa əyləşdi. Bir müddət gözlədikdən sonra müştəri olmadığı üçün üzü Yeni Ramana tərəfə hərəkətə başladıq.

Avtomobildə bir mən, bir də Sevda idi. Yolda bir-birimizə tanışlıq verdik. Sevdaya bildirdim ki, eyni məktəbdə, yəni Sabunçu rayonu, Yeni Ramanada yerləşən orta məktəbdə oxumuşuq. O da özü haqqında danışdı, bildirdi ki, dükanda satıcı işləyir”.

“Söhbət etmişəm, zorlamağa cəhd göstərməmişəm”

İlqarın sözlərinə görə, Suraxanı rayonundakı “Buta Palace” şadlıq sarayının yaxınlığında olanda Sevda özünün də avtomobil sürə bildiyini deyib: “Dedim ki, əgər istəyirsə, avtomobili sürmək üçün ona verə bilərəm. O da mənimlə razılaşdı, avtomobili “Buta Palace” şadlıq sarayının yaxınlığında saxladım, Sevda qabaq sağ oturacaqdan düşərək sükan arxasında əyləşdi.

Sevda bir müddət avtomobili idarə etdikdən sonra maşını saxladı. Mən yenidən sükan arxasına keçdim. Avtomobili sürərək Yeni Ramana qəsəbəsində, "Qaçqınlar" deyilən məktəbin yaxınlığında olan məhəllələrin birində saxladım. Sevda ilə avtomobilin içərisində bir az söhbət etdik. Söhbət zamanı onun məndən xoşlandığını düşündüm, əlaqə saxlamaq üçün mobil telefon nömrəsini soruşdum.

Bu zaman Sevda etiraz edərək təhqiramiz ifadə işlətdiyi üçün aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşərək ona bir şillə vurdum və əlindən tutdum. Sevda səs-küy salaraq məni təhqir etməyə başladı. Bildirdi ki, məni tutduracaq.

Mən qorxdum və qapını açaraq Sevdadan avtomobildən düşməyini bildirdim. O, avtomobildən düşdü, mən həmin yerdən uzaqlaşaraq yaşadığım evə getdim.

Sevdaya qarşı əxlaqsız hərəkətlər etməmişəm, onu zorlamağa cəhd göstərməmişəm”.

“Basırığa düşməyim deyə...”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Sevdanın sözlərinə görə, universitetlərdən birinin tələbəsidir:

“Martın 26-da saat evə getmək üçün "Nəriman Nərimanov" metrosundan "Koroğlu" metrosuna gəldim. Saat təxminən 17 radələrində "Koroğlu" metrosunun üstündə üzü Mərdəkan istiqamətində dayanaraq 1 manatlıq taksi gözləyirdim ki, Yeni Ramana qəsəbəsinə, evimə gedim.

“Mersedes” markalı avtomobilin sürücüsü İlqar piyada mənə yaxınlaşaraq Ramana qəsəbəsinə gedib-getmədiyimi soruşdu. Cavab verdim ki, bəli, gedirəm. İlqar Ramana qəsəbəsinə getdiyini bildirdi, mən də razılaşaraq avtomobilə yaxınlaşdım. Avtomobil mikroavtobus tipli idi.

Mən avtomobilin qabaq sağ oturacağının boş olduğunu gördüm və fikirləşdim ki, arxa oturacaqlara adam yığılacaq, basırığa düşməyim deyə ön oturacağa əyləşdim”.

“Etiraz etmədim”

Zərərçəkmiş şəxs qeyd edib ki, İlqar təxminən 3 dəqiqə gözlədikdən sonra avtomobilə müştəri minmədiyi üçün hərəkətə başlayıb: “Ondan başqa müştəri gözləməməsinin səbəbini soruşdum. Bu vaxt müştəri olmur deyərək hərəkətə davam etdi. Yolboyu mənimlə ümumi söhbətlər etməyə başladı. Yol üstündə yanacaqdoldurma məntəqəsinə sürərək avtomobilə yanacaq vurdu. Oradan maşını “Buta Palace” restoranının yanında boş əraziyə sürdü və avtomobili saxladı.

İlqardan maşını nə üçün saxladığını soruşdum. Mənə avtomobil sürməyi öyrətməyi təklif etdi. Avtomobil sürmək çoxdankı arzum olduğu üçün etiraz etmədim və sükan arxasına keçdim.

İlqar mənə avtomobili irəli doğru idarə etməyi başa saldı. Bir qədər sonra sükan arxasından düşərək ön oturacağa əyləşdim.

Yeni Ramana qəsəbəsinə hərəkət edərkən İlqar xahiş etdi ki, arxa oturacağa keçim, kənardan heç kim görməsin. Mən də onun səmimi olduğunu fikirləşdim, kənar şəxslərin avtomobildə məni tək qabaq oturacaqda görməsin deyə arxa oturacağa əyləşdim”.

“Fikirləşdiyi qızlardan deyiləm”

Sevdanın ifadəsinə görə, İlqar avtomobili tanımadığı küçədə saxlayıb və arxaya boylanaraq ona baxıb:

“Qəfil arxa oturacağa keçərək əlaqə saxlamaq üçün mənim mobil telefon nömrəmi soruşdu. Mən etiraz etdiyim üçün aramızda mübahisə baş verdi. Mübahisə zamanı əlimlə İlqarı özümdən kənarlaşdırmaq məqsədi ilə itələdim. O, mənim baş nahiyəmə əli ilə bir zərbə vurdu. Əlimi sıxaraq məni saxladı”.

Sevda qeyd edib ki, İlqar münasibət qurmaqda onun da maraqlı olduğunu düşündüyünü deyib: “Mən də cavab verim ki, ona görə səmimi münasibət qurub danışmamışam ki, mobil telefon nömrəmi istəyəsən. Sənin fikirləşdiyin qızlardan deyiləm, məni evimə apar.

Bundan sonra İlqar xahiş elədi ki, inda polisə şikayət etməyim. Dedim ki, bu barədə heç bir şikayət etməyəcəm. İlqar məni evimə yaxın məsafədə maşından düşürərək getdi”.

“Barışmışam, şikayətim yoxdur”

Sevda deyib ki, İlqarın hərəkətlərindən əsəbləşib və bu barədə evdə valideyinlərinə danışıb: “Daha sonra 31-ci Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etdim. Hadisə ifadəmdə göstərdiyim kimi baş verib. Yəni İlqar mənim dodaqlarımdan öpməyib, köynəyimi qaldıraraq sinəmə toxunmayıb. Eləcə də mənimlə cinsi əlaqədə olmaq istəməyib. Hadisə zamanı İlqarla səmimi münasibət yaratdığımdan istifadə edərək mobil telefon nömrəmi istəməsi xoşuma gəlməyib.

İlqarla səmimi söhbət etməyim ona dəlalət etmir ki, mobil telefon nömrəmi istəsin. Ona görə əsəbləşərək İlqarın barəsində 31-ci Polis Şöbəsinə şikayət etmişəm.

Mən heç vaxt belə bir vəziyyətə düşməmişəm. Həmin vaxt mən qorxmuşam və hadisədən çox həyəcan keçirmişəm.

Hazırda isə fikirləşirəm ki, mənim İlqara gücüm çatmazdı, istəsəydi mənimlə əxlaqsız hərəkətlər edərdi. Mənim onu itələyərək özümdən kanarlaşdırmağıma fikir verməyə bilərdi, mənimlə zorla öpüşərdi, digər əxlaqsız hərəkətlər edərdi. Yəni İlqar məndən fiziki cəhətdən güclüdür.

İlqar mənə qarşı əxlaqsız hərəkətlər etməyib. İlqarla barışmışam, ona qarşı şikayətim yoxdur”.

Zorlama ittihamı niyə dəyişdirilib?

Məhkəmədə məlum olub ki, ilkin istintaq zamanı fakt üzrə Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə ilkin araşdırma zamanı zərərçəkmiş və təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilib. Üzləşmə zamanı Sevda İlqar tərəfindən təcavüzə məruz qaldığını israrla deyib.

Bundan sonra İlqarın barəsində Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə ittiham elan edilib və həmin il martın 28-də onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra sentyabrın 4-də İlqarın həbs müddəti 2 aya qədər artırılıb.

İstintaqın sonrakı dövründə İlqarın ittiham olunduğu Cinayət Məcəlləsinin 150.1-ci maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilib. Buna səbəb İlqarın Sevdaya qarşı əxlaqsız hərəkətlər etməsinin sübuta yetirilməməsi olub.

Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxs ondan şikayətçi olmayıb.

Buna görə də İlqarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh